“Brüsseldə keçirilən üçtərəfli görüş Cənubi Qafqazda sülhə doğru atılan addım kimi dəyərləndirilir. Eyni zamanda, ötən ilin dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilən görüşdə mühüm nəticələr əldə olunmuşdur. Bu sülh gündəliyinin davam etdirilməsi üçün aprel ayının əvvəlində keçirilmiş görüş mühüm əhəmiyyət daşıyır”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.Onun sözlərinə görə, dekabr ayından ötən dövr ərzində Azərbaycan Ermənistan tərəfinə sülh gündəliyi ilə bağlı 5 maddəlik təklifi irəli sürmüşdür və təkliflər beynəlxalq hüququn norma və prinsiplərinə söykənir: “Cənubi Qafqazda dayanıqlı sülhü və inkişafı dəstəkləyən Azərbaycanın ərazi bütövlüyü, suverenliyi sərhədlərin toxunulmazlığı kimi mühüm prinsipləri özündə ehtiva edir. Brüssel görüşündə mühüm razılıqlar əldə olundu, sülh müqaviləsinin imzalanması ilə bağlı xarici işlər nazirlərinə mühüm tapşırıqlar verildi. Hazırda Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh müqaviləsinin imzalanması ilə bağlı fəaliyyət icra etməlidirlər. Eyni zamanda, Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi istiqamətində komissiyanın yaradılması və təhlükəsizlik zəmanətlərinin verilməsi haqqında yekun konsensus əldə olundu. Aprel ayının sonuna kimi bu iş həyata keçirilməlidir. Eyni zamanda, Avropa İttifaqı iqtisadi və investisiya Cənubi Qafqazda təhlükəsizlik mühitini gücləndirmək istiqamətində təşəbbüslər keçirir. Ermənistan tərəfinə Avropa İttifaqının 2,6 milyard avro qismində yardımı ilə paralel olaraq Azərbaycana da 2,6 milyard avro yardımı nəzərdə tutan istiqamətlər müəyyənləşdirilmiş və bu onu göstərir ki, Avropa İttifaqı burada dayanaqlı inkişafı və xalqların rifahını düşünən mexanizmlər formalaşdırır”.İ.Hüseynov onu da bildirib ki, Brüssel formatında keçirilən görüşlər Rusiya ilə üçtərəfli formatda keçirilən danışıqlar üçün heç bir rəqabət formalaşdırmır: “6 aprel bəyanatında iki dəfə Rusiyanın vasitəçiliyi ilə keçirilmiş danışıqlarda imzalanan bəyanatlara istinad olunur. 10 noyabr və 26 noyabr bəyanatlarında əldə olunan mühüm razılaşmaların davam etdirilməsi üçün əməli addımlar Brüssel görüşündə müzakirə olunmuşdur. Ümumilikdə Brüssel görüşünü çox məhsuldar adlandırmaq olar. Çünki görüş nəticəsində əldə olunmuş bəyanatda “Dağlıq Qarabağ”a status, ATƏT-in Minsk Qrupu kimi ifadələr yer almadı. Ermənistan tərəfi uzun müddətdir ki, bu terminləri siyasi gündəliyə daşımağa çalışır. Lakin Azərbaycanın milli maraqları çərçivəsində proseslər inkişaf etdirilir və Azərbaycanın tələbləri ilə sülh gündəliyi formalaşdırılır. Ümid edirəm ki, sülh müqaviləsi ilə bağlı həyata keçirilən fəaliyyət məhz Azərbaycanın irəli sürdüyü 5 maddəlik baza prinsipi əsasında icra olunacaq və milli maraqlarımız konteksində məsələlər öz həllini tapacaq”.
Müəllif: Gülyana