PDF Oxu

Siyasət

  • 3 866

11 aprel 2018-ci il - Zəfərə aparan prezident seçkisi

11 aprel 2018-ci il - Zəfərə aparan prezident seçkisi

Prezident seçkiləri hər bir xalqın, dövlətin həyatında olduqca mühüm tarixi, siyasi-hüquqi hadisədir. Xalq öz prezidentini seçməklə həm də növbəti dövr üçün öz iqtisadi-sosial gücünün təminatçısını, beynəlxalq siyasətdə dövlətin maraqlarını qoruyan şəxsi, sözün əsl mənasında öz liderini seçir. 4 il bundan əvvəl, 2018-ci il aprelin 11-də baş tutan prezident seçkilərində iştirak edən xalqımız bu məsuliyyəti olduqca gözəl dərk edirdi. Həmin gün xalqımız şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə 86.02 faiz səs çoxluğu ilə cənab Əliyev İlham Heydər oğlunu növbəti dəfə Azərbaycanın prezidenti seçmişdir. Cənab İlham Əliyevin bu prezidentiliyi dövründə baş verən sonrakı hadisələr xalqımızın seçiminin nə qədər düzgün siyasi və tarixi bir qərar olduğunu göstərdi. Çünki məhz 11 aprel 2018-ci il tarixli prezident seçkiləri müstəqil Azərbaycanın tarixinə ən şanlı səhifənin yazılmasının səbəbkarı olan, 30 illik işğala son qoyan, Qarabağ həsrətinə, Şuşa həsrətinə son qoyan bir prezidentin seçilmiş olduğu seçkilər kimi dövlətimizin tarixinə əbədi həkk olundu. Bundan sonra da xalqımız hər zaman 11 apreli erməni işğalçılarını torpaqlarımızdan çıxaran, ərazi bütövlüyümüzü bərpa edən, “Dəmir yumruğ”u yaradan Prezidentin - Müzəffər Ali Baş Komandanın seçildiyi tarix kimi xatırlayacaq.Əlbəttə xalqın seçimini Prezident İlham Əliyevin xeyrinə müəyyən etmiş amillər çox idi. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçmiş, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənmiş, dövlətimiz güclənmiş, onun qüdrəti və iqtisadiyyatı daha da artmışdır. Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdi, insan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşdur. Bundan əvvəlki prezidentliyi dövründə cənab Prezident tərəfindən daim Azərbaycan xalqının milli maraqlarını düşünərək atılan addımlar, Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsi, “bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” ideologiyası zatən Azərbaycan xalqının İlham Əliyevə dərin sevgisini qazandırmışdır. 44 günlük Vətən Müharibəsi dövründə onun əsl sərkərdə, lider kimi hərbi komandanlıqdan tutmuş informasiya müharibəsinə kimi bütün cəbhələrdə ən öndə vuruşması, “Mən xalqımdan heç nəyi gizlətmirəm”, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” mesajları verərək xalqda ruh yüksəkliyi, özünə güvən formalaşdırması, müharibə dövründə qarşılaşdığı təzyiqlər, bu təzyiqlərə təmkinlə, lakin kəskin və cəsarətli cavablar verməsi, sonda “Dəmir yumruq”la düşməni məhv etməsi, onu kapitulyasiya aktı imzalmağa məcbur etməsi və nəticədə əldə olunan Qarabağ Zəfəri Azərbaycanda xalq-prezident birliyini ən yüksək zirvəyə çıxarmışdır.Şübhəsiz ki, Qarabağ Zəfəri təsadüfən qazanılmamışdır. Əslində elə ilk dəfə prezident seçildiyi dövrdən başlayaraq, 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin atdığı addımların arxasında dayanan əsas məsələ, əsas məqsəd həmişə torpaqlarımızın işğaldan azad edilməsi olmuşdur. Cənab Prezident bunun üçün güclü dövlət, güclü iqtisadiyyat, ordu, beynəlxalq nüfuz lazım olduğunu çox yaxşı bilirdi. 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar, BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından edilən qətiyyətli çıxışlar, dost və qardaş ölkələrin düzgün seçilməsi, həmin ölkələrlə qurulan uğurlu əməkdaşlıq Zəfərin bünövrəsini qoymuşdur. Bu dövr Azərbaycan Ordusunun sürətli inkişaf dövrü olmuşdur. Elə bu yaxınlarda il dönümünü qeyd etdiyimiz 2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qələbə əzmini göstərmişdi və həmin vaxt artıq Qarabağ Zəfərimizin yaxınlaşdığını hiss etmişdik.2003-2018-ci illəri həm də dövlətimiz üçün iqtisadi yüksəliş dövrü olmuşdur. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” – fikrini səsləndirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bu dövr ərzində ölkədə ümumi daxili məhsul, büdcə gəlirləri, ölkənin strateji valyuta ehtiyatları, ixracın həcmi, xarici ticarət dövriyyəsi, minimum əmək haqqı artmış, yeni iş yerləri açılmış, əhalinin məşğulluq səviyyəsi artmışdır. 2003-2018-ci illərdə iqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etmişdi, həmçinin qeyri-neft sektoruna xüsusi diqqət göstərilmiş, azad sahibkarlığın inkişafı üçün şərait yaradılmış, sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Əslində 2003-2018-ci illərin uğurlarının hamısını sadalamaq mümkün deyil, qısaca olaraq yol və nəqliyyat infrastrukturunun sürətlə inkişafını, su təchizatı məsələlərinin öz həllini tapmasını, elektrik enerjisi ixracını, kənd təsərrüfatının inkişafını, mədəniyyət və idman sahəsində böyük uğurları vurğulaya bilərik. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdi, ona görə də xalq inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs vermişdir. 2018-ci il seçkiləri zamanı seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, həm də xalqın bütün dağıdıcı ünsürlərə, xain qüvvələrə yox deməyinin təzahürü idi.Müasir politologiya elmində, xüsusilə son zamanlarda belə bir fikir güclənməyə başlamışdır ki, liderlərin şəxsi keyfiyyətləri onların siyasi mövqeyi, partiya mənsubiyyəti, seçdiyi siyasi kurs qədər vacibdir, hətta şəxsi keyfiyyət amili daha da əhəmiyyətlidir. Çünki müasir dövrdə sabit olmayan, sürətlə və ya anidən dəyişən ictimai-siyasi hadisələr fonunda məhz liderin bu dəyişikliklərə necə cavab verməsi dövlətin sonrakı taleyini həll edə bilər. 2019-cu ildə dünyanı bürüyən koronavirus pandemiyası həqiqətən də anidən dəyişən ictimai-siyasi hadisələr zamanı liderin şəxsi keyfiyyətlərinin, savad-istedad, bilik və bacarıqlarının, analitik düşüncə qabiliyyətinin nə qədər əhəmiyyətli olduğunu sübut etmiş oldu. Hətta dünyanın ən inkişaf etmiş ölkələrinin də səhiyyə sistemlərini, iqtisadiyyatlarını böhrana məruz qoymuş pandemiya zamanı Azərbaycanda cənab Prezidentin rəhbərliyi altında pandemiya ilə mübarizədə düzgün strategiyanın seçilməsi, vaxtında görülən qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlər, pandemiyadan ziyan çəkmiş insanların sosial müdafiəsinin təmin edilməsi xalqımızın bu bəladan ən az itki ilə çıxması üçün şərait yaradıb. Azərbaycan Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradan ilk ölkələrdən biri olmuşdu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir illik əməkhaqlarını fonda ianə etmişdi.Pandemiya ilə mübarizədə cənab Prezidentin sərgilədiyi siyasət onun həm də yüksək şəxsi keyfiyyətləri ilə fərqlənən lider kimi ümumbəşəri dəyərlərin daşıyıcısı olduğunu bütün dünyaya göstərdi. Mübarizənin ilk günlərindən Cənab Prezident bu işdə həmrəyliyin vacib olmasını qeyd etmiş, peyvəndlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə qarşı çıxmış, peyvəndin bütün ölkələrin xalqlarına çatmalı olduğunu bildirmişdi. Qoşulmama Hərəkatının sədri qismində cənab Prezidentin təşəbbüsü ilə 2020-ci il dekabrın 3-4-də BMT Baş Assambleyasında COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiya keçirilmişdir. Bütün bunlar həm də cənab Prezidentin beynəlxalq nüfuzunun göstəricisidr. Dövlətin xarici siyasətinə birbaşa təsir edən ən mühüm amil də elə onun rəhbərinin beynəlxalq nüfuzudur. Yalnız cənab İlham Əliyev kimi belə bir beynəlxalq nüfuza, yüksək şəxsi keyfiyyətlərə, qəti siyasi iradəyə, xalq və vətən sevgisinə sahib bir lider Cənubi Qafqazda yeni siyasi reallıqlar yarada bilərdi ki, bu gün bütün dünya dövlətləri bu reallıqları qəbul edir. Cənab prezidentin özünün də söylədiyi kimi, Azərbaycan tarixinin ən qüdrətli, güvənli, istiqrarlı dövrünü yaşayır.

Misilsiz xidmətlərinə görə cənab prezidentə minnətdarlıq edir, ona möhkəm can sağlığı, ali dövlət fəaliyyətində yeni-yeni uğurlar arzulayıram!.

Ziyafət Əsgərov
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

Digər xəbərlər