PDF Oxu

Siyasət

  • 5 628

Qarabağın baharı bu il bir başqa gəlir - TƏHLİL

Qarabağın baharı bu il bir başqa gəlir - TƏHLİL

Düz 30 il idi ki, bilmirdi bahar nədir Qarabağ. Vətənindən qoparılmışdı, sinəsi qan, gözü yaşlı idi. Bahar gəlib bu yurdun qapısından boylanıb sakitcə çəkilib gedirdi. Qarabağ ona qoynunu açmırdı, “gəl, baharım, gəl”,- demirdi. Daha doğrusu deyə bilmirdi. Çünki illərlə sadəcə qış ömrünün saçlarına ələdiyi qar buzlaşıb hər telindən asılı qalmışdı. Son baharı 30 il əvvəlki baharda qalmışdı. Bu bahara neçə illərin qışı elə sitəm etmişdi ki, qərinəyə yaxın iliyinə işləyən soyuq-sazaqdan üzü donuqlaşmış, dili tutulmuşdu, bahara “gəl” deyə bilmirdi. Bahar da sanki küsmüşdü Qarabağdan. Bu yurd onu başqa yurdlar kimi təntənə ilə qarşılamadığı üçün günəşin zərrin şüalarını əsirgəyirdi. Bu səbəbdən də Qarabağın qaş-qabağı heç açılmırdı. Üşüyürdü, ana qucağından ayrı düşmüş uşaq kimi. Ağlayırdı-sızlayırdı ana sevgisi üçün. Necə qarşılayardı baharı? Hansı gününə yazı qarşılaya bilərdi. Onun yazı yazısıydı, alın yazısı...

30 il Vətəninə həsrət yazısıydı. Yurddaşının səsinə həsrət idi yazısı. Bu torpaq doğmasının addımını istəyirdi sinəsi üstə. O addımlarla fəsilləri dəyişirdi: qışına yaz gəlirdi, çöl-çəməni laləzara dönürdü. Bel, kətmən, kərənti səsi zəhmətin nəğməsinə çevriləndə hüzur tapırdı. Bu zaman yazı yayı, yayı payızı gətirirdi. Sinəsində alın təri bol məhsula çevriləndə gülümsəyirdi, gülürdü, güldükcə də gün doğurdu ömrünə. Ta ona qış nə edə bilərdi ki...

2020-nin payızı Qarabağın yazı oldu

Kim deyərdi ki, 30 ildə bahar yaşamayan Qarabağın ömrünə bir payız yaz gələcək. Baharın ilıq nəfəsindən oyanmayan bu yurd payızın soyuq-sazağını necə yazına çevirəcək. Çevirərmiş demək ki. Otuz ildə doğmalarının nəfəsinə həsrət qalan Qarabağ ayaq səsindən tanıdı ki, onlar gəlib. Uğrunda 44 gün gedən döyüşlərdə mərmilərin səsindən anladı ki, xilaskarı gəlib. Əsgərimiz düşmən gülləsinə tuş gələndə axan qanı torpağa hopduqca anladı ki, bu payız əvvəlki payızlardan deyil. Xəzəlini əsgərimə yastıq edəndə uzanan ana əlinin ona çatmaqda olduğunu hiss etdi. Düşmən hər gün bir az sinəsindən qoparılanda o günün uzaqda olmadığını duydu.Qarabağın bu günü üçün 20 ilə yaxın idi ki, hazırlıq gedirdi. Ölkəmizin rəhbəri bütün çıxışlarında, bayram, əlamətdar günlərlə bağlı təbriklərində bu günün gəlib çatacağını vurğulayırdı. Sülhlə, sakitliklə olmasa da, müharibə yolu ilə torpaqlarımızın işğaldan azad olunacağını bildirmişdi. Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmışdı. Lakin bu səsə səs verən yox idi. Kimsə Azərbaycanın düşdüyü bəladan xilasına köməklik göstərmək fikrində deyildi. Belə olanda isə torpaqlarımız müharibə yolu ilə alınmalı idi. Alındı da. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Milli Ordumuz şücaət göstərdi. Gənclərimizin hünər və rəşadətindən dünya danışdı. Vətən sevgisi, vətənpərvərlik necə olar, bunu hər bir vətəndaşımızın timsalında gördülər. Oturduğumuz yerdəcə evlərimiz bombalandı, həyət-bacamız dağıdıldı, “Olsun, ölkəmizin başçısı bizə ev də verəcək, ziyanımızın da hər biri ödənəcək”,- dedik. Ta ki, torpağımız geri

alınsın. Çünki illər boyu erməni təxribatları nəticəsində evsiz-eşiksiz qalan hər bir vətəndaşa bu münasibət göstərilmişdi.Həmrəyliyimiz döyüş məharətimizə, birliyimiz gücümüzə çevrildi. Övladlarımızı itirdik. Şəhid atası, anası olduq. Şəhidimizin üzünü görmədiyi körpələrin baba-nənəsi olduq. Ürəyimiz sızladı, lakin namusumuz olan torpağımızı geri qaytardıq.Payızın 44 günündə Qarabağa bahar gəldi. Şəhid qanı torpağı suvardıqca bağ-bağçalar gül açdı. Hər bir rayona, şəhərə, kəndə üçrəngli bayraqlarımız asıldıqca günəş onun dalğasından ilham alıb payızın sazaq-soyuğunu qovacaq qədər parladı. Qarabağa payızda bahar gəldi...

İlaxır çərşənbən mübarək, Qarabağ

Bahar Azərbaycanın həm yazı, həm Novruzudur. Novruz bu xalqın qədim tarixə söykənən milli bayramı, özünəməxsus zəngin milli dəyərlərinin saxlanc yeridir. Bu dəyərlər içində ən gözəli isə bayramqabağı əzizlərimizin qəbirlərinin ziyarət olunmasıdır. Hər il Novruzdan əvvəl hər kəs qəbiristanlığa gedər, dünyasını dəyişən yaxınlarını ziyarət edərlər. Həmçinin ötən Novruzdan sonra dünyasını dəyişənlərə “qara bayram” deyilən dini mərasim keçirilər, adlarına ehsan verilər, ruhlarına dualar oxunar, qəbirləri ziyarət olunar. Bu xüsusiyyətlər həm də əziz bayram olan Novruzun dini xarakter daşıdığını şərtləndirir.

Qarabağ indi minalardan təmizlənir. Biz hələ o torpaqlara gedə bilməsək də, ötən il də, bu il də yurd yerlərimizdə uyuyan əzizlərimizin ruhu onları ziyarət etmişik kimi şad oldu. Çünki artıq onların ruhu işğal altında olan torpaqlarda deyil, azad torpaqlarda dolaşır.Budur, artıq ilaxır çərşənbəsi özündən əvvəlki üç çərşənbəni arxada qoyub bizi baharın biraddımlığına gətirib çıxardı. İlaxır çərşənbən mübarək, Qarabağ. Ocaqların gur yansın. Bu odun istisi qarşıdan gələn baharın ilıq nəfəsinə qarışıb sənə gözəl bir yaz gətirsin. Ötən il şəhidlərimizə “qara bayramlar” verdik. Dünənədək yurddaşlarının həsrətini çəkib göz yaşı tökürdün. 44 gündə torpağa verdiyin üç minədək şəhidin üçün ağladın, onlara yas tutdun. Bütün xalq heç bilmədi çərşənbələr, Novruz necə gəldi, necə getdi.Builki Novruzunu şadyanalıqla qarşıla, Qarabağ. Qoy torpağın gülsün, dağın-düzün, çölün-çəmənin bayram etsin. Yurduna bahar gəlir. 30 il qəmdən-qüssədən yaxına buraxmadığın bahar. Şəhidlərin al qanıyla bağrında al çiçəklər açılan bahar. Qoy baharın allı-güllü gəlsin. O güllərdən dərib dəstə bağlayasan, hər il şəhidlərinin məzarlarını ziyarət edib sənə bu günləri nəsib edən o gənclərə dualar oxuyasan.İlaxır çərşənbən mübarək, Qarabağ. Qoy tonqalların gur yansın. Qonşuluqdakı düşmən bu tonqallarda yanan arzuları ilə sənə həsəd aparsın. Tək sənə deyil, bütövlükdə Azərbaycan xalqına. Çünki onlar heç vaxt bu millət qədər gözütox, müdrik, mərd ola bilmədilər. Başqasının torpaqları hesabına özlərinə Vətən düzəldən düşmənin bəd nəzərləri qoy tonqallarında yansın. Bir xalqın öz rəhbərinin ətrafında birləşib nələrə qadir olduqlarını bəlkə bu tonqallar onlara başa sala. Anlayalar ki, 30 il əvvəl Qarabağı onlara satan üzdəniraqlar heç vaxt bu millətin nümayəndəsi ola bilməzlər. Onlar nə vaxt var olsalar, bu tonqallarda yanıb kül olacaq, tarixin zibilxanasına atılacaqlar.Bu xalqın əzmiylə, gücüylə, həmrəylik, birliyilə qazandığın azadlığın mübarək, ilaxır çərşənbən mübarək, Qarabağ!

Bu bahar Qarabağa bir başqa gəlir

Bu bahar Qarabağın taleyində heç vaxt olmayan bahardır. Axı Qarabağ heç müstəqillik də görməmişdi. Xalq müstəqilliyi yenicə qazanmışdı ki, Qarabağ işğal olundu. Müstəqillik sevincini doyunca yaşamadı. Bir-birinin ardınca rayon, şəhər, kəndləri əlindən alındı, yurddaşları ata-baba ocağından, doğma ev-eşiyindən didərgin salındılar. Qapıları bağlı qaldı. Ürəkləri yurd həsrəti ilə qübar bağladı. İllərlə qaçqın, köçkün həyatını yaşamalı oldular. “Torpağım, yurdum” deyə-deyə minlərlə insan dünyasını dəyişdi, Qarabağ torpağında-öz yurdunda deyil, ayrı-ayrı yerlərdə torpağa tapşırıldılar.Bu bahar həqiqətən Qarabağın bir başqa baharıdır. Müstəqil Vətəninə qovuşduğu, sinəsində abadlıq, bərpa işlərinin aparıldığı bahardır. Ötən həftə Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalandığı bahardır. Ermənilərin kənardan sadəcə seyrçi olaraq bu memorandumu izlədiklərinə, ağılsızlıqları ucbatından ondan yararlana bilmədiklərinə şahid bahardır.

Bu bahar Qarabağın qarşısında yeni üfüqlər açacaqdır. Buraya investisiya qoymaq istəyən iş adamlarının, sahibkarların sayı günü-gündən artır. Bu isə o deməkdir ki, Qarabağ çox yaxın gələcəkdə əvvəlkindən də gözəl, müasir, abad görkəmə qovuşacaq, yurddaşları bu torpaqlara qayıdacaq, burada yaşayacaq, Qarabağın 30 illik yurddaş həsrətinə son qoyacaqlar.Bu bahar bütün mənalarda yeni baharların təməlidir Qarabağ üçün. Hələ qarşıda nə baharlar yaşayaq Qarabağ...

Mətanət MƏMMƏDOVA

Digər xəbərlər