"Azərbaycan qonşuları ilə daim sülh şəraitində yaşamağı düşünüb və bu istiqamətdə addımlar atıb. Müharibədən əvvəl də, müharibənin gedişi zamanı və postmüharibə dövründə də rəsmi Bakının mövqeyi dəyişməyib. Bu gün Ermənistana sülh məqsədi ilə ünvanlanan 5 baza prinsipi də əvvəlkilərdən heç də fərqlənmir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Azərbaycan 44 günlük müharibədə qalib tərəf olmasına baxmayaraq Ermənistanla sülh müqaviləsinin bağlanması təşəbbüsü ilə çıxış edir: “Amma Ermənistan bu təkliflərə adekvat cavab vermir, yüksək səviyyədə edilən bəyanatları qulaqardına vurur. Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq, sülh şəraitində yaşamaq istəyi ilə baza prinsiplərini təqdim edib. Ermənistan isə bu təklifi qəbul etmək, sərhədləri müəyyənləşdirmək, ərazi iddialarından əl çəkmək, dinc yanaşı yaşamaq variantını seçmək əvəzinə fəaliyyətsizliyi ilə Azərbaycanın gözündən düşmüş, münaqişəni 30 il ərzində həll edə bilməyən ATƏT-in Minsk qrupuna müraciət edir və bununla da sülh müqaviləsini növbəti dəfə uzatmağa çalışır. Ermənistanın bir yolu qalıb, Azərbaycanın təklif etdiyi sülh müqaviləsini qəbul etmək”.
A.Hüseynov qeyd edib ki, vasitəçilər tərəfindən Ermənistana təqdim edilən sənəddə iki dövlət arasında münasibətlərin normallaşması üçün aşağıdakı beş baza prinsipləri əks olunub: “Birincisi, dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımasıdır. Bu, əslində Ermənistanın sərhəd bölgəsində Azərbaycan tərəfindən mövcud xəritələrə asaslanaraq aparılan demarkasiya işlərinə sərt reaksiya verməsinə, beynəlxalq qurumlara müraciət etməsinə bir cavabdır. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Bu maddədə də açıq-aydın yazılıb ki, ərazi iddialarından əl çəkmək, bir-birinin təhlükəsizliyinə, ərazi bütövlüyünə hədə törətməmək. Belə olan halda Ermənistanı narahat edəcək bir əsas varmı? Əlbəttə, yox. Əslində, Ermənistan bu prinsipləri heç bir şərt qoymadan qəbul etməlidir. Növbəti dəfə belə bir fürsət olmaya bilər. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməkdir. Azərbaycan 30 il BMT Nizamnaməsində yazılanlara əməl olunması uğrunda mübarizə aparıb. Bu qurumun çıxardığı 4 qətnamə kağız üzərində qalıb, heç birisinə əməl edilməyib. Dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Bu prinsipdə də yeni heç nə yoxdur. Azərbaycan Ermənistana sərhədlərin bütün detalları ilə müəyyənləşməsini, dinc şəraitdə yaşamağı təklif edir. Ermənistan isə Qarabağda yaşayan ermənilərin taleyini düşünürmüş kimi bunun əlehinə çıxır. Guya sərhədlər tanınsa Qarabağın “statusu” sual altına düşə bilər. Amma ermənilər başa düşmək istəmirlər ki, “Qarabağın statusu” deyilən bir termin artıq yoxdur. Və bundan sonra da Azərbaycan heç bir dövlətlə, heç bir beynəlxalq qurumla bu barədə müzakirələr aparmağı planlaşdırmır. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, BMT-nin sənədlərində də öz əksini tapıb. Sonuncu, beçinci prinsipdə qeyd olunub ki, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasıdır. Ermənistan dünya birliyinə guya blokadada olması və bu səbəbdən dünya birliyinə inteqrasiya oluna bilməməsi barədə yalan məlumatlar verir. Amma indiki təklif həm də Ermənistanın nəqliyyat və kommunikasiya xəttlərinin açılmasını özündə ehtiva edir. Əgər Ermənistan sülh istəyirsə, inkişaf etməyi qarşısına məqsəd qoyubsa Azərbaycanın təklif etdiyi 5 bəndlik baza prinsiplərini qəbul etməlidir”.