Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri olan Vüqar Məmmədovun doğum günüdür. Məmmədov Vüqar Elxan oğlu 28 mart 1991-ci ildə anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Vüqar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 30.09.2020-ci ildə Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vətən müharibəsi şəhidi Məmmədov Vüqar Elxan oğlunun doğum günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov, rayonun ictimai nümayəndələri və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb. Respublikamızın hər bir yerində olduğu kimi, Bakı şəhərinin Nəsimi rayonunda da şəhid ailələrinə və Vətən Müharibəsi iştirakçılarına daim diqqət və qayğı göstərilir. Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Nəzakət ƏLƏDDİNQIZI