Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Gününə həsr edilmiş tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımız azad olundu. Erməni vəhşiliyinə məruz qalmış torpaqlarımızda aparılan yenidənqurma işləri vətəndaşlarımızın tezliklə öz doğma torpaqlarına qayıdacaqlarından xəbər verir. Lakin düşmən azad olunmuş ərazilərə yüz minlərlə mina, çoxlu sayda partlamamış hərbi sursatlar basdırmış ki, bu da əhali üçün ciddi təhlükə yaradır. İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Minalardan Azad Qarabağ” adlı layihəyə start verib. Layihə çərçivəsində ilk tədbir Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında keçirib. Layihə çərçivəsində silsilə tədbirlər nəzərdə tutulub. Layihənin məqsədi gənc nəsil arasında mina təhlükəsizliyi barədə maarifləndirmə işin aparılmasıdır. Tədbirdən öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən bəhs edərək bildirib ki, Azərbaycan Ordusunun cəsur zabit, gizir və əsgərlərinin canı-qanı bahasına Ermənistanın 30 il ərzində inşa etdiyi nəhəng istehkamları, minaladığı hektarlarla cəbhə xətlərini yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. İşğaldan azad olmuş torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılması, ölkə rəhbərinin böyük sevinc hissi ilə xalqımıza verdiyi qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr də Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük stimul oldu.Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini, birliyin təsisçisi Abbas Pənahov bildirib ki, 10 noyabr 2020-ci tarixindən — üçtərəfli bəyannamədən indiyədək Ermənistan tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məqsədyönlü şəkildə basdırılmış minalar 200-dək azərbaycanlının (mülki və hərbi) ya həyatına son qoyub, ya da müxtəlif dərəcəli xəsarət alıblar. Daha sonra Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) aparıcı mütəxəssisi Zamiq Aslan çıxış edərək mina təhlükəsizliyindən ətraflı danışaraq, ANAMA-nın bu istiqamətdə gördüyü işlərdən bəhs edib. Tədbir daha sonra müzakirələr və təlimçi Sürayyə Səfərovanın iştirakı ilə seminar formatında davam edib.
Nəzakət ƏLƏDDİNQIZI