PDF Oxu

Siyasət

  • 7 593

Bakının təqdim etdiyimiz 5 prinsip beynəlxalq hüququn normalarını əks etdirir - DEPUTAT

Bakının təqdim etdiyimiz 5 prinsip beynəlxalq hüququn normalarını əks etdirir - DEPUTAT

“Rəsmi İrəvan Azərbaycanın Ermənistanla yekun sülh danışıqları üçün irəli sürdüyü beş bəndlik prinsiplərə cavab olaraq ziddiyyətli bəyanatlar səslənməkdə davam edir. Ermənistan rəhbərliyi bir tərəfdən Azərbaycanın təkliflərini “məqbul” adlandırır, hətta “dərhal sülh danışıqlarına başlamağa” çağırır, digər tərəfdən isə faktiki olaraq rəsmi Bakının sülh təkliflərini rədd etmək məqsədi daşıyan bəyanatlar səsləndirir”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.Deputat bildirib ki, Azərbaycanın sülh prosesinə başlamaq üçün irəli sürdüyü 5 baza prinsipi beynəlxalq hüquq normalarına və dövlətlər arasında diplomatik münasibətlərin qurulmasının beynəlxalq təcrübəsinə söykənir: “Burada qəbuledilməz heç nə yoxdur. Bu barədə rəsmi Bakının Ermənistanın siyasi rəhbərliyinə ünvanladığı sənədin məzmununda da açıq şəkildə yazılıb. Birincisi, dövlətlər tərəfindən suverenliyin, ərazi bütövlüyünün, beynəlxalq sərhədlərinin toxunulmazlığının və bir-birinin siyasi müstəqilliyinin qarşılıqlı tanınması, ikincisi, dövlətlərin bir-birinə ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə iddiaların irəli sürülməyəcəyinə dair hüquqi öhdəliyin qəbul edilməsi, üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyinə təhdidlərdən, siyasi müstəqilliyə və ərazi bütövlüyünə qarşı təhdid və güc tətbiqindən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun gəlməyən digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması və beşincisi, nəqliyyat marşrutlarının və kommunikasiyalarının açılması, digər müvafiq kommunikasiyaların yaradılması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması. Bu sənəddə yazılanlar əslində, Ermənistana verilən ən sonuncu şansdır, qonşuluq şansı, mövcudolma şansıdır. 44 günlük ağır müharibə Ermənistana əsl dərs oldu, işğalçı bir dövlətin layiq olduğu cəza oldu. Ermənistanın silahlı qüvvələri tərəfindən 30 il işğal altında saxlanılan ərazilərimiz azadlığına qovuşandan sonra Azərbaycan Qarabağ iqtisadi rayonunda və Şərqi Zəngəzurda quruculuq işlərinə start verib. Dünyanın bir sıra ölkələri həyata keçirilən meqalayihələrdə iştirak etmək istəklərini rəsmi Bakının diqqətinə çatdırıblar. Zəfər yolunun, Horadiz-Ağbənd dəmir yolunun, Qarabağın qapısı adlandırılan Füzuli Hava Limanının tikintisi, Zəngilan rayonunda Ağalı “ağıllı kənd” və bir sıra infrastruktur layihəsinin həyata keçirilməsi günümüzün reallığıdır. Bəli, Azərbaycan Ermənistandan fərqli olaraq quruculuqla məşğuldur və Ermənistana da işğalçılıq, anti-Azərbaycan siyasətindən əl çəkməyi, sülh şəraitində yaşamağı təklif edir”.A.Hüseynov aprelin 6-da Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilməsi planlaşdırılan görüşə də münasibət bildirib: “Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Raununu qəbul edərkən qeyd edib ki, münaqişə artıq öz həllini tapıb. Azərbaycan bunu özü edib və indi də Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır. Bizim təqdim etdiyimiz beş prinsip beynəlxalq hüququn normalarını, yaxşı beynəlxalq davranışı əks etdirir. Qarşılıqlı olaraq ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının tanınması, daha sonra sərhədlərin delimitasiyası - hesab edirəm ki, bunun əsasında Qafqaza sülh gələcəkdir. Ermənistanın xarici işlər naziri də Azərbaycan tərəfinin təkliflərini “məqbul” adlandırıb. Ümid etmək olar ki, Brüsseldəki görüş məsələyə yekun aydınlıq gətirəcək. Problem ondadır ki, Ermənistan tərəfi baza prinsiplərini inkar edən şərtlər irəli sürməkdən əl çəkmir. Rəsmi İrəvan sülh danışıqlarına başlamazdan əvvəl Azərbaycan ərazisində yaşayan ermənilərin “hüquqları və statusu” məsələsini müzakirə etməyi tələb edir. Üstəlik, İrəvan məsələyə Minsk qrupunu da cəlb etmək arzusundadır. Halbuki, ATƏT-in Minsk qrupunun 30 illik uğursuz vasitəçilik missiyası faktiki olaraq bu formatı nüfuzdan salıb. Vasitəçilər həm öz aralarında olan geosiyasi rəqabətə görə, həm də bir sıra başqa səbəblərə görə öz missiyalarında obyektiv deyildilər. Bu qurumun yenidən vasitəçi olaraq danışıqlar prosesinə dəvət edilməsi isə indiyə qədər əldə olunanların məhvi olardı.

sia.az

Digər xəbərlər