PDF Oxu

Siyasət

  • 2 423

31 mart – heç vaxt unudulmayacaq QAN YADDAŞI

31 mart – heç vaxt unudulmayacaq QAN YADDAŞI

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər

Hər il martın 31-də Azərbaycanlıların Soyqırımı Gününü hüznlə qeyd edirik. 1918-ci ilin soyqırımı qurbanlarını yad etmək uşaqdan-böyüyə hər kəsin vətəndaşlıq borcudur. Xalqımıza qarşı törədilmiş soyqırımlarının dəhşətli mənzərəsi hələ də xatirələrdə yaşayır. Quba soyqırımından qalan kütləvi məzarlıq türk-müsəlman xalqlarına qarşı törədilmiş vəhşiliklərin bariz nümunəsidir. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.Tarixdən məlumdur ki, Rusiya imperiyası Cənubi Qafqazı əlində saxlamaq, burada ola biləcək milli - azadlıq mübarizəsini beşikdəcə boğmaq üçün həmişə yerli xalqları, o cümlədən ermənilərlə azərbaycanlıları bir-birlərinə qarşı qaldırmış, onları bu yolla mübarizədən sapdırmaq istəmişdir. Acınacaqlı hal odur ki, əsasən XIX əsrdə Türkmənçay müqaviləsinin müvafiq maddəsi ilə Azərbaycana köçürülən, ən əlverişli torpaqlarımızda məskunlaşdırılan ermənilər Rus çarizminə öz “təşəkkür”lərini bildirmək üçün, sadəcə olaraq, onların əlində “sözə baxan” alətə çevrilmişlər. Nisbətən sonrakı dövrlərdə isə “Böyük Ermənistan” yaratmaq xülyasına uyaraq, bu işdə həlledici köməyi çar Rusiyasından gözləyərək faktiki olaraq onların “köləsi” olmuşlar.Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illər öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərində məskunlaşdırılan ermənilərin orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında “erməni vilayəti” adlandırılan inzibati bölgənün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına bəraət qazandırmaq məqsədilə erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqaz tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.1988-ci ildən ortaya atılan Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi.1991-ci il sentyabrın 3-də ulu öndərimiz Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçildi. Onun həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində sovet ordusu hissələri Naxçıvandan çıxarıldı. Ümummilli liderin Türkiyə və İrana işgüzar səfərləri, apardığı danışıqlar regionda böhranlı şəraitin aradan qaldırılması, iqtisadi problemlərin və enerji məsələlərinin həllində əhəmiyyətli rol oynadı. Naxçıvan aeroportu yenidən quruldu. Culfa və Şahtaxtı keçid məntəqələri quruldu. 1992-ci ildə Muxtar respublikanı Türkiyə ilə birləşdirən və xalq arasında “Ümid körpüsü” adlandırılan Sədərək körpüsü tikildi.Lakin o vaxtlar müdafiə məsələlərində çox kobud və bağışlanılmaz səhvlər buraxılırdı. Bunun məntiqi nəticəsi idi ki, 1992-ci ilin fevral ayında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməmiş divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi.Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqların zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilib. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir. Ulu öndərimiz Mart soyqırımı haqqında danışarkən ayrıca olaraq göstərmişdir ki, ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli - memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabazarlığa çevirmişlər.Ermənilərin nifrət ediləcək hərəkətləri XX əsr boyu aşkar və gizlin tərəfləri ilə daim funksional oldu. Türkə qarşı içlərində açdıqları savaş, məkrli planları, qəzəb və həsəd hissləri bir an belə səngimədi. Əsrin sonunda alovlanan Qarabağ münaqişəsi bu qəzəbin sonucu kimi meydana çıxdı. Bütün bu kimi çətinliklərin qarşısında başı uca dayanan Azərbaycan və türk ordusunun gücü, qüdrəti İkinci Qarabağ savaşında özünü bir daha göstərdi. Eyni zamanda, dünya mənfur düşmənimizin insanlıqdan kənar yırtıcı obrazına bir daha şahid oldu. Tərtər, Bərdə, Gəncəyə atılan mərmilər, dinc əhalinin, məsum körpələrin qanına qəltan edilməsi özünü bəşəriyyətə əzabkeş xalq olaraq tanıtmağa çalışan ermənilərin əslində, humanist dəyərlərdən, sivilizasiya anlayışından nə qədər uzaq olduğunu sübut etdi. Ermənilərin Qarabağın hər kəndində sərgilədiyi vandalizm, yerlə-yeksan etdiyi abidələr, dağıtdığı qəbirlər, işğal etdiyi hər ərazidə törətdiyi cinayət əməlləri onların yüz il ərzində heç dəyişmədiklərinə, xislətlərini qorumaqlarına əyani nümunə oldu.Möhtərəm Prezident İlham Əliyev cənabları da ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasına, onların beynəlxalq birlik tərəfindən ədalətli qiymətləndirilməsinə ciddi fikir verir, bu işdə tarixçi alimlərin roluna layiqincə qiymət verir. Bu baxımdan təsadüfi deyildir ki, dövlət başçısı bununla bağlı aydın istiqamətlər müəyyənləşdirmiş, çox haqlı olaraq ermənilərin cəfəng iddialarına qarşı elmi-ideoloji mübarizənin gücləndirilməsini tarixçi alimlərimiz qarşısında mühüm vəzifə kimi qoymuşdur. Cənab Prezident demişdir: “Bütün indiki Ermənistan ərazisinin əksər toponimləri Azərbaycan mənşəli toponimlərdir. Şəhərlərin, kəndlərin adları. Hətta bunu Böyük Sovet Ensiklopediyasından da görmək mümkündür. O vaxt erməni şəhərlərinin adları və onların əski variantları yazılmışdı. Biz bütün bunları bilməliyik”.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın beynəlxalq miqyasda keçirmiş olduqları ikitərəfli və çoxtərəfli görüşlərin, habelə müxtəlif tədbirlərin erməni faşistlərinin xalqımızın başına gətirdikləri müsibətlərin dünya miqyasında tanınmasında ölçüyəgəlməz dərəcədə böyük rolu olmuşdur.Bəli, bizlər də Azərbaycan vətəndaşları olaraq öz növbəmizdə həmişə erməni faşistlərinin xalqımızın başına gətirmiş olduqları müsibətlər, faciələr haqqında əlimizə düşən hər fürsətimizdə, gənclərlə söhbətlərimizdə aydın təsəvvür formalaşdırmalı, ətraflı məlumat verməklə onlarda düşmənlərimizə qarşı dərin nifrət hissi yaratmalıyıq və 31 mart tarixinin unudulmaması, dünya ictimaiyyətinə daha müfəssəl şəkildə çatdırılması üçün gücümüzü əsirgəməməliyik.

Elmar Əhmədov,
YAP Səlyan rayon təşkilatının sədri

Digər xəbərlər