Hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsi məkrli fikrinin əməli əsası qoyulub, sonrakı dövrlərdə isə həmin torpaqların özgəninkiləşdirilməsi prosesi başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib: İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orda yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, havadarlarının himayəsi altında “Böyük Ermənistan” yaratmaq ideyasını reallaşdırmağa başlayıblar.
“Böyük Ermənistan” yaratmaq istəyən erməni qəsbkarları 1905-ci ildən başlayaraq azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçiriblər. Azərbaycanı və indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları yüzlərlə yaşayış məntəqələri dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.
Bu qanlı siyasətin ən dəhşətlisi 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımı öz ağır nəticələri ilə seçilir. 2018-ci ilin mart ayından etibarən silahlı daşnak-bolşevik dəstələri, erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli və dini mənsubiyyətlərinə görə xüsusi qəddarlıqla qırğına məruz qalıb, insanlar diri-diri yandırılmış, tarixi və mədəniyyət abidələri, məktəblər, xəstəxanalar, məscidlər və qəbiristanlıqlar yerlə yeksan edilib.
31 mart və 1-2 aprel 1918-ci il tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər yaşayış məntəqələrində kütləvi qırğınlar törədilib, 30 mindən çox dinc əhali amansızca qətlə yetirilib. Daha sonra Şamaxı, Quba, Kürdəmir və Səlyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxşıvan, İrəvan, Şirvan, Lənkəran və digər bölgələrdə xüsusi qəddarlıqla azərbaycanlılara qarşı soyqırımı həyata keçirilib. Bu hadisələr zamanı Şamaxıda 70-dən çox kənd tamamilə məhv edilmiş, Quba qəzasında 122 kənd, Lənkəran qəzasında 40-a yaxın kənd dağıdılıb və yandırılıb, minlərlə günahsız insan, o cümlədən qadın və uşaqlar qətlə yetirilib.Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən...
Soyqırımı siyasəti müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirilmiş, kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunmuşdur. XIX əsrin birinci yarısında İrandan və Osmanlı imperiyasından köçürülən ermənilər hesabına Qarabağ və Zəngəzurda demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905-ci və 1918-ci illərdə azərbaycanlı əhalinin kütləvi qırğınları, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəştə gedilməsi, 1920-ci illərdə Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası və sair faktlar soyqırımı tarixinin faciəli və qanlı səhifələridir.
Erməni faşistləri 1988-1992-ci illər ərzində Ermənistanda yaşayan yüz minlərlə soydaşımızı, öz dədə-baba yurdlarından qovmuş, bunun ardınca Qarabağ da daxil olmaqla Azərbaycanın 20% torpaqlarını işğal etmiş, bir milyondan artıq dinc sakin öz doğma yurdlarından məcburi köçkün düşmüşlər. Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirilmişdir.
Aradan uzun illər keçsə də erməni cəlladlarının törətdikləri o qanlı hadisələr, ağlasığmaz vəhşiliklər xalqımız tərəfindən unudulmadı.
Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla həmin dəhşətli hadisələrə siyasi qiymət verilib. 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmiş və hər il dövlət səviyyəsində qeyd olunur. Son illərin təcrübəsi göstərir ki, erməni işğalçılarının və onların havadarlarının imkanları heç də qeyri-məhdud deyildir və bu imkanlar getdikcə tükənməkdədir. Geniş iqtisadi potensiala malik qüdrətli Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya siyasətinə ciddi təsiri olan böyük dövlətlərlə müntəzəm və məhsuldar iş aparır, onilliklər boyu formalaşmış yanlış yanaşmaları dağıtmağa uğurla müvəffəq olur. Dövlətimizin iqtisadi imkanlarının artması orduya daha çox vəsait ayrılmasına şərait yaradır. Həqiqətən də, ordu dövlət müstəqilliyimizin və təhlükəsizliyimizin polad sipəri, xalqımızın yenilməz dayağıdır.
Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti və xalqımızın birliyi ilə 44 günlük müharibədə Ermənistan Azərbaycan qarşısında diz çökdü. 2020-ci il bütün dünyada çətin il olsa da, Azərbaycan üçün siyasi, diplomatik və hərbi sahələr üzrə uğurlarla yadda qaldı. Tarixi ədalət bərpa olundu. Qazanılmış möhtəşəm Zəfər nəticəsində 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Qədim şəhərlərimiz, əzəli torpaqlarımız azad olundu. Bu gün artıq işğaldan azad edilmiş bölgələrdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə başlanılıb. Azad olunmuş ərazilərdə vətəndaşlarımızın normal həyatının təmin edilməsi üçün bütün müvafiq addımlar atılır. Artıq hərbi və siyasi arenada yenilməz liderimiz, mübariz xalqımız, məğlubolmaz ordumuz ermənilərə layiq olduğu cavabı verib. Güclü Azərbaycan dövləti indidən sonra da tarixi torpaqlarına göz dikən, xalqımıza qarşı yönələn bütün təhdidlərə cavabını verəcəkdir.
Saleh Məhərrəmov
YAP Oğuz rayon təşkilatının sədri