Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır
1918-ci ilin 30 mart - 3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Sovetinə daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım aktı törədiblər.Rəsmi mənbələrə əsasən, soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Azərbaycanlılara qarşı baş vermiş bu dəhşətli faciəyə görə, 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilsə də, sonradan unudulub. Yanız Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Tarixi faktlara əsasən, 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik dəstəsi Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir. 9 mart 1918-ci ildə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfn mərasimində iştirak etmək üçün general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı Bakıya gəlmişdir. Məhəmməd Tağıyev Lənkəran şəhərində baş verən ixtilafda rus-erməni silahlı dəstələri tərəfindən qətlə yetirilmişdir və onun dəfn mərasimi 27 mart gününə təyin edilmişdir. General Talışinski Bakıya gəlməzdən bir neçə gün əvvəl Lenin Bakı Sovetinin başçısı Stepan Şaumyana gizli teleqram göndərir. Leninin Şaumyana etdiyi bu müraciətə baxmayaraq, Bakıya daxil olarkən general Talışinski və Azərbaycan alayının üzvləri Bakı Soveti tərəfindən həbs altına alınmışlar, nəticədə şəhərdə yaşayan azərbaycanlılar Bakı Sovetinə qarşı müqavimət göstərməyə başlamışlar. Baş verən silahlı münaqişə martın 30-dan aprelin 2-də qədər Bakıda davam etmişdir və tarixdə "1918-ci ilin Mart Günləri" kimi qalmışdır. Bolşeviklərin böyük dövlətçilik siyasətinin labüd nəticəsi olan soyqırım Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi. Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaydılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edir. Baqrat Bakıda hadisələr zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi. Bu soyqırım təkcə Bakıyla əhatəli deyildi. Aprel ayının ilk ongünlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi.Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişini daha yaxşı öyrənmək imkanı əldə edilib, uzun illər gizli qalan həqiqətlər tədricən üzə çıxıb, təhrif edilmiş hadisələr aşkarlıq müstəvisində daha aydın görünməkdədir. Xalqımıza qarşı zaman-zaman törədilmiş və heç vaxt tarixi qiymətini almamış soyqırımı hadisələri də bu qəbildəndir. Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaq olub. Ermənistan 1988-ci ildən başladığı növbəti təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisini, eləcə də ona bitişik yeddi rayonu işğal edib. Beləliklə, ölkəmizin 20 faiz ərazisi zəbt edilib, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir. Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlandı. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, ermənilər evlərə od vuraraq, insanları diri-diri yandırıblar. Nadir tarixi abidələr, məktəblər, xəstəxanalar, məscidlər dağıdılıb, xarabalığa çevrilib. Erməni-bolşevik birləşmələrinin Bakıda 31 mart və 1-2 aprel tarixlərində törətdiyi qırğınlar kütləvi şəkil alıb, silahlı erməni dəstələri günahsız insanları amansızcasına qətlə yetiriblər. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı milli mənsubiyyətinə görə qəddarlıqla öldürülüb.Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır.Yazının əvvəlində də qeyd etdiyimiz kimi, 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel - may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. Ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub. Aparılan tədqiqat zamanı müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli 3587 nömrəli Sərəncam imzalanmışdır. Cənab Prezident İlham Əliyev ermənilərin ötən əsrdə etdikləri genosid faktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mütərəqqi addımlar atmış və atmaqdadır. Bu faciələr tariximizin bütün dövrlərində dəfələrlə təkrarlanmış həqiqətlərdir və bunları unutmağa mənəvi haqqımız yoxdur.Onu da qeyd edim ki, müasir gəncliyin əsas vəzifəsi güclü dövlət naminə obyektiv tariximizə etinasızlıq göstərməməsi, tariximizi dəqiq öyrənməli və qonşularımızın kimlər olduğunu heç vaxt yaddan çıxarmamalıyıq. Bu qiymətli tarixi sənədlər erməni xəyanətini, onların insanlığa, bəşəri dəyərlərə qarşı çevrilmiş eybəcərliklərini bütün dünya qarşısında ifşa etməyə imkan yaratmışdır. Beləliklə, azərbaycanlı müsəlmanlarına qarşı genosidin tarixi mərhələlərini təhlil edərkən XX əsrdə Azərbaycan xalqının məruz qaldığı soyqırım siyasəti bizə yaşadığımız acı tarixdən ibrət alaraq hadisələrə tarixi, siyasi və hüquqi qiymət verilməsi üçün mübarizə aparmaq və gələcəyi bu gündən düşünməyə vadar etməkdədir.Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır. Xalqımız qəhrəman qızlarını və oğullarını heç zaman unutmayacaqdır!
Mehdi BALABƏYOV,
YAP Şabran rayon təşkilatının sədri