Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş regional münasibətlərin tənzimləməsində xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının Brüsselə səfəri və keçirilən görüşlər Azərbaycan Prezidenti İlham Əliyevin dünyada böyük nüfuzunun göstəricisi, ölkəmizin milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğuru oldu. Keçirilən görüşlər və danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. Bu formatda ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib və bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib.
Görüş çərçivəsində ədalətli sülhün və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qərarlar qəbul olunub. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Görüşün nəticəsi olaraq Şarl Mişelin verdiyi bəyanatda təsbit edildi ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar başlayır. İki ölkənin xarici işlər nazirliklərinə uyğun təlimat verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli gündəliyə dair məsələlərin müzakirəsi, eləcə də əməkdaşlığın müxtəlif istiqamətlər üzrə dinamik şəkildə inkişafın qeyd olunması da diqqəti çəkəndi. Bəyanatda Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilib. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir.
Bəyanatda ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu daxil edilib, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır.
Avropa İttifaqı Prezidentinin bəyanatında, həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edilib. Belə ki, işğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur. Habelə sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Aİ tərəfindən məşvərətçi statusda dəstək verilə biləcəyi vurğulanıb.
Bütün bunlarla yanaşı, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınıb.
Bütün bunlar Avropa İttifaqının təşəbbüsü ilə keçirilmiş görüşdə Azərbaycanın haqlı mövqeyinin bir daha təsdiqləndiyini nümayiş etdirir. Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son aylarda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun daha bir göstəricisidir, diplomatik müstəvidə Azərbaycanın qələbəsidir.
Azər SÜLEYMANOV
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri