PDF Oxu

Siyasət

  • 2 866

YAP-ın yeni konsepsiyası – yeni, davamlı qələbələrə doğru!

YAP-ın yeni konsepsiyası – yeni, davamlı qələbələrə doğru!

Yeni Azərbaycan Partiyasının VII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında böyük siyasi hadisə kimi tariximizə qızıl hərflərlə həkk olundu. Belə ki, Vətən müharibəsinin qələbəsi ruhunda keçirilən qurultayda Prezident İlham Əliyev cənabları tərəfindən müəyyən edilmiş əsas konsepsiyaların irəli sürülməsi ölkəmizin müharibədən sonrakı dövrdə daha sürətli inkişafını təmin edəcəyini təcəssüm etdirdi. Məhz bu baımdan, qeyd edə bilərik ki, YAP-ın VII qurultayı Azərbaycan torpaqlarının işğal altında qaldığı dövrün bitməsini şərtləndirən proses və hadisələrin obyektiv təhlili, həmçinin bu dövr ərzində əldə olunmuş bir çox uğur və nailiyyətlərimizin düzgün qiymətləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir.

Hər birimiz şahidik ki...

Təbii ki, bu müddət ərzində Azərbaycanın həyatında baş verən hadisələr arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin əldə olunmasıdır. Azərbaycan bu Qələbəsi ilə öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Hər birimiz şahidik ki, dövlətimizin başçısı vurğulayırdı ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq və heç vaxt imkan verməyəcək ki, öz tarixi torpaqlarında ikinci erməni dövləti yaradılsın! Halbuki, uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Lakin Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dəfələrlə vurğulamışdı ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu. Əldə olunmuş tarixi Qələbə dövlətimizin başçısının güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi. Ancaq bu möhtəşəm tarixi Zəfər gününə qədər ölkəmizdə bu Qələbəni şərtləndirən bir çox proseslər, o cümlədən zəruri hazırlıq işləri həyata keçirilmiş, mühüm hadisələr baş verib.

Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır

Həmçinin Yeni Azərbaycan Partiyasının VII qurultayından keçən 1 il ərzində ölkəmiz yeni siyasi islahatlar mərhələsinə qədəm qoydu. Etiraf olunmalıdır ki, son illər Azərbaycanda bütün sahələrdə əldə olunmuş uğur və nailiyyətlərdə bu islahatların böyük rolu var. Həmçinin, ötən il partiyaların böyük əksəriyyəti dövlət başçısının təşəbbüsünə müsbət cavab verərək, siyasi dialoqa qoşuldular. Əbəs deyil ki, Azərbaycanda siyasi fəaliyyət göstərən 6 partiya YAP sıralarına qatıldılar və bu, partiyanın yeganə ən güclü siyasi güc olduğunu sübuta yetirdi. Azərbaycan Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Bu inteqrasiya siyasi partiyaların daha səmərəli və təsirli siyasi fəaliyyətinə gətirib çıxaracaq. Məhdud resurslara malik partiyaların kifayət qədər güclü siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyaların üzvləri üçün yeni imkanlar yaradacaq. Bununla da partiya üzvlərinin siyasi maraqlarının təminatı prosesi daha effektiv təşkil olunacaq. Eyni zamanda, siyasi qüvvələrin inteqrasiyası ölkənin siyasi partiyalar sisteminin daha effektiv fəaliyyətinə nail olmaq məqsədi daşıyır. Ölkədə partiyaların ləğv olunmadan sayının azalması siyasi proseslərə təsir etmək iqtidarında olan partiyalar üçün daha əlverişli şərait yaradılmasına müsbət təsir göstərəcək.

Siyasi partiyalar sistemində müşahidə olunan tendensiyalar YAP-ın gücündən və elektoratın potensialından xəbər verir. O cümlədən, YAP Cənubi Qafqazın ən nəhəng siyasi təşkilatı olaraq bir sıra mühüm faktorları özündə ehtiva etməkdədir.

Prezident İlham Əliyev Azərbaycanda hər zaman gənclər siyasətinə xüsusi diqqət göstərib, nəticədə uğurlu bir gənclər siyasəti modeli yaranıb

Prezident İlham Əliyevin başlatdığı yeni islahatlar dalğasında gənclər prosesin mərkəzindədirlər

Partiyamızın Sədri, Prezident İlham Əliyevin qurultayda çıxışı zamanı toxunduğu məqamlardan biri də ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi, Vətən müharibəsi zamanı Azərbaycan gənclərinin şücaəti, milli-mədəni köklərə bağlı gəncliyin formalaşmasının ölkəmiz üçün əhəmiyyətinin vacibliyi oldu. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi Ulu Öndər Heydər Əliyevin də daim diqqət göstərdiyi məqamlardan biri idi. Prezident İlham Əliyev də Azərbaycanda hər zaman gənclər siyasətinə xüsusi diqqət göstərib, nəticədə uğurlu bir gənclər siyasəti modeli yaranıb. Bu gün ölkəmizdə gənclər siyasəti sahəsində fəaliyyət göstərən bir sıra dövlət müəssisələri mövcuddur. Gənclər üçün kifayət qədər geniş imkanlar yaradılıb. Prezident İlham Əliyevin başlatdığı yeni islahatlar dalğasında gənclər prosesin mərkəzindədirlər. Bu gün gənclər kifayət qədər yüksək postlarda təmsil olunurlar. Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, YAP-ın yeni formalaşan İdarə Heyətində də kifayət qədər gənc təmsil olunub. Vətən müharibəsi zamanı Azərbaycan gənclərinin xüsusi şücaətinə toxunan dövlətimizin başçısı bundan sonrakı dövrdə də vətənimizin daha da inkişafı üçün gənclərimizin üzərinə böyük yük düşdüyünü qeyd edib. Vətən müharibəsi zamanı şücaət göstərən gənclər məhz Prezident İlham Əliyevin hakimiyyəti illərində yetişən gənclik olub.

Artıq əminliklə vurğulaya bilərik ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev cənabları həmçinin Qarabağın bərpasında, Böyük Qayıdışın icrası zamanı partiyanın gənclərinin də fəal şəkildə iştirak etməli olduğunu xüsusilə vurğuladı. Kifayət qədər böyük gənclər ordusu toplayan Yeni Azərbaycan Partiyası bütün bu proseslərdə yaxından iştirak edəcək və üzərinə düşən missiyanı layiqincə yerinə yetirəcək.

Bütövlükdə isə bundan sonrakı dövrdə də partiya fəaliyyətini müasir dövrün tələblərinə uyğun quracaq, daha böyük uğurlar qazanacaq. Bizi qarşıda daha böyük qələbələr və zəfərlər gözləyir.

Abil Ağasəfov,

YAP Qəbələ rayon təşkilatının sədri

Digər xəbərlər