Prezident İlham Əliyev: "Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri, əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir və eyni zamanda, idman uğurlarımızdır"
Azərbaycan qazandığı idman ölkəsi statusunu qoruyub saxlayır. Müxtəlif idman növlərini əhatə edən önəmli beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, eləcə də beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, əldə etdiyi uğurlar bunu deməyə əsas verir. Bütün bunlar, Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir. İnsanların fiziki və mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayan bədən tərbiyəsi və idman dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Bu qayğı idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasına şərait yaradır. Fərəhli haldır ki, respublikamızda idman bölmələrinə axın kütləvi xarakter alıb. Respublikamızın əksər regionlarında müasir standartlara cavab verən, hər cür şəraiti olan Olimpiya idman kompleksləri, stadionlar, zallar tikilərək idmançıların istifadəsinə verilib. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması ilə bu kütləvilik daha da geniş vüsət alıb. Heç şübhəsiz ki, uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan inkişaf dövrünə qədəm qoyub. Ümummilli Lider ölkəmizdə sağlam gənc nəslin yetişməsində və uğurlarımızın təbliğində idmanın rolunu həmişə yüksək qiymətləndirib. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Azərbaycanda idmana olan münasibət başqa ölkələrə nümunə kimi göstərilir. Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, təmsilçilərimizin mötəbər yarışlarda medallar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanınıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb.
"HƏM GƏNCLƏR, HƏM BÖYÜKLƏR ARASINDA AVROPADA BİRİNCİ YERİ TUTMAQ BÖYÜK NAİLİYYƏTİMİZDİR"
İdmana ayrılan diqqətin nəticəsini QALİB, MÜZƏFFƏR xalqın idmançılarının beynəlxalq miqyasda keçirilən yarışlarda qazandığı nailiyyətlərdə bir daha görmüş oluruq. Bildiyimiz kimi, bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək daha bir böyük uğura imza atdılar. Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatının ardınca Macarıstanda keçirilən böyüklərin Avropa çempionatında da yüksək nəticələr qazandılar. Komandalarımız ümumilikdə 3 qızıl, 6 gümüş və 7 bürünc medal əldə etdi. Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə milli komandalarımız komanda hesabında Avropa çempionu oldu. İki komandamızın eyni vaxtda Avropa çempionu olması güləş tariximizdə yeni rekorddur. Həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə Azərbaycan komandaları Avropada birinci oldular. Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən çıxışı zamanı bildirib ki, Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər: "Əlbəttə ki, bir daha Azərbaycan güləşçilərimiz bizim güləşimizi təbliğ etmişlər, çünki güləş bizim ənənəvi idman növümüzdür. Güləşin çox böyük ənənələri vardır və bu ənənələr yaşayır". Dövlət başçısı onu da qeyd edib ki, həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətimizdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir: "Böyüklər arasında biz öz gücümüzü hər dəfə təsdiqləyirik, həm ölkəmizin idman şöhrəti və bütövlükdə ölkəmizin nüfuzu artır".
"CƏMİ 44 GÜN ƏRZİNDƏ BÖYÜK TARİXİ QƏLƏBƏ QAZANMIŞ XALQI TƏMSİL ETMƏK HƏM BÖYÜK QÜRURDUR, HƏM DƏ BÖYÜK MƏSULİYYƏTDİR"
Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər. Onlar Qalib ölkənin idmançıları olaraq Azərbaycan dövlət bayrağını qaldırırlar. "Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir", - deyən Azərbaycan Prezidenti bildirib ki, idmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı. Gənc nəsil də mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli ruhda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri, əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir və eyni zamanda, idman uğurlarımızdır".
HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞI ÖZ ƏMƏYİ İLƏ ÖLKƏMİZİ GÜCLƏNDİRİR
Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir. 44 günlük Vətən müharibəsində gənclərimiz vətənpərvərlik nümayiş etdirdilər. Bu gün yüksək milli ruhlu gənclərimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etdi. 30 illik həsrətə son qoyuldu. Ölkəmizdə dövlət gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir. "Gənclər Vətəni ləyaqətlə təmsil edirlər", - deyə bildirən Cənab Prezident diqqətə çatdırıb ki, hərə öz yerində, idmançı, hərbçi, mütəxəssis. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir: "Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır".
"YAY OLİMPİYA OYUNLARINDA DA BİZ BİR DAHA ÖLKƏMİZİN GÜCÜNÜ, İDMAN GÜCÜNÜ GÖSTƏRƏCƏYİK"
Azərbaycan idmançılarını yeni yarışlar gözləyir. "Əminəm ki, gələcək yarışlarda biz, əlbəttə, birinci sıralarda olacağıq. Gələcək yarışlara gəldikdə isə iki ildən sonra Yay Olimpiya Oyunları keçiriləcək" – deyə Cənab Prezident çıxışında bildirib: "Yay Olimpiya Oyunlarında da biz bir daha ölkəmizin gücünü, idman gücünü göstərəcəyik. Çünki Olimpiya Oyunları, Yay Olimpiya Oyunları bütün idman yarışları arasında, əlbəttə ki, xüsusi yer tutur, fərqlənir. Hesab edirəm ki, bütövlükdə növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər…Artıq biz bu qələbələrə öyrəşirik və necə deyərlər, bu yüksək nəticələri saxlamaq çətin olacaq, idmanda hər şey ola bilər - məğlubiyyət də, qələbə də. Ancaq əminəm, gələcək yarışlarda nəticələrə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər, necə ki, bu günə qədər ləyaqətlə təmsil edirlər".
"BİZ DÜŞMƏNİ VƏ YA İDMAN RƏQİBİNİ MƏHZ QAYDALAR ÇƏRÇİVƏSİNDƏ, LƏYAQƏT PRİNSİPİ ƏSASINDA MƏĞLUB ETMƏLİYİK"
Cənab Prezident Budapeştdə keçirilmiş çempionatın gedişatında Azərbaycan idmançılarının özlərini necə ləyaqətli aparmasına da diqqət yetirib: "Mən Budapeştdə keçirilmiş çempionatın gedişatına da nəzər yetirirdim, baxırdım, görürdüm ki, ən çətin anlarda rəqib cığallıq edəndə, nalayiq hərəkət edəndə bizim idmançılarımız öz gücü ilə qaydalar çərçivəsində rəqibi yerinə oturda bilmişdilər. Buna fikir verərkən yenə də İkinci Qarabağ müharibəsindəki hadisələr yadıma düşdü, o vaxt da mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən, 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı, ən çirkin əməllərə". 44 günlük Vətən müharibəsində terror əməliyyatları həyata keçirən ermənilər şəhərlərimizi ballistik raketlərlə atəşə tutdular. Dinc insanlar - uşaq, qadın, yaşlı insan həlak oldu. Azərbaycan döyüşçüsü isə erməniyə döyüş meydanında cavabını verdi. "Mən keçirilmiş Avropa çempionatında da eyni xasiyyəti gördüm, Azərbaycan xalqına xas olan xasiyyəti" - deyən Prezident qeyd edib ki, ədalət, eyni zamanda, mərhəmət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi də xalqımıza xas olan xüsusiyyətlərdən biridir: "Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik. Bunu görərkən mən bir daha əmin oldum ki, Azərbaycan xalqının gələcəyi bundan sonra da çox parlaq olacaq, bundan sonra da istənilən idman növündə… Qələbədən daha vacib ləyaqətdir və biz müharibəni ləyaqətlə aparmışıq. Bu gün bütün dünya bir daha xalqımızın böyüklüyünü görür, hər şey göz qabağındadır. İdmanda da elə olmalıdır, elədir və bu halal qələbəni siz öz istedadınız, zəhmətiniz hesabına qazanmısınız və eyni zamanda, bir daha xalqımızın böyüklüyünü göstərmisiniz".
Nəzakət ƏLƏDDİNQIZI