Gürcü politoloqu və eksperti Malxaz Varşanidze “Caliber.Az”-a müsahibəsində dünyadakı və Cənubi Qafqazdakı proseslər haqda fikirlərini bildirib. SİA müsahibənin tərcüməsini oxucularına təqdim edir.
- Rusiya və Gürcüstan iqtisadiyyatları arasında sıx əlaqələri nəzərə alsaq, Qərbin tətbiq etdiyi anti-Rusiya sanksiyalarının ölkənizə təsir edəcəyini düşünürsünüzmü?
- Hesab edirəm ki, onlar öz əksini tapacaq, çünki bu sanksiyalar bazara və valyutalara birbaşa təsir göstərir. Bundan əlavə, burada pul köçürmələri əsas rol oynayacaq, çünki bir çox gürcülər Rusiyada yaşayır və burada köçürmələr edirlər. Təəssüf ki, Gürcüstan Rusiyanın enerji resurslarından asılıdır, çünki bildiyiniz kimi, əvvəlki hökumət bizim enerji obyektlərini Rusiyaya satmışdı. İndiki hakimiyyət bəzilərini alıb, amma bu, çox azdır.
- Sanksiyaların tətbiqindən sonra Rusiyadan Gürcüstana pul köçürmələri azalıb, yoxsa hələ də eyni səviyyədədir?
- Rusiyadan Gürcüstana pul köçürmələri azalıb. Avqust müharibəsi zamanı da azaldı, sonra praktiki olaraq heç bir köçürmə olmadı.
- Rusiyanın Gürcüstana turist axınını nəzərə alsaq, bu sanksiyalar bu sahəyə necə təsir edəcək?
- İndi bizdə birtərəfli viza sistemi var. Rusiyalı turistlərin Gürcüstana gəlişinə gəlincə, mən hesab edirəm ki, Qərbin sanksiyaları tətbiq edəndən sonra onlar, əksinə, Gürcüstana axışmağa başlayacaqlar. Təbii ki, Rusiyanın iqtisadi vəziyyətini nəzərə alsaq, hamı gələ bilməyəcək, amma çoxları gəlib uzun müddət qalacaq, çünki mənim hesablamalarıma görə, bu müharibə tezliklə bitməyəcək.
- Gələcəkdə Gürcüstanın sanksiyalara qoşulması mümkündürmü?
- Hesab edirəm ki, Avropa və Amerika qlobal səviyyədə sanksiyalar tətbiq etsə, Gürcüstan da onlara qoşulacaq. Gürcüstanın baş nazirinin təminatlarına baxmayaraq, bizim bank sektorumuz da tədricən bu sanksiyalara qoşulur. Təbii ki, Qərblə eyni səviyyədə onlara qoşula bilməyəcəyik, çünki sonda özümüz itirəcəyik.
Ən elementar şeyi götürək: bunu etsək, ölkənin 70%-i işıqsız qalacaq. Bu sanksiyalara öz resursları olan dövlətlər qoşula bilər. Lakin Gürcüstanda bunlar yoxdur. Ona görə də hesab edirəm ki, hökumətimiz qlobal səviyyədə sanksiyalara qoşulmamaqla müəyyən dərəcədə düzgün addım atdı, çünki bu, Rusiya-Gürcüstan münasibətlərinin kəskinləşməsinə gətirib çıxaracaq.
- Rəsmi Tbilisinin Aİ-yə daxil olmasını sürətləndirmək qərarını necə qiymətləndirirsiniz?
- Prinsipcə, xüsusilə belə mühüm bir dövrdə ərizə verməklə düzgün addım atıblar. Və qəbul faktı artıq vəziyyətin özündən asılıdır. Ola bilsin ki, məhz belə bir konfliktli dövrdə bu müraciət təcili qəbul olunacaq, bəlkə də əksinə, amma hər halda inanıram ki, bu proses daha da güclənəcək.
- Gürcüstanın NATO-ya daxil olması üçün hansı perspektivlər var?
- NATO-ya qəbul səsvermə yolu ilə baş verir, təbii ki, bütün aspektlər nəzərə alınır. İndi deyirlər ki, bizdə siyasətdə Kreml yönümlü kurs var, amma bu heç də belə deyil. Təəssüf ki, Ukraynanın NATO-ya daxil olmaq istəyi dəhşətli nəticələrə gətirib çıxardı və eyni şey Gürcüstanla da baş verə bilər, çünki fikrimcə, Kreml indi bütün diqqətini keçmiş Sovet İttifaqının dirçəlişinə yönəldib və əgər nəsə onun maraqlarına uyğun getməsə, o, öz işini görməyə başlayır. Baltikyanı ölkələr o dövrdə sadəcə şanslı idilər. Amma Gürcüstan üçün daha çətin olacaq.
- Qarabağ münaqişəsinin Azərbaycan tərəfindən həllinə münasibətiniz necədir?
- Mən müsbət mənada hər iki dövlətin yaxınlaşması yollarının axtarışına başlanmasını xüsusilə dəstəkləyirəm və ümid edirəm ki, regionumuz gələcəkdə inkişafa yönəlmiş dost ölkələrin ittifaqı olacaqdır. Mən daha çox əminəm ki, Bakı ilə İrəvan arasında sülh yaranacaq. Burada, Gürcüstanda ermənilər də, azərbaycanlılar da münaqişə etmirlər və ən çətin məsələləri belə sülh yolu ilə müzakirə edirlər. Rusiyanın indiki siyasəti puça çıxsa, bu, bizim regiona çox yaxşı əksini tapacaq.
- İşğal olunmuş ərazilərin qaytarılması üçün ölkəniz hansı addımları atır?
- Gürcüstan Rusiyanın regionlarımızı işğal etməsi ilə bağlı bütün həqiqətləri dünya platformalarına çatdırmağa çalışır. Bundan əlavə, ölkə hökuməti abxazlara və osetinlərə humanitar yardım edir. Biz öz ərazilərimizi sülh yolu ilə qaytarmalıyıq.
- Gürcüstan siyasətində Mixail Saakaşvilinin gələcəyini görürsünüzmü?
- Yox, mən onun rolunu ancaq ölkədə sabitliyin pozulmasında görürəm. Çünki onun müsbətdən çox mənfi hərəkətləri olub. O, öz fəaliyyətini həmişə tez və təmtəraqla həyata keçirirdi. Bu gün Gürcüstanda baş verən bütün neqativ proseslər Saakaşvilinin siyasətinin nəticəsidir.
Tərcümə - Elçin Bayramlı