Bu, Qalib Liderin “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözü ilə əməlini üst-üstə düşməsinin reallığıdır
2003-cü il oktyabrın 1-də prezident seçkilərində öz namizədliyini geri götürdüyünü bildirən Ulu Öndər Heydər Əliyev xalqımızı Cənab İlham Əliyevi dəstəkləməyə çağırdı. O, həm Cənab İlham Əliyevin, həm də Yeni Azərbaycan Partiyasının bundan sonra da Azərbaycan dövlətinin inkişafı və xalqımızın rifahı yolunda böyük işlər görəcəyinə inanırdı. Və bu inamın nəticəsi idi ki, prezident seçkilərində Azərbaycan xalqı öz səsini ulu öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Məhz həmin vaxtdan ötən müddət ərzində Ümummilli Liderin “Mən ona özüm qədər inanıram” sözlərini əməlləri ilə təsdiq edən Prezident İlham Əliyev Azərbaycanda yeni bir dövrün, eranın başlanğıcının əsasını qoydu. Fəaliyyətinin ilk illərindən ölkədə dayanıqlı iqtisadiyyatın qurulması, əhalinin rifah halının yüksəldilməsi ilə yanaşı, Prezident İlham Əliyev tərəfindən müstəqillik və azərbaycançılıq ideologiyasının daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Aparılan uğurlu siyasət nəticəsində ölkədə sosial-iqtisadi vəziyyət xeyli yaxşılaşdı, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən bir cəmiyyətin formalaşması təmin edildi. Eyni zamanda, dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu, ölkənin yeni imkanları beynəlxalq əməkdaşlığı kifayət qədər gücləndirdi, İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirək” şüarı Azərbaycanın gələcək inkişafını təmin etdi. Bu baxımdan, təsadüfi deyil ki, bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.“Sağlam cəmiyyət güclü dövlət deməkdir” prinsipi ilə həyata keçirilən dövlət siyasəti artıq öz bəhrələrini verib. COVID-19 virusu dünya ölkələrini çətin vəziyyətə salanda Azərbaycan dövləti vətəndaşlarını müvəffəqiyyətlə qorumağı bacardı. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları da Azərbaycanın qlobal pandemiya dövründə özünü nümunəvi ölkə kimi təsdiqlədiyini etiraf etdilər.Prezident İlham Əliyevin Vətən və xalq qarşısında ən böyük xidmətlərindən biri də qüdrətli və müzəffər Ordunun yaranmasıdır. Müzəffər Ali Baş Komandan, böyük sərkərdə İlham Əliyevin 18 illik gərgin əməyinin nəticəsində formalaşan güclü Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdi, ölkəmiz öz ərazi bütövlüyünü təmin etdi, "Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən Ulu Öndər Heydər Əliyevin arzusunu da bu gün Prezident İlham Əliyev "Şuşasız işimiz yarımçıq qalar" deyərək reallaşdırdı. Və...
ZƏFƏRİMİZİN TARİXİ TƏNTƏNƏSİDİR “ŞUŞA İLİ”
Və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamı xalqına, torpağına, Vətəninə olan sonsuz sevgisinin təcəssümü, Azərbaycanın hərb meydanı ilə yanaşı, diplomatiya müstəvisində də qələbəsinin təsdiqi və dünyaya təqdimatı, Zəfərimizin tarixi təntənəsidir. Ən əsası isə, Şuşanın tarixi kimliyini bir daha özünə qaytarılması, “Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur” deyən dahi Heydər Əliyevin bu arzusunun u gün Prezident İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar” deyərək reallaşdırılmasıdır. Bu “Dəmir yumruq” gücündən – Qarabağımızın, Şuşamızın dirçəlişinin reallaşdırılmasıdır. Bu, Qarabağın əsl sahibinin kim olduğunu dünyaya daha geniş şəkildə təqdim edilməsidir. Bu Qalib Liderin qətiyyətinin və uzaqgörənliyinin, "Əziz Şuşa, biz səni dirçəldəcəyik!" sözü ilə əməlini üst-üstə düşməsinin reallığıdır.Artıq Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada ötən bir il ərzində şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilmişdir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Qısa müddətdə Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərdi ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.
“DƏMİR YUMRUQ” GÜCÜNDƏN - QARABAĞ DİRÇƏLİŞİNƏ DOĞRU
Bəli, 44 gün davam edən Vətən müharibəsinin 42-ci günündə - noyabrın 8-də azərbaycanlıların illərdir həsrətində olduğu Şuşa şəhəri işğaldan azad edildi və elə həmin gün Şuşada Azərbaycan bayrağı qaldırıldı. Və İkinci Qarabağ savaşını “Dəmir yumruq”la qazanan Ali Baş Komandan İlham Əliyev “dəmir iradə” ilə işğaldan azad edilən şəhər və rayonları, qəsəbə və kəndləri bərpa edir, yenidən qurur və çox böyük layihələr reallaşdırır. Yeni açılışlar, təməlqoymalar isə işğaldan azad edilmiş torpaqlarımızda başlanan tikinti-quruculuq, yenidənqurma işlərinin, yəni Qarabağın inkişaf planının tərkib hissəsidir.
Bir sözlə, bu ilin Şuşa ünvanlı, Şuşa hədəfli olması ilə dövlət başçımız həm xalqımızın, həm də dünya ictimaiyyətinin diqqətini bir daha bu qədim Azərbaycan şəhərinə yönəltmişdir. Bununla Azərbaycan dövləti Qarabağın qədim Azərbaycan torpağı və Şuşanın da əsl Azəraycan şəhəri olduğunu bir daha dünyaya çatdırır. Prezident İlham Əliyevin “Şuşa ili” çağrışı qədim Şuşa şəhərinin işğaldan azad edildikdən sonra milli memarlıq ənənələri əsasında yenidən bərpa edilməsinə geniş meydan açacaqdır. Çünki Şuşa Azərbaycan üçün, sadəcə, bir şəhər deyil, xalqımızın maddi-mənəvi dəyərlərini özündə əks etdirən rəmz, əziz məkanıdır. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən şəhərin yenidən qurulması, abadlaşdırılması diqqət mərkəzində saxlanıldı. Yolların, tarixi abidələrin bərpasına, şəhərin su, elektrik təchizatının qaydaya salınmasına xüsusi önəm verildi. Bu, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə dəfələrlə etdikləri səfərlər zamanı bir daha öz təsdiqini tapdı.Bütün bunlar onu sübut edir ki, "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinə uyğun Prezident İlham Əliyev hakimiyyətdə olduğu 18 il ərzində, hər gün və hər saat Şuşa başda olmaqla işğalda olan bütün əraziləri azad etmək uğrunda mübarizə aparmağa nail oldu və bu müddət ərzində bir dənə də yerinə yetirilməyən vəd yoxdur.Bir sözlə, belə bir qısa vaxtda gerçəkləşdirilən və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi və bu gün Şuşa yenidən qurulur, özü də daha möhtəşəm, daha əzəmətli.
RƏFİQƏ KAMALQIZI