"Rusiya-Ukrayna müharibəsi hazırda Rusiyanın məğlubiyyəti ilə nəticələnir. Buna baxmayaraq, Rusiya hələ də işğalçılıq siyasətini həyata keçirir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Rusiyadan atılan raketlərin havadan müdafiə sistemləri tərəfindən vurulması labüddür: “Buna görə Ukraynaya yeni silahlar verilməlidir. Hazırda Kiyev ətrafında rus qoşunları darmadağın edilib, Ukrayna qüvvələri əks-hücuma keçib. Rusiya öz ordusunu Donbas istiqamətində cəmləşdirib və ölkənin cənub-şərq hissəsində mövqelərini möhkəmləndirib. Bununla da Ukraynanın Azov dənizi sahilinə çıxışını bağlamağa çalışacaq. Bu baxımdan Ukraynaya ciddi hərbi-logistik dəstək lazımdır. Ukraynanın işğal olunmuş ərazilərini azad etmək üçün yeni və müasir silahlara ehtiyacı var. Bu yardım baş verərsə, Rusiya Ukraynanın diktə etdiyi şərtlər daxilində sülh müqaviləsi imzalaya bilər".