Ölkə başçısının, cənab Prezident İlham Əliyevin rəhbərliyə ilə həyata keçirilən balanslı xarici siyasət davamlı olaraq öz bəhrəsini verməkdədir və Türkiyədə keçirilən Antaliya Diplomatik Forumunda da biz bunun bir daha şahidi olduq. Azərbaycanın region, eləcə də dünya dövlətləri ilə bərabərhüquqlu, həmçinin qarşılıqlı maraqlara söykənən münasibətlər qurması ölkəmizin nüfüzunu daha da artırır və dünya ictimaiyyəti də bunun əyani şahididir. Dünya ictimaiyyəti, beynəlxalq ictimaiyyət artıq qəbul edir ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan bölgədə sülhyaratma və təhlükəsizliyin təmin olunması istiqamətində atdığı addımlarda, irəli sürdüyü təşəbbüslərdə nailiyyətlərə imza atır və bunun da təkcə bölgənin deyil, ümumilikdə dünyanın təhlükəsizliyinə təsiri danılmazdır. Bu günlərdə Türkiyə Prezidentinin himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən “Diplomatiyanın yenidən qurulması” mövzusunda keçirilən Antalya Diplomatiya Forumu məhz deyilənləri şəksiz olaraq təsdiq edir.
Məhz Antalya Diplomatiya Forumu bir daha təsdiq etdi ki, əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Onu da nəzərə çatdıraq ki, Türkiyə ilə Azərbaycanın birlikdə atdığı addımların dünyanın diqqət mərkəzində olduğu günün reallığıdır. Rusiya ilə Ukrayna arasındakı toqquşmanın, müharibənin dayandırılması, sülh danışıqlarının keçirilməsi, yaranmış böhranın aradan qaldırılması istiqamətində həm Türkiyənin, həm də Azərbaycanın vasitəçi qismində çıxış etməsi, göstərdikləri təşəbbüslərin yüksək qiymətləndirilməsi də əbəs yerə, yaxud səbəbsiz deyil. Bu münasibət həm də ondan qaynaqlanır ki, əvvəla Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaşdır, digər tərəfdən də dünyanın müxtəlif yerlərində dövlətlərin bir-birinə qarşı düşmənçiliyi, etnik təmizləmələr, terror aktları, dini, milli, irqi ayrı-seçkilik müşahidə edildiyi halda, Azərbaycanda insanlar təhlükəsizlik, tolerantlıq şəraitində yaşayırlar və bu, bütün dünya üçün bir nümunədir. Bir sıra vacib görüş və tədbirlərin keçirilməsi məqsədi ilə bir neçə dəfə məhz Azərbaycanın seçilməsi də bu baxımdan başadüşüləndir. Başadüşülən həm də odur ki, bu nailiyyət, bu uğur ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin məntiqi nəticəsidir.
Dünyada müşahidə etdiyimiz proseslər, sözsüz ki, beynəlxalq hüququn norma və prinsiplərinin bərqərar olunmasını, eləcə də hərbi münaqişələrin qarşısının alınmasını, onların yaratdığı fəsadlarının aradan qaldırılmasını və bu istiqamətdə yeni görüş və münasibətlərin formalaşmasını tələb edir. Antaliya Diplomatiya Forumu bu baxımdan, yəni qeyd olunan məsələlərin həlli baxımından yüksək qiymətləndirilir. Bütün dünya ictimaiyyətinin əvvəlcədən də bu Forumdan gözləntilərinə zərrə qədər şübhə yox idi və gedişat da bunu təsdiq etdi. Məhz Rusiya-Ukrayna konfliktinin dayandırılması, sülh danışıqları, böhranın aradan qaldırılması istiqamətində iki qardaş ölkənin, Türkiyə və Azərbaycanın səyləri, vasitəçi qismində çıxış etməsi həqiqətən də təqdirəlayiqdir. Onu da vurğulamaq yerinə düşərdi ki, konfliktlərin aradan qaldırılması və sülh danışıqları prosesində vasitəçi qismində Azərbaycanın Türkiyənin yanında olması, ölkəmizin qardaş ölkə ilə yanaşı olması ilə bərabər, həm də Azərbaycanın nüfuzunun göstəricisidir. Əlbəttə, bu da ondan xəbər verir ki, dünyanın yenicə formalaşan siyasi nizamında, eləcə də müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın öz yeri və mövqeyi var. Sadalananlar həm də ondan xəbər verir ki, ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin şəxsi nüfuzu, bacarıqlı diplomat, müdrik lider olması Azərbaycanı davamlı olaraq yeni uğurlara, nailiyyətlərə doğru aparır.
Forumun əhəmiyyəti barədə qeyd edərkən, ilk növbədə dünya düzənində baş verən hadisələrin, əsasən münaqişələrin həllinin vacibliyi düşünülməlidir. Bildiyimiz kimi, Ukrayna ilə Rusiya arasında münasibətlər, daha doğrusu mövcud toqquşma, davam edən müharibə təkcə bu iki ölkəni narahat etmir, bütün dünyada narahatlıqlar doğurur. Dünya ictimaiyyəti, dünyanın tanınmış siyasətçiləri, ölkə rəhbərləri bu münaqişə barədə narahatlıqlarını dəfələrlə ifadə ediblər və bu heç də təsadüfi deyil. Ona görə təsadüfi sayılmır ki, müharibənin, münaqişənin təsirləri digər ölkələrə də, ümumilikdə dünyaya da təsirsiz ötüşmür. Hazırda Ukrayna torpaqlarında dağıntılara, insan tələfatına səbəb olan münaqişə və müharibə artıq böyük zərərlərlə də ölçülür. Doğrudur, ukraynalı hərbçilərlə yanaşı, rusiyalı hərbçilər də itgilər veriməkdə davam edirlər və mülki əhali arasında da tələfat var. Digər tərəfdən Rusiya dözülməz sanksiyalarla üzləşib və bu ölkə ciddi sınaqlar qarşısındadır. İndi Rusiya kimi bir ölkənin iqtisadiyyatı ciddi təsirlərə məruz qalıb və bunun mənfi nəticələrini təkzib etmək mümkün də deyil. Bütün bunlarla yanaşı dünya ictimaiyyəti üçüncü dünya müharibəsinin başlaması qorxusu ilə yaşayır. Çünki, bu artıq daha böyük toqquşma və tələfatlar vəd edir. Təbii ki, NATO-nun Ukrayna münaqişəsinə cəlb olunmasının üçüncü dünya müharibəsinin başlamasına gətirib çıxara biləcəyini hər kəs yaxşı bilir və bu barədə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də “El Pais” qəzetinə müsahibəsində qeyd edib. Daha doğrusu etiraf edib. Yəni, etiraf etmək lazımdır ki, bu məsələ artıq xüsusi narahatlıq doğurur. Məhz bu baxımdan, yəni sözügedən məsələnin müzakirə olunduğunu nəzərə alsaq, Antaliya Diplomatik Forumunun bütövlükdə dünya üçün əhəmiyyətini danmaq olmaz.
Xatırladaq ki, Türkiyədə keçirilən bu forumda 2000-dən çox qonaq, o cümlədən dövlət və hökumət başçıları, xarici işlər nazirləri, beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak ediblər. Onu da diqqətə çatdıraq ki, məhz belə bir qlobal Forum bəşəriyyəti böyük sınaq qarşısında qoyan pandemiyanın yumşalmasından sonra ən geniş beynəlxalq tədbir olaraq xarici siyasət və diplomatiyada mühüm hadisə sayılır. Bununla yanaşı, Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin toplantısının Antalyada təşkil olunması şübhəsiz ki, bütün dünya tərəfindən diplomatik zəfər hesab olunur. “Dünya 5-dən böyükdür” ifadəsini cəsarətlə söyləyən Türkiyə Prezidentinin haqlı olduğunu artıq bütün dünya görmüş və qəbul etmiş oldu. Daha doğrusu, cənab Ərdoğanın haqlı olduğunu indi bütün dünya etiraf etmək məcburiyyətində qaldı. Öz çıxışı zamanı ərzaq çatışmazlığı, qaçqın problemi və digər önəmli mövzulara toxunan, bu mövzuları daha geniş şəkildə və konseptual formada irəli sürən Türkiyə Prezidentinin dünyanın təhlükəsizlik aspektlərinə həssaslıqla yanaşdığı göz qabağında idi və bu da bütün dünyanın diqqətindən yayına bilməzdi. Yəni, məhz bütün dünyanı düşündürən, narahat edən məsələlərin bu Forumda müzakirə mövzusuna çevrildiyi göz özündə idi. Əlbəttə ki, Türkiyə liderinin dövlətlərin ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığına hörmət edilməsi haqqında mövqeyi beynəlxalq hüququn fundamental norma və prinsiplərinə söykənir və bunu kimsə təkzib edə bilməz. Bu Forumun dünya üçün əhəmiyyəti də bu baxımdan əvəzsizdir.
Türkiyədə keçirilən Antalya Forumunda Azərbaycanın iştirak etməsi də sözsüz ki, ölkəmizin geosiyasi mövqeyinin bir daha təsdiq edilməsi demək idi. Ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılması isə, əlbəttə ki, daha böyük önəm kəsb etdi. Bu baxımdan Forumun ölkəmiz üçün mühüm hadisə olduğunu cəsarətlə söyləyə bilərik. Ən çox diqqəti cəlb edən məqam isə, Azərbaycan və Ermənistan arasında gedən proseslərin fonunda bu Forumda ölkəmizin mövqeyinin önə çıxmasıdır. Bu bizim üçün böyük əhəmiyyət kəsb edir və hadisələrin gedişatına ciddi şəkildə təsir gücünə malikdir. Nəzərə alsaq ki, regionda sülhün, təhlükəsizliyin təmin olunmasına Azərbaycanın tövhələri saysız-hesabsızdır, deməli, bu Forum həmçinin bölgəyə də müsbət təsirləri ilə yadda qalacaq. Bir növ Azərbaycanın haqlı mövqeyinin bütün dünyaya çatdırılması, müzakirə və müdafiə edilməsi elə regionun maraqlarına taç şəkildə uyğundur. Çünki, regionda sülhün bərqərar olunması, təhlükəsizliyin təmin edilməsi uğrunda Azərbaycanın zəfərlə başa çatan mübarizəsinin, mövqeyinin müdafiəsi regionun maraqlarının qorunması deməkdir. Bu baxımdan cəsarətlə deyə bilərik ki, Antalya Diplomatik Forumunun dünya və region üçün əhəmiyyəti olduqca böyükdür və danılmazdır.