“Böyük Britaniyanın “Financial Times” qəzetinin yazdığına görə, ABŞ Rusiyaya sanksiyalardan yayınmaqda dəstək olan ölkələrə sanksiya tətbiq etmək məsələsini nəzərdən keçirir. Görünən budur ki, Rusiya-Ukrayna hərbi toqquşmaları fonunda Ermənistan Qərbin qəzəbinə tuş gəlib. Təsadüfi deyil ki, bundan əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan da Rusiyaya Qərbin sanksiyalarından yayınmağa yardım edəcək ölkələrə sanksiya tətbiq ediləcəyi barədə xəbərdarlıq etmişdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.Onun sözlərinə görə, əslində, Azərbaycan torpaqlarını işğal altında saxlaması, xalqımıza qarşı etnik təmizləmə, soyqırım və müharibə cinayətləri törətdiyinə görə Ermənistan çoxdan sanksiyalara məruz qalmalı idi: “Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və işğal edilmiş ərazilərdən qoşunları çıxarmağa məcbur edən sanksiyalar tətbiq edilməli idi. Hətta dövlət başçımız Küveyti işğal etdikdən sonra İraqa qarşı tətbiq edilmiş sanksiyaları da xatırladırdı. Çünki beynəlxalq hüquq baxımından təxminən eyni hadisələrin baş verdiyini diqqətə çatdırırdı.Əfsuslar olsun ki, heç bir hərəkət yox idi. Halbuki bu, çox sadə idi. Dövlət başçımızın dəfələrlə vurğulayırdı: “Mən bu məsələni dəfələrlə qaldırmışam. Ermənistanı Azərbaycan ərazilərini tərk etməyə və BMT Təhlükəsizlik Şurasının bunu tələb edən qətnamələrinə əməl etməyə yola gətirmək və ya məcbur etmək üçün yeganə yol Ermənistana qarşı sanksiyalar tətbiq etmək idi. Biz bilirik ki, müəyyən hallarda bu sanksiyalar digər ölkələrə qarşı tətbiq olunur, lakin Ermənistana qarşı yox. Yenə də ikili standartlar, yenə də ədalətsiz yanaşma”.İrəvan törətdiyi cinayətlərə və Azərbaycana vurduğu zərərə görə beynəlxalq məhkəmələrdə cavab verməlidir. Eyni zamanda birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və ya əsir götürülmüş 4 min azərbaycanlının taleyi barədə heç bir dəqiq məlumat yoxdur. Ermənistan bu məsuliyyətdən də yaxa qurtarmağa çalışır. Təəssüf ki, Azərbaycana qarşı hərbi təcavüzə və 30 ildə törətdiyi cinayətlərə görə Ermənistan hələ də cəzalandırılmayıb. Bu cinayətlərə görə beynəlxalq qurumlar Ermənistana qarşı hələ də heç bir sanksiya tətbiq etməyib. Amma bu gün Ukrayna-Rsuiya müharibəsi fonunda sanksiya məsələsi gündəmə gəlir. Bu, eynilə BMT Təhlükəsizlik Şurasının qərarlarının icrasına bənzəyir. Bəzi məqamlarda Təhlükəsizlik Şurasının qərarları mürəkkəbi qurumadan icra olunur, bəzi məqamlarda isə 30 il müddətində icra mexanizminin olmaması ilə müşaiyət olunur. Amma bir reallıq da bundan ibarətdir ki, istənilən ikili standart bumeranq effekti verir”.
Müəllif: Arzu Qurbanzadə