"2003-cü ildə İlham Əliyev andiçmə mərasimində iki əsas məqama toxundu. Dövlət başçısı söylədi ki, "hər bir azərbaycanlının prezidenti olacağam və Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün var gücümlə çalışacağam". Bu gün cənab Prezident dünyada sözü ilə əməli bir olan böyük siyasi xadim kimi özünü təsdiq edib". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.Onun sözlərinə görə, Azərbaycan kimi çətin geosiyasi bölgədə yerləşən bir ölkə qısa müddət ərzində böyük uğurlara imza atdı: "Adətən gənc prezidentlərin bütün siyasi hadisələri düzgün qiymətləndirməsi, ölkəni idarə etməsi, bütün sahələrdə inkişafa nail olması üçün zamana ehtiyacı olur. Amma cənab Prezident İlham Əliyev bütün məsələləri qısa bir vaxt ərzində həll etdi. Onun Ümummilli Lider Heydər Əliyev kimi dünya səviyyəsində böyük siyasi xadimin həm övladı olması, həm siyasi varisi olması, bütün məsləhətini Ümumilli Liderdən alması, həmçinin cənab Prezidentin dünya siyasətini dərindən bələd olması, siyasi gedişləri ustalıqla etməsi ölkəmizi bir çox bəlalardan qurtarmış oldu. Artıq Azərbaycan təkcə Cənubi Qafqazın lider ölkəsi kimi yox, həm bütün Avrasiya qitəsində, həm də dünya miqyasında sayılıb-seçilən, mahiyyətcə böyük olan bir dövlətə çevrildi".Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan 21-ci əsrdə dondurulmuş münaiqşələrin çox olmasına baxmayaraq onu həll etmiş yeganə ölkədir: "Bu gün Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının rəhbəri kimi dünya səviyyəsində sözü və əməli bir olan, qətiyyətli, iradəli siyasətçi imicini formalaşdırıb. Azərbaycan həm iqtisadi, həm siyasi, həm mədəni sahədə multikultural dəyərləri özündə ehtiva edərək inkişaf edən ölkə statusunu qazanıb. Bunların hər biri onu deməyə əsas verir ki, bu gün qazanılan uğurlar gələcəyə əsaslanıb. Hər bir sahədə Azərabaycanda inkişaf var. Bunu dünyanın aparıcı dövlətləri də qeyd edir. Bu gün Azərbaycanın Türkiyə ilə müttəfiqlik müqaviləsi var. Bundan əlavə Azərbaycanın Rusiya, İran, Pakistan, İsrail və Avropanın bur çox ölkələri ilə yüksək səviyyəli münasibətləri mövcuddur. Bu münasibətlər hər gün dinamik xətlə inkişaf edir. Prezident İlham Əliyevin yürütdüyü həm daxili, həm də xarici siyasət əhali tərəfindən yüksək səviyyədə qiymətləndirilir və əhalinin mütləq əksəriyyəti cənab Prezidenti dəstəkləyir. Biz həm 44 günlük Vətən müharibəsi dövründə, həm də bundan sonrakı proseslərdə bunun əyani şahidi oluruq".
Arzu Qurbanzadə