“Azərbaycanın İƏT və ona üzv dövlətlərlə münasibəti və bütün sahələri əhatə edən əlaqələri yüksək səviyyədədir. Bunun nəticəsidir ki, ölkəmiz İƏT-in ardıcıl dəstəyinə nail olub. Azərbaycanın əldə etdiyi müstəqilliyin ilkin vaxtlarında İƏT Baş katibliyi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı respublikamızın mövqeyini dəstəkləyən bəyanatlar verdiyi halda, daha sonrakı mərhələdə İƏT konfransları Ermənistan-Azərbaycan münaqişəsi haqqında kəsərli qətnamələr qəbul etmişdir. Bu qətnamələrdə Ermənistan-Azərbaycan münaqişəsi birmənalı şəkildə Ermənistanın Azərbaycana qarşı təcavüzü kimi qiymətləndirilmişdir”. Bunu SİA-ya açəqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, bu gün Azərbaycan dünya ölkələri və beynəlxalq təşkilatlarla milli maraqlarımıza uyğun olaraq və balanslaşdırılmış siyasət yürüdür, əlaqələr qurur: “Baxmayaraq ki, Azərbaycan regionda sabitlik adası kimi tanınır, amma ətrafımızda çox mürəkkəb proseslər cərəyan edir. Cənubi Qafqaz regionu tez-tez iri dövlətlərin, imperiya təfəkkürlü güclərin təzyiqləri ilə üzləşir. Amma Azərbaycan Prezidenti İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində ölkəmiz bütün addımları ilə yalnız irəliyə doğru gedir. Azərbaycanın balanslı siyasəti bütün istiqamətlərdə öz bəhrəsini verir. Ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi dünya dövlətləri, həmçinin beynəlxalq təşkilatlar arasındada nüfuzu getdikcə böyüyür. Əgər müstəqilliyimizin ilk illərində Azərbaycana qarşı münasibət ürəkaçan deyildisə, bu gün ölkəmizlə hesablaşır, qərarlarımıza hörmətlə yanaşırlar. Bu gün Azərbaycan dünyanın bütün sülhsevət ölkələri ilə, həmçinin beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir. Bu qurumlardan biri də İslam Əməkdaşlıq Təşkilatıdır. İƏT Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Təsadüfi deyil ki, bu yaxınlarda Təşkilatın XİN Şurasının “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda keçirilən sessiyasında Ermənistanın təcavüzü və Xocalı soyqırımı ilə bağlı 4 yeni qətnamənin qəbulu ölkəmizin növbəti diplomatik uğuru hesab edilməlidir”.
A.Hüseynov qeyd edib ki, bu qətnamələr Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq: “Qazanılan uğurların əsasında dövlətimizin başçısı, cənab Prezident İlham Əliyevin müdrik xarici və daxili, o cümlədən diplomatik siyasəti dayanır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının müxtəlif qurumları – İSESKO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə sıx əməkdaşlıq edir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Həmin fəaliyyətin nəticəsi olaraq, 23 noyabr 2006-cı ildə İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri sivilizasiyalararası dialoq daxil olmaqla müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom, həmçinin, 2008-ci ildə Bakıda keçirilmiş beynəlxalq forumda iştirak edən İKT Baş katibi E.İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımına “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim etmişdir. Onu da xüsusi olaraq qeyd edək ki, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın Azərbaycanın birinci xanımıdır”.