PDF Oxu

Siyasət

  • 2 005

Rusiya-Ukrayna qarşıdurması probleminin həllində Azərbaycan-Türkiyə faktoru - TƏHLİL

Rusiya-Ukrayna qarşıdurması probleminin həllində Azərbaycan-Türkiyə faktoru - TƏHLİL

Artıq bəlli bir müddətdir ki, Rusiya ilə Ukrayna arasında yaranan qarşıdurma, müharibə bütün dünyanın diqqət mərkəzindədir. Hətta dünya dövlətlərinin qarışacağı təqdirdə bu qarşıdurmanın üçüncü dünya müharibəsinə çevrilmə təhlükəsi də mövcuddur və iki Slavyan ölkəsi arasında gedən müharibənin hamının diqqət mərkəzində olması da məhz bu səbəbdəndir. Narahatçılıqlar da anlaşılandır və bu baxımdan müharibənin mümkün qədər tez başa çatması hər kəsin maraq dairəsindədir. Təbii ki, dünya ölkələri bu müharibənin qarşısının alınması üçün bütün səylərini ortaya qoymaqdadırlar, amma etiraf olunur ki, bu məsələdə Türkiyə daha öndədir və hətta tərəflər arasında razılığa gəlinməsi, sülh danışıqlarının əldə edilməsində Türkiyənin təsirinin daha çox olduğunu hər kəs qəbul edir, bunun da bir çox səbəbləri var.

Qeyd edildiyi kimi, dünya dövlətləri Rusiya və Ukrayna arasında gözlənilən müharibəyə qarşı idilər və hələ müharibə başlamamışdan öncədən bir çox Avropa dövlətləri məsələyə müdaxilə etmək, müharibənin qarşısını almaq üçün çox əl-ayağa düşmüşdülər. Məsələn, Almaniya və Fransa bu baxımdan daha çox səylər göstərirdi. Təbii ki, nəticənin necə olması başqa məsələdir və müzakirə mövzusu da deyil, amma bir fakt göz önündədir ki, Avropa dövlətləri bunun öhdəsindən gələ bilmədilər. O da bir faktdır ki, artıq Avropa ölkələri bu məsələnin öhdəsindən yalnız Türkiyənin gələ biləcəyini qəbul və etiraf edirlər. Əks halda bütün Avropanın, eləcə də dünyanın gözü Türkiyədə olmazdı və qarşı-qarşıya gələn tərəfləri bir-biri ilə barışdırmaq məqsədi ilə danışıqlar üçün Türkiyənin seçilməsini dəstəkləməzdilər və bu da əbəs yerə deyil.

Türkiyənin bu məsələdə daha öndə olmasının bir çox səbəbləri var. Əvvəla, istər Rusiya, istərsə də Ukrayna bütün dünya dövlətlərindən daha çox Türkiyəyə inanır. Çünki, Türkiyə hər zaman ədalətli mövqe sərgiləyib və ələlxüsus mövqeyi hər zaman dəyişməz olub. Yəni, Fransa kimi hansısa Avropa dövlətinin timsalında mövqe fəyişkənliyi Türkiyə üçün qəbuledilməzdir və xarakterik deyil. Üstəlik, Türkiyə lideri cənab Ərdoğanın qətiyyətli və dəyişməz mövqeyi də hər kəsə tanışdır və bunu prezident Putin də dəfələrlə etiraf edib. Digər tərəfdən isə, Rusiyaya qarşı sanksiyalarla çıxış edən Qərbin sülh yaratmaq missiyası Rusiya, eləcə də onun lideri Putin üçün qəbuledilməz hesab oluna və bir növ onun boyun əyməsi, ən azından geri çəkilməsi sayıla bilər. Əksinə, Türkiyə ilə yaxınlıq, Türkiyənin məsələyə müdaxilə etməsi ruslar üçün həm qəbulediləndir, həm də böyük bir üstünlükdür. Qəbulediləndir ona görə ki, Rusiyaya qarşı sanksiyanı Türkiyə deyil, Qərb verib və danışıqları Türkiyənin aparması ruslar üçün əksiklik gətirə bilməz. Digər tərəfdən də Türkiyənin vasitəçiliyini qəbul edən Rusiya bununla dünyaya mesaj verir ki, heç də təklənmiş ölkə deyil və onun yanında Türkiyə kimi qüdrətli bir dövlət var.

Bu qarşıdurmada qaranlıq məqamlar az deyil. Məsələn, baxmayaraq ki, müharibənin olacağı ruslar tərəfindən təkzib edilirdi, baxmayaraq ki, ölkənin hakimiyyət mənsubları bir-birinin ardınca müharibə etmək niyyətlərinin olmadığını bəyan edirdilər, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi baş tutdu. Məsələnin nə qədər təhlükəli olduğu, xüsusən üçüncü dünya müharibəsinin başlanması baxımından təhlükəliliyi səbəbindən bu qarşıdurma daha çox narahatçılıq da doğurur. Əlbəttə ki, insan tələfatı, mülki vətəndaşların və hərbçilərin tələf olması, şəhərlərin dağıdılması, viran qoyulması arzuolunmaz və narahatlıq döğuran hallardır və bütün müharibələr bu baxımdan qətiyyətlə pislənilir. Məsələ burasındadır ki, bu Rusiya ilə Ukrayna arasında olan bu müharibə daha böyük təhlükələr vəd edir, çünki bu qarşıdurma şişərək üçüncü dünya müharibəsinə çevrilə bilər və bu da artıq ümumbəşəri problem deməkdir.

Sözsüz ki, bu zamanda, məhz XXI əsrdə, özü də bütün dünyanın gözü önündə Rusiya ordusunun başqa bir müstəqil ölkənin torpaqlarına soxulması qəbuledilməzdir. Ukrayna tərəfi də elə bu məsələnin qəbuledilməz olduğunu bəyan etməkdədir və öz müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü qorumaqda haqlı olduqlarını bütün dünyaya, eləcə də Rusiyaya bildirir. Qəbuledilməz həm də odur ki, Ukraynanın şəhərlərinin əksəriyyəti Rusiya tərəfindən, rusların bombaları ilə darmadağın edilib və hələ də edilməkdədir. Bir çox Ukrayna şəhərləri yerlə yeksan olub. Evlərini tərk edə bilən, sağ qalan, sığınacaqda yerləşən mülki insanlar geri qayıtdıqlarında öz evlərini, mənzillərini onsuz da tapa bilməyəcəklər. Bu böyük faciədir. Məhz bunun qarşısı alınmalıdır və bu baxımdan hər kəsin Rusiya liderinə qarşı sərgilədiyi mövqeyi də başadüşüləndir. Ən dəhşətlisi isə odur ki, eyni tarixi köklərə, mədəniyyət kodlarına sahib olan iki Slavyan ölkəsi bir-biriylə amansız müharibəyə girişib, xüsusiylə günahsız ukraynalıların yurd-yuvaları bombardıman edilir, onlar öz torpaqlarını müdafiə edərkən həlak olurlar. Məhz bu dəhşətin mümkün qədər tez bitməsi, başa çatması üçün Türkiyə və Azərbaycan prezidentləri iki Slavyan ölkəsinin aralarındakı problemi diplomatik danışıqlar yoluyla həll etmək niyyətini lap əvvəldən ortaya qoyub. İki qardaş ölkə son ana qədər vasitəçilik təşəbbüsündən vaz keçməyiblər. Lakin məsələnin daha böyük geosiyası yönlərinin, aktyorlarının olduğu da açıq-aşkar göz önündədir.

Tarixi keçmişi və mövcud etno-demoqrafik reallıqları imkan verirdi ki, Ukrayna Qərblə Rusiya arasında körpü rolunu oynaya bilsin. Məsələ burasındadır ki, Ukrayna bu iki qarşı-qarşıya duran qütb arasında cəbhə, müharibə meydanına çevrildi. Kiyevdə hakimiyyət başına gələn iqtidarların Qərb meyilli olması, Rusiya əlehdarı olaraq qatı bir siyasət aparması bu müharibə vəziyyətini ortaya çıxardı. Şübhəsiz ki, cərəyan edən proseslər dünya sisteminin gələcəyini müəyyənləşdirəcəyi kimi, Türkiyə və Azərbaycanın Qara dəniz hövzəsindən Orta Asiyaya qədər uzanan geniş coğrafiyalardakı maraqlarına da təsirsiz ötüşməyə bilməz. Bu baxımdan Azərbaycan-Türkiyə birliyi, müttəfiqliyi həm milli maraqlardan, həm də sülh yaratmaq, haqqı, ədaləti, beynəlxalq hüququ bərpa etmək mövqeyindən çıxış edərək Ukraynanın ərazi bütövlüyünə birmənalı dəstək verib işğal təşəbbüsünə belə qarşısı oldu. Eyni zamanda bu iki qardaş ölkə, yəni Türkiyə və Azərbaycan Rusiya ilə münasibətlərdə daha balanslı bir siyasət aparmaqdadır. Turizmdən ticarətə qədər Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə çox geniş əməkdaşlığı, tərəfdaşlığı mövcuddur və bu mənada maraqlar var. Bu səbəblə prezident Ərdoğan nə Ukraynadan nə də Rusiyadan vaz keçməyin mümkün olmadığı qənatəindədir və barışdırıcı, balanslaşdırıcı bir siyasət aparması da anlaşılan, başadüşüləndir. Azərbaycanın isə 44 günlük Qarabağ müharibəsindən sonra müxtəlif hərbi-siyasi reallıqları nəzərə almaqla, Rusiya sülhməramlılarının müvəqqəti olaraq Qarabağın az sayılı erməni əhalisinin yaşadığı bölgələrinə yerləşməsinə icazə verdiyi də günün reallığıdır və rəsmi Bakının milli təhlükəsizliyinə qonşularının yarada biləcəyi potensiyal təhlükələr səbəbiylə Moskva ilə münasibətləri normal saxlaması da anlayışla qarşılanır və uyğun şərait yaranan kimi Xankəndindəki separatizm qalıqlarını məhv edib Rusiya sülhməramlılarını ölkələrinə qaytarılmalarının təmin edilməsi istəyi də bəllidir. Ümumiyətlə Türkiyə-Azərbaycan ittifaqının bütün Avrasiyada Türkiyə-Rusiya uzlaşması təmin edərək, bir çoxu Moskvanın ənənəvi müstəmləkə siyasətindən qaynaqlanan ərazi münaqişələri, separatizm problemlərini həll edib ölkələrin ərazi bütövlüklərinə hörmət çərçivəsində regional əməkdaşlıq və sabitliyi davamlı duruma gətirmək istədiyi də açıq-aşkardır. Lakin coğrafi super güc olmasına rəğmən Rusiyanın azalmayan iştahı da, Qərbin Türk İslam aləminə yönəlik ikili standart siyasətini də nəzərə almaq gərəkir. Bu bir siyasi reallıqdır. İstiqlalın qorunması, ədalət və milli maraqların təmini üçün Türk Dünyası məhz özü yeni dünyanın güc mərkəzlərindən biri halına gəlmək niyyətindədit və müvəffəqiyyətləti də göz önündədir. Sürətlə dəyişən geosiyasi şərtlər daha dinamik bir siyasət həyata keçirilməsini, sözsüz ki, zəruri edir və Rusiyanın yeni imperyalist həmlələrinin qarşısının alınması, işğala qarşı tərəqqipərvər bəşəriyyətlə birlikdə olmaq da məsələnin başqa bir nəzərəçarpacaq vacib məqamıdır.

Bilirik ki, artıq Rusiya demokratik dünya birliyinin total sanksiyaları altındadır. Bu ölkənin vəziyyəti heç də xoşagələn deyil. Ölkə daxilində sanksiyalar səbəbindən çox məhrumiyyətlər var və əhali bundan əziyyət çəkir. Yəni, təkcə Ukrayna əhalisi deyil, ruslar da bundan əvvəlki kimi rahat şəraitdə deyillər. Məhrumiyyətlər rusları çətin duruma salıb. Bu vəziyyətdə ölkə daxilində narazılıqlar, fiir ayrılıqları da yaranmağa başlayıb. Məhz ölkədəki sıxıntıların və narazılıqların fonunda Putinin əleyhidarları da artmaqdadır. Bir sözlə, Rusiya prezidenti heç də ürəkaçan mənzərə qarşısında deyil və çətinliklərin yarandığını yaxşıca dərk edir və hətta bundan ehtiyatlanır. O da sirr deyil ki, hər iki qarşı duran cəbhə üçün bütün parametrlər üzrə Türkiyə və Türk Dünyasının əhəmiyəti daha da artıb və artmaqdadır. Çünki, tərəflər yaxşı başa düşürlər ki, onların bu qarşıdurması ikili standartlar siyasəti yürüdən Qərb, Avropa tərəfindən deyil, yalnız ədalətli ölkə olan Türkiyə tərəfindən dayandırıla bilər. Yaxşı başa düşürlər ki, Türkiyə daha sivil və ədalətli vasitəçi olaraq çıxış edə bilər. Anlayırlar ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında, sülh danışıqları üçün səylərin artırılmasında, qarşıdurma probleminin həllində Azərbaycan-Türkiyə faktoru danılmazdır. Xüsusilə, dünyada söz sahibinə çevrilən, nüfuzu günü-gündən artan Türk Dünyasının birliyi, gücü ilə hesablaşmağın zamanı olduğu qəbul edilir və hər iki qardaş ölkənin bu müharibənin sülhlə başa çatmasına tövhə verəcəyinə inam durmadan artır.

Digər xəbərlər