Vətənpərvər gənclər Avropa və Olimpiya Oyunlarında Azərbaycan bayrağını yüksəkliyə qaldırırlar
Sağlam bədəndə sağlam ruh olar, - deyiblər. Sağlamlıq xoşbəxt həyatın əsas şərti və təminatıdır. Əlbəttə ki, insan ruhunun sabitliyi, baş verən hadisələrə psixoloji baxımdan düzgün yanaşması fiziki sağlamlıq faktoru ilə sıx bağlıdır. Sağlamlıq ən böyük nemətlərdən olduğundan hər bir insan onu qorumağı bacarmalıdır. İdmanla məşğul olmaq insan sağlamlığının qorunmasında, ruh yüksəkliyinin artmasında müstəsnadır. Ölkəmizdə gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanıldığından bu sahənin inkişafı istiqamətində mühüm qərarlar verilir və sənədlər imzalanır.
Qeyd edək ki, bu gün Azərbaycanda Olimpiya Hərakatı öz inkişaf dövrünü yaşayır. Dövlətin idmana olan qayğısı baxımından Azərbaycan dünyada öndə gedən ölkələr sırasındadır. Xüsusi olaraq vurğulayaq ki, Azərbaycanda idman hərəkatı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başlayıb. Bununla da, demək olar ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Müasir dövrdə bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Azərbaycanda keçirilən dünya və Avropa çempionatları, bir daha sübut edir ki, həqiqətən də, Azərbaycanda idman uğurla və sürətlə inkişaf edir.
Olimpiya Oyunları dedikdə, yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş və fəlsəfi anlayış kimi qəbul olunur. Olimpiya Oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya Hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuşdur.Azərbaycanda Olimpiya Hərəkatının inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, 30 il əvvəl 1992-ci ildə Milli Olimpiya Komitəsi fəaliyyət göstərməyə başladı. 1997-ci ildən Milli Olimpiya Komitəsinə Cənab İlham Əliyev Sədr seçiləndən sonra Azərbaycanda Olimpiya Hərəkatı böyük vüsət almağa başladı. Bu illər ərzində, Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an belə səngimədi. Azərbaycanın hər bir yerində yeni və müasir idman komplekslərinin tikintisinə başlanıldı. Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya komitələri üçün örnək oldu. 1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya Oyunlarına qatıldı. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya Oyunlarında respublikamız 5 nəfər idmançı ilə dörd yarışda təmsil olundu. 2000-ci ildə Sidney Olimpiyadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu ölkənin Olimpiya Hərəkatı tarixində ən böyük uğuru idi. 2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya Oyunlarının iştirakçısı oldu. Beləliklə, uğurlar və nailiyyətlər Azərbaycan idmançılarını adına yazılmağa başladı.
GƏNCLƏRİN VƏTƏNPƏRVƏRLİK RUHUNDA TƏRBİYƏ EDİLMƏSİNDƏ İDMAN AMİLİ
Son illərdə ölkəmizdə 50-dən çox müasir Olimpiya mərkəzləri inşa olunub. İdmanın inkişafına geniş prizmadan yanaşılır və kompleks tədbirlər görülür. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə ölkəmizə Avropa Olimpiya Komitəsinin inamı idi. Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsi, ilk oyunların Bakıda keçirilməsi böyük nailiyyət idi. Bu cür oyunları ilk dəfə təşkil etmək Azərbaycan üçün şərəfli olduğu qədər də məsuliyyətli idi. Yarışlar Bakıda 21 idman obyektində keçirildi. Təbii ki, bütün bunlarla yanaşı, Azərbaycan 42-ci Ümumdünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, Bədii Gimnastika üzrə Dünya Kuboku, "Formula-1" kimi mötəbər yarışlara uğurla ev sahibliyi etdi və özünü dünyada idman ölkəsi olaraq tanıda bildi. IV İslam Həmrəyliyi Oyunlarının uğuru, idmançılarımızın inanılmaz qələbələri bunun daha bir parlaq nümayişi oldu. Azərbaycan 75 qızıl medalla birinci yeri qazandı. İdman arenalarında Azərbaycanın Dövlət Himninin 75 dəfə səslənməsi, təbii ki, böyük qürurdur.Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son illərdə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağı edərək qələbə qazanması tariximizə yeni gün olaraq daxil edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi.Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Əlbəttə ki, bu Zəfər hər bir azərbaycanlının başını uca edib, onları qürurlandırır. Bu gün dünya ölkələrinə müxtəlif məqsədlərlə səfər edən insanlarımız Qalib xalqın nümayəndəsi olaraq fəxarət hissi keçirirlər. Dünya arenasında idman ölkəsi kimi tanınan Azərbaycanın idmançıları bu gün yarışlara qalib ölkənin nümayəndələri kimi qatılırlar. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, "Biz müstəqil ölkə kimi böyük idman yarışlarına qatılanda torpaqları işğal edilmiş ölkə kimi çıxış edirdik. Sübut etməli idik və sübut edirdik ki, bizim gücümüz də var, iradəmiz də var və beynəlxalq idman arenalarında göstərdiyimiz məharət, güc özünü döyüş meydanında da göstərəcək."Əlbəttə ki, xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. "Mən bunu bilərək çalışırdım ki, gənclərdə vətənpərvərlik hissləri daim yüksək olsun" - deynə dövlət başçısı bildirib ki, məhz bu vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı".
"SON İLLƏR ƏRZİNDƏ AZƏRBAYCANDA VƏTƏNPƏRVƏR, GÜCLÜ, MİLLİ RUHDA TƏRBİYƏ ALMIŞ GƏNC NƏSİL YETİŞİB"
Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər mühiti formalaşıb. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Xalqımızın qəhrəmanlıq tarixini yazanlar da gənclərdir. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir. 44 günlük Vətən müharibəsində gənclərimiz vətənpərvərlik nümayiş etdirdilər. Bu gün yüksək milli ruhlu gənclərimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etdi. 30 illik həsrətə son qoyuldu. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib". Cənab Prezident bildirib ki, Onun Azərbaycana rəhbərliyi dövründə yetişən insanlar bu torpaqları azad etdilər: "Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi".
"İDMAN SAHƏSİNDƏ ƏLDƏ EDİLMİŞ UĞURLAR, BAYRAĞIMIZIN QALDIRILMASI, HİMNİMİZİN SƏSLƏNDİRİLMƏSİ VƏTƏNPƏRVƏRLİK HİSSLƏRİNİ DAHA DA GÜCLƏNDİRİRDİ"
Azərbaycanın mərd oğulları şəhidlik zirvəsinə yüksəldilər. Bu torpağın qazisi oldular. Bu günün gənci bu məsuliyyəti dərk edir və sabaha doğru inamla addımlayır. Bu gün hər bir gəncin üzərində ciddi mənəvi məsuliyyət var. Azərbaycan əsgərinin qələbəsi əminliklə deməyə əsas verir ki, gənclər mütəşəkkil, vətənpərvər, geniş dünyagörüşlü və mübariz gənclərdir. "Biz uzun illər - 30 ilə yaxın beynəlxalq arenalarda, istər idman, istər siyasi arenalarda məğlub edilmiş ölkə kimi təmsil olunurduq"- deyə bildirən Cənab Prezident qeyd edib ki, bunu etiraf etmək nə qədər ağırdırsa, o qədər də sadədir. Yəni, biz həqiqəti olduğu kimi bilməliyik və deməliyik: "Bəli, bu məğlubiyyətin səbəbləri var idi, o vaxtkı antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması, Ermənistana xarici dövlətlərin göstərdikləri yardımlar – bütün bunlar var idi. Məhz bu amillər məğlubiyyəti şərtləndirmişdir. Amma həqiqət o idi ki, torpaqlarımız işğal altında idi və biz sübut etməli idik ki, nəyin bahasına olursa-olsun torpaqlarımızı işğalçılardan azad edəcəyik və etdik. Bir daha demək istəyirəm, hesab edirəm ki, o cümlədən idman sahəsində əldə edilmiş uğurlar, bayrağımızın qaldırılması, himnimizin səsləndirilməsi vətənpərvərlik hisslərini daha da gücləndirirdi və hər birimizə bir daha göstərirdi ki, əgər biz idman yarışlarında düşməni təmsil edən idmançıları məğlub edə biliriksə, döyüş meydanında da mütləq qələbə qazanacağıq. "
İDMANÇILARIMIZ MÜZƏFFƏR ÖLKƏNİ TƏMSİL EDİRLƏR
Azərbaycan xalqı qalib xalqdır və bu ifadəni işlədərkən böyük bir həqiqətin arxasında dayandığını görürük. Azərbaycan tarixi ədaləti bərpa etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən çıxışında "Siz gənclər artıq başqa Azərbaycanı təmsil edirsiniz", - deyən dövlət başçısı diqqətə çatdırıb ki, siz qalib gəlmiş müzəffər xalqı təmsil edirsiniz: "Əminəm ki, o arenaya çıxanda sizin ürəyinizdə mütləq bu duyğular olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq, o cümlədən İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar. Siz də beynəlxalq yarışlarda əlbəttə ki, müxtəlif ölkələrdə olursunuz. Əminəm, bəlkə də siz gənclər yox, - çünki siz təzə-təzə beynəlxalq yarışlarda iştirak etməyə başlamısınız, - amma böyüklər, məşqçilər, idman mütəxəssisləri mütləq görür ki, Azərbaycana münasibət nə dərəcədə dəyişmişdir. Çünki biz qalib ölkəni, müzəffər xalqı təmsil edirik".
İdman sahəsinə ayrılan diqqət və göstərilən qayğı gənclərin bu sahəyə olan marağını artırıb. Kütləvi olaraq bu sahəyə axın var. "Biz ləyaqətli xalqı və böyük hörmətə layiq olan ölkəni təmsil edirik. Siz idmançılar bundan sonra, sizdən sonra gələn nəsillər həmişə müzəffər ölkəni təmsil edəcəksiniz" – deyərək bildirib ki, bizim Qələbəmiz əbədidir, biz Qarabağı düşməndən azad edən xalqıq və o torpaqlarda həyat yaradan, həyat quran xalqıq. Əlbəttə ki, işğaldan azad olunan torpaqlarımızda da idmanın inkişafına diqqət ayrılacaqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda canlanma müşahidə olunmaqdadır. Dövlət başçısın qeyd etdiyi kimi, azad edilmiş torpaqlarda idman inkişaf etməlidir: "Biz indidən bu işlərlə məşğul oluruq. Stadionlar, idman kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş bütün şəhərlərin Baş planlarında da öz əksini tapır".
Nəzakət ƏLƏDDİNQIZI