Dünyanın mənzərəsi sürətlə dəyişməkdədir və tezliklə yeni dünya düzəni ilə qarşılaşacağıq, hansıki bu mənzərədə, bu düzəndə Rusiya nəinki hesaba alınmaz ola bilər, hətta bu ölkənin tamamilə bataqlığa qərq olacağı ehtimalı da var. Rusiyanın bataqlığa doğru getdiyi müzakirə mövzusu deyil, məsələ burasındadır və müzakirə mövzusu odur ki, bataqlıq astanasında olan Rusiyanın Ermənistanı da özü ilə bərabər eyni yerə çəkməsi riski həddindən artıq böyükdür, çünki Ermənistan batmaqda olan Rusiyanın şərikləri siyahısında ən başda dayanır.
Qeyd edək ki, Nebenzinin çıxışından bir neçə saat əvvəl “The New York Times” qəzeti Buçanın peyk vasitəsi ilə çəkilən şəkillərini yayımlayıb, hansıki bunlar təhlil edilərkən, araşdırılarkən belə nəticəyə gəlmək olar ki, həmin şəhər Rusiya hərbçiləri tərəfindən idarə olunarkən küçələrdəki cəsədlər hələ də orada olub. Onu da nəzərə çatdıraq ki, həmin o Rusiya hərbçiləri arasında ermənilərin olduğu da artıq hər kəsə bəllidir və ukraynalılar tərəfindən əsir götürülən hərbçilər arasında ermənilərin də olduğu dəfələrlə öz təsdiqini tapıb. Ən başlıcası, əsası isə odur ki, dünyanın müxtəlif ölkələrindən olan çoxlu sayda jurnalistlər indi hər şeyi öz gözləri ilə görə bilirlər və qəbul edirlər ki, bu məsələdə ermənilərin də “payı” var. Deməli, bu, Rusiya və onun şərikləri, xüsusən ermənilər üçün heç də arzuolunan deyil. Əksinə, reallıqları bütün dünyanın görməsi çox pis nəticələr vəd edir və bu nəticələr özünü çox gözlətməyəcək. Xüsusilə, Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzinin, “Ukraynanın Buça şəhərində onlarla mülki şəxsin öldürülməsi Rusiya ordusunu nüfuzdan salmaq və Rusiyaya siyasi təzyiq göstərmək məqsədi daşıyan növbəti hazırlanmış təxribatdır, hansıki bu təxribatın arxasında Kiyev hakimiyyəti və “onların Qərb sponsorları” dayanır”, deməsi bütün dünyanı daha da qəzəbləndirə bilər. Bu qəzəb isə təkcə rusların deyil, tezliklə elə ermənilərin də başının bəlasına çevriləcək.
“Buçadakı mənzərələr hamımızı heyrətə gətirir və müharibə cinayətlərinin baş verdiyi aydın şəkildə görünür”, deyən Böyük Britaniyanın xarici işlər naziri Liz Trass, “Rusiya BMT-nin İnsan Haqları Şurası üzvlüyündən çıxarılmalıdır”, deyə bildirib. Böyük Britaniyanın XİN rəhbəri Beynəlxalq Cinayət Məhkəməsində ədalətin bərqərar olmasının vacibliyini qeyd edib və bunun Londonun istəyi olduğunu da bəyan edib. Sözsüz ki, Beynəlxalq Cinayət Məhkəməsində ədalətin bərqərar olması zamanı təkcə Rusiyanın deyil, şəriklərinin, xüsusən Ermənistanın da mühakimə olunacağı şübhə doğurmur və bir halda ki, ermənilər təcavüzkarın, işğalçının yanında olublar, deməli onların da “payı” var. Nəzərə çatdıraq ki, belə düşünən təkcə Trass deyil və artıq belə bir fikir çoxdan formalaşıb. Konkret olaraq formalaşan fikir ondan ibarətdir ki, Rusiyanın hərbi məğlubiyyətindən, rejimin tamamilə sıradan çıxarılmasından, Rusiyanın və şəriklərinin Beynəlxalq Cinayət Məhkəməsində cavab verməsindən başqa bəşəriyyətin özgə niyyəti yoxdur. Bəşəriyyət yaxın gələcəkdə tamamilə başqa, fərqli bir Rusiya barədə düşünür. Belə olan halda isə Rusiyaya güvənərək ərköyünlük edən Ermənistandan söhbət gedə bilməz, əksinə bu işğalçı dövlətə də zərbə dəyəcəyi gözlənilir.
Bütün dünya, xüsusən Qərb yer üzündə nüvə silahı ilə hədə-qorxu gələn orduya malik olmayan yeni, fərqli bir Rusiyanın yaranmasında maraqlıdır. Deməli, bu fikirdə olanlar normal qəbul edilirlər. Əksinə, ermənilərin timsalında buna qarşı çıxanlar, yaxud mane olanlar Rusiyanın şərikləri hesab olunurlar və bu artıq dəyişməz olaraq qalır. Bir sözlə, Ermənistan öz işğalçı mövqeyi, işğalçı ilə bir yerdə qərarlaşması, onun yanında olması ilə Rusiyanın şərikləri siyahısında sayılır və bu həmin ölkə üçün faciələr deməkdir. Nəticələrin ermənir üçün nə qədər açınacaqlı olacağı da şübhə doğura bilməz və artıq erməni cəmiyyəti buna görə səksəkə içərisindədir. Hətta erməni mətbuatı da bu barədə bar-bar bağırır və açıncaqlı real vəziyyətləri barədə cəmiyyətə həyəcan siqnalı da ötürür. Bu da səbəbsiz deyil. Diqqətə çatdıraq ki, ermənilərin daha çox güvəndikləri lobbilərinin, diasporalarının təşəkkül tapdığı bir dövlətin, ABŞ-ın məhz Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays növbəti brifinq zamanı bildirib ki, anti-Rusiya sanksiyalarından yan keçmək və ya Ukraynada xüsusi əməliyyat keçirməkdə Rusiyaya kömək etmək cəhdləri digər ölkələr üçün nəticəsiz qalmayacaq. Qısa və daha aydın şəkildə desək, Rusiyanın şəriklərini hədələyib və xəbərdar edib ki, bu şərikliklərinə görə aqibətləri yaxşı olmayacaq, nəticə onlar üçün çox ağır olacaq. Doğrudur, Ned Prays qeyd edib ki, konkret hansısa ölkədən söhbət getmir, amma ən azından bunun kimə aid olduğu bəllidir və bunu ermənilər daha yaxşı başa düşürlər, qorxuları da elə bu səbəbdəndir. Bəli, ABŞ hakimiyyəti açıq şəkildə bildirir, bəyan edir ki, dövlətlər Vaşinqton, onun müttəfiqləri və ya tərəfdaşlarının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yan keçməyə çalışsalar, bunun ağır nəticələri ilə üzləşəcəklər.
Maraqlıdır, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın bütün bu fikirlərinin fonunda Rusiya hərbi əməliyyatını maliyyə və ya silahla dəstəkləmək cəhdi hansı ağır nəticələrə gətirib çıxara bilər? Əgər ABŞ sanksiyalardan sadəcə yan keçməyə çalışanları ağır nəticələr gözləyir deyə bəysan edirsə, o zaman Rusiya hərbi əməliyyatını maliyyə və ya silahla dəstəkləməyin nəticəsinin nə olacağını ermənilərin təsəvvür etmələri gərəkir. Yəqin ki, ermənilər bunu təsəvvür edirlər ki, yuxuları ərşə çəkilib. Erməniləri düşündürən bir sual var ki, indi onlar nə etməlidirlər? Bu sualın isə cavabı yoxdur, çünki artıq onlar etdiklərini ediblər. Bu zamana qədər ermənilər iblisə xas olan bütün əməllərə, işlərə əl atıb, bütün pisliklərə imza atıblar və bu gün də işğalçının yanındadırlar. Məhz ona görə də “nə etməlidirlər” sualı bütövlükdə Ermənistan üçün cavabı olmayan sual hesab olunur. Dünyanın Rusiyaya qarşı qəzəbinin fonunda onların şəriki sayılan ermənilər üçün bu cavabsız sual kifayət qədər böyük əzaba çevrilib, amma bu əzabla yaxalarını qurtaracaqları heç də inandırıcı deyil.