YAP Yasamal rayon təşkilatında "Azərbaycanın milli maraqları və xarici siyasəti" adı altında gənclərlə keçirilməkdə olan silsilə görüşlərin budəfəki qonağı YAP Təftiş Komissiyasının üzvü, millət vəkili Vüqar İskəndərov olub.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev gəncləri salamlayıb və Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin uğurla reallaşdırılması nəticəsində əldə edilən nailiyyətlərdən danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycan gəncliyi ölkə həyatının bütün sahələrində fəal iştirakı ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi, humanitar və digər tədbirlərin keçirilməsində mühüm rol oynayır. Bundan əlavə olaraq Bəxtiyar Nəbiyev Azərbaycanda gənclər siyasətinin qarşısında duran əsas məqsədlər kimi gənclərin maarifləndirilməsi, intellektual səviyyəsinin artırılması, gənclərimizin və yeniyetmələrimizin elmə, təhsilə yiyələnmələrinə nail olunması, sosial fəaliyyətlərinin yüksək olması, onların arasında azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsi, dövlət və hökumət strukturlarında geniş təmsil olunması və s. məsələlərə diqqət çəkib. Çıxış edən YAP Təftiş Komissiyasının üzvü, millət vəkili Vüqar İskəndərov Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, vətəndaşlarının hüquqlarının, cəmiyyətinin milli və vətəndaş birliyinin, ölkənin sabit inkişafının tələb etdiyi ən ümdə dövləti vəzifələri və onların təminatı yolları və s. dövlət gənclər siyasətinin ən ali məqsədini təşkil etdiyini qeyd edib. Vüqar İskəndərov Azərbaycanda gənclərin maaarifləndirmə işinin aparılmasının dövlət siyasətinin mühüm sahələrindən biri olduğunu söyləyib.
O, respublikamızda Ulu Öndər Heydər Əliyevin banisi olduğu gənclər siyasətinin davam etdirilməsi istiqamətində müasir cəmiyyətimizin maarifləndirilmə yolu ilə inkişafına, dövlətçiliyimizə və xalqımıza layiqincə xidmət etməyi qarşısına məqsəd qoymuş Azərbaycan gənclərinin ictimai fəallığının yüksək olduğunu bildirib.
Daha sonra müzakirə formatında davam edən görüşdə gənclərin sualları cavablandırılıb, təklifləri dinlənilib.
Sonda gənclərlə xatirə şəkli çəkilib.
Nəzakət ƏLƏDDİNQIZI