Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan beynəlxalq idman arenasında özünə layiqli yer tutub. Beynəlxalq yarışlarda iştirakı, eləcə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə ölkəmiz böyük imicə sahibdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün sahələrində olduğu kimi, idman sahəsində də kompleks tədbirlərin həyata keçirilməsi nailiyyətlərin qazanılmasına səbəb olmuşdur. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən mövcud idman qurğularının qorunub saxlanılması, yenidən qurulması, beynəlxalq standartlara uyğun yeni stadionların, Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsinə bu sahənin inkişafına yönəldilmişdir. Regionlarda idmanın inkişafı, bölgələrdə yaşayan gənclərin sağlam həyat tərzi sürmələri, onların idmanla sərbəst məşğul olmaları üçün Olimpiya İdman kompleksləri mühüm rol oynayır. Dövlət başçısının bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb. İdmana ayrılan diqqətin nəticəsidir ki, bu günlərdə Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək daha bir böyük uğura imza atdılar. Azərbaycan idmançıları yarışda 16 medal qazandı, onlardan 7-si qızıl medaldır. Komanda hesabında ölkəmizin komandası birinci yerə layiq görüldü. Yarışda iştirak etmiş 34 Avropa ölkəsi arasında Azərbaycan birinci yerdədir. Bu da Azərbaycan güləşi tarixində rekord nəticədir. Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən çıxışında bildirdiyi kimi, "Bu, bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər".
Görüş çərçivəsində dövlət başçısı xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amilinin çox böyük rol oynadığını diqqətə çatdırıb: "Mən bunu bilərək çalışırdım ki, gənclərdə vətənpərvərlik hissləri daim yüksək olsun. Məhz bu vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı".
Ölkəmizdə dövlət gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir. 44 günlük Vətən müharibəsində gənclərimiz vətənpərvərlik nümayiş etdirdilər. Dövlət başçısı çıxışı zamanı bildirdiyi kimi, "Biz uzun illər - 30 ilə yaxın beynəlxalq arenalarda, istər idman, istər siyasi arenalarda məğlub edilmiş ölkə kimi təmsil olunurduq"- deyərək bildirib ki, bunu etiraf etmək nə qədər ağırdırsa, o qədər də sadədir. Yəni, biz həqiqəti olduğu kimi bilməliyik və deməliyik: "Bəli, bu məğlubiyyətin səbəbləri var idi, o vaxtkı antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması, Ermənistana xarici dövlətlərin göstərdikləri yardımlar – bütün bunlar var idi. Məhz bu amillər məğlubiyyəti şərtləndirmişdir. Amma həqiqət o idi ki, torpaqlarımız işğal altında idi və biz sübut etməli idik ki, nəyin bahasına olursa-olsun torpaqlarımızı işğalçılardan azad edəcəyik və etdik. Bir daha demək istəyirəm, hesab edirəm ki, o cümlədən idman sahəsində əldə edilmiş uğurlar, bayrağımızın qaldırılması, himnimizin səsləndirilməsi vətənpərvərlik hisslərini daha da gücləndirirdi və hər birimizə bir daha göstərirdi ki, əgər biz idman yarışlarında düşməni təmsil edən idmançıları məğlub edə biliriksə, döyüş meydanında da mütləq qələbə qazanacağıq".
Son illərdə ölkəmizdə 50-dən çox müasir Olimpiya mərkəzlərinin inşa olunması idmanın kütləviliyini artırıb. Cənab Prezident ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etməyin prioritet vəzifələrdən biri olduğunu bildirib. Artıq Azərbaycanın bölgələrində 50-yə yaxın müasir olimpiya kompleksləri inşa edilib. "Biz ləyaqətli xalqı və böyük hörmətə layiq olan ölkəni təmsil edirik" – deyən Prezident qeyd edib ki, siz idmançılar bundan sonra, sizdən sonra gələn nəsillər həmişə müzəffər ölkəni təmsil edəcəksiniz: "Bizim Qələbəmiz əbədidir, biz Qarabağı düşməndən azad edən xalqıq və o torpaqlarda həyat yaradan, həyat quran xalqıq".
Əlbəttə ki, işğaldan azad olunan torpaqlarımızda da idmanın inkişafına diqqət ayrılacaqdır. Stadionlar, idman kompleksləri və digər idman qurğuları tikiləcək, idmanın inkişafına təkan veriləcəkdir. Cənab Prezidentin bildirdiyi kimi, bu azad edilmiş bütün şəhərlərin Baş planlarında da öz əksini tapır.
Azər SÜLEYMANOV
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri