PDF Oxu

Siyasət

  • 11 357

Qarabağ atları tarixin yaddaşında TƏHLİL

image

nyaya səs salan Qarabağ - Cıdır düzü at yarışlarının keçiriləcəyi ən möhtəşəm yarış meydanına çevriləcək

Qəhrəmanlıq rəmzi olan Qarabağın cins atları şahanəliyi, görkəmi ilə də diqqət çəkir. Qarabağımızın tarixi, mədəniyyəti, incəsənəti, füsunkar təbiəti ilə bağlı yazılarımızı yazarkən, qeyri-ixtiyari olaraq bu əzəli torağımızın dünyaya səs salan məşhur atları da göz önümüzdə canlanır. Məğrurluq, qəhrəmanlıq, dözümlülük və əzəmət rəmzinə çevrilən Qarabağ atlarının da ruhu bu torpağın qəhrəmanlığından köklənib. Geri yox, yalnız və yalnız qalib olana qədər, birincilik qazanana qədər yorulmadan, toz-duman içində çapmaq. Dünyada tanınan 260 at növündən fərqlənən Qarabağ atları qaçış sürəti ilə seçilir və rekord sürət Ağdam Atçılıq Zavodunda yetişdirilən Sumqanda adlı at tərəfindən 1600 metr məsafəni 1 dəqiqə 54 saniyəyə qaçmaqla qeydə alınıb.
Azərbaycan atçılığın qədimdən inkişaf etdiyi ölkələrdən biridir. Qarabağ atının əsas yayıldığı məkan tarix boyu Azərbaycanın Qarabağ zonası olub. Ən yaxşı atlar Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılıb. Bu cinsdən olan atlar Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılıb. "Ərəb", "Don", "Budyonnı" kimi məşhur at cinsləri arasında Qarabağ atları xüsusi yer tutur. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Aparılan araşdırmaların nəticəsi olaraq Qarabağ atlarının Manna, Midiya, Atropatena və Albaniya atlarının nəsillərindən olduğu bildirilir. Qarabağ atları əsrlər boyu Roma, Sasani, Ərəb, Səlcuq, Monqol, İran və s. atlar ilə qarşılıqlı təsir nəticəsində müəyyən dəyişikliyə uğrasa da, öz əsli-kökünü saxlaya bilmişdir.

QARABAĞ ATLARI ƏRƏB VƏ İNGİLİS CİNC ATLARININ FORMALAŞMASINDA ROL OYNAYIBLAR

Tarixi dövrümüzə nəzər salsaq görərik ki, hələ XVII-XVIII əsrlərdə Qarabağ xanlığında bu at cinsi daha da təkmilləşdirilmişdir. Pənah xan, Mehdiqulu xan və Cəfərqulu xanın Qarabağ bölgəsindəki atçılıq zavodları "Dilbaz" cins atının formalaşmasında və təkmilləşməsində önəmli rol oynayıb. Bir sıra faktlar sübut edir ki, Azərbaycan atları dünyada geniş yayılmış ərəb və ingilis cinc atlarının formalaşmasında müəyyən rol oynayıblar. Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanaraq geniş yayılmasında Qarabağın Xan zavodlarının əvəzsiz rolu qeyd edilməlidir. Şuşa qəzasında yüzdən çox atçılıq zavodları Pənah xanın, onun oğlu, Qarabağın sonuncu müstəqil hakimi olmuş İbrahim xanın, İbrahim xanın oğlanları Mehdiqulu xanın, Məhəmməd Həsən ağanın, onun oğlu Cəfərqulu-Cavanşir xanın, Xan qızı Natəvanın və digər xan zümrəsinə daxil olan sülalərin nümayəndələrinə məxsus olub. Pənah xanın, onun sülaləsinin davamçıları olan Mehdiqulu xanın və Cəfərqulu xanın zavodlarında yetişdirilən Qarabağ atları xüsusilə fərqləndiyi və əvəzsiz maddi-mənəvi miras kimi sonrakı nəsillərə ötürülməsində böyük rol oynayıb. Orta əsrlərdən ta XIX əsrin sonlarına qədər uzun bir dövr ərzində Qarabağ atları bir sıra proseslərin fonunda onlar üçün qızıl əsr hesab edilə bilən inkişaf yolunu keçmişdir.

1832-Cİ İLDƏ QARABAĞDA 11 ATÇILIQ ZAVODU VAR İDİ

Bildiyimiz kimi, at bütün dövrlər üçün sərfəli nəqliyyat növü olmuşdur. Fasiləsiz feodal müharibələri və basqınları zamanı at minik vasitəsi kimi döyüşlərdə əvəzedilməz rol oynayıb. 1832-ci ildə Qarabağda 250 ayğırı və 1400 madyanı olan 11 atçılıq zavodu var idi. Satış üçün atların yetişdirilməsi ilə iri feodallar məşğul olurdular. Onlar çoxlu sayda madyan yetişdirir və onlardan alınan balaları satışa verirdilər. 1831-ci ildə Qarabağda bir atın qiyməti 30 çervondan 300 çervona qədər idi ki, bu da öz dövrü üçün kifayət qədər böyük məbləğ idi.
Tarixi mənbələrdə qeyd olunur ki, XIX əsrdə Azərbaycanda at cinsləri içərisində ən çox şöhrət qazananlardan biri Qarabağ atı idi. Bu at öz yüksək keyfiyyət göstəricilərinə görə təmiz qanlı ərəb atı olan köhlənlə bərabər tutulurdu. Tarixi-etnoqrafik ədəbiyyatda Qarabağ cinsinin bir çox tipləri qeydə alınmışdır. Bunlardan Maymun (Xoşbəxt), Toxmaq, Şahmar, Qarnı yırtıq, Əlyetməz, Ceyran, Səlminaz və s. göstərmək olar. Bütün bunlar yerli şəraitə tam uyğunlaşan, yəhər altında özünü çox sərbəst hiss edən münasib minik atları idi. Qarabağ atının yorulmaq bilməyən sürətli yerişi və digər müsbət keyfiyyətlərinə görə nəinki Rusiyada, habelə Polşa, İngiltərə, Fransa kimi Avropa ölkələrində də həvəskar müştəriləri vardı. Qarabağ cinsinin şöhrəti müqabilində, həmin cinsdən olan ayqırlar döl məqsədi ilə atçılıq zavodları üçün satın alınır və bu yolla yerli at cinsləri yaxşılaşdırılırdı. Tarixin yaddaşında Qarabağ atlarının şöhrətinin bütün Yaxın Şərqə kimi yayıldığı bildirilir. Hətta məşhur təmizqanlı qaçağan at cinsinə malik olan ingilislər də Qarabağ atı ilə maraqlanırdılar. Bu atların gözəlliyi Şuşaya gələn səyyahların da diqqətini çəkirdi. 1865-ci ildə Şuşada olan görkəmli rus rəssamı Vasili Vereşşaqin belə yazırdı: "Şuşanın yaxınlığında Mehdiqulu xanın qızının böyük, qədimi evi vardı və bayram tədbirlərinə xüsusi təmtəraq bəxş edən ən bahalı və əzəmətli görkəmli atlar ona məxsus idi. Qeyd edim ki, Qafqazda hərbi qulluqda olan rus general və məmurları da Qarabağ atlarından faydalanırdılar".

XIX ƏSRİN ORTALARINDA QARABAĞ ATLARI ÜMUMDÜNYA AT SƏRGİLƏRİNDƏ MEDALLAR QAZANIB

Qarabağ atları XIX əsrin ortalarından başlayaraq ümumdünya at sərgilərində iştirak edib. İl ərzində iki dəfə Çadar düzündə atçaparlar arasında yarışlar keçirilir, qaliblərə qiymətli hədiyyələr verilərdi. İbrahim xanın atlarına dünya bazarında tələbat böyük idi. Xurşidbanu Natəvan da atçılıqla fəal məşğul olurdu və onun bütün ölkədə məşhur olan ilxısı vardı. Şairəninin Qarabağ atları 1867-ci ildə Parisdə, Moskvada və Tiflisdə ümumdünya kənd təsərrüfatı sərgilərində iştirak edir və hər dəfə də qalib gələrək, qızıl medallarla mükafatlandırılmışdır. 1866, 1869, 1872-ci illərdə Moskvada, 1867-ci ildə Parisdə ümumdünya at sərgilərindən mükafat və meallarla qayıdıb. İştirakçı atların şəkillləri Fransa və Vyanada çap olunan jurnallarda yer alıb.
Tarixi dövrə nəzər salsaq görərik ki, XIX yüzilliyin sonlarında Azərbaycanda feodal sosial-iqtisadi münasibətlərin süquta uğraması, ölkənin çar Rusiyasının tərkib hissəsinə çevrilməsi, həmin dövrlərdə Rusiya, İngiltərə, İran və digər dövlətlərə çoxlu sayda atların, xüsusilə madyanların satılması nəticəsində Qarabağ atlarının zəifləməsi, XX əsrin əvvəllərində baş vermiş bir sıra tarixi hadisələrin bu prosesə təkan verməsi, bütövlükdə bu cinsə yeni yanaşmanı, daha doğrusu, reabilitasiyasını ön plana çəkmişdir. Bunun üçün ilk növbədə ölkədə Qarabağ atlarının resurslarını müəyən etmək məqsədlə 1926-cı ildə professor İ.İ.Kaluqinin rəhbərliyi ilə ekspedisiya yaradılmaqla respublikanın bölgələrində tədqiqat aparıldı. Ekspedisiya tədqiqatın nəticəsi üzrə belə nəticəyə gəldi ki, guya həmin dövrdə əsl Qarabağ atına rast gələ bilməmişlər. Lakin bu heç bir elmi məntiqə uyğun olmayan, sadəcə yeni sovet ideologiyasının tələb etdiyi kimi, oktyabr inqilabından əvvəl mövcud olmuş xan və bəy zümrələrindən olan zavodçuların, əslində isə, xalqın tarixinə və onun əsrlər boyu yaratmış olduğu maddi-mənəvi sərvətlərə paxıllıq və ikrah hissi ilə yanaşaraq onu heçə endirməkdən başqa bir şey deyildi. Tədqiqatı aparmış ekspedisiyaya Qarabağ atlarını görmək sanki lazım deyildi. Əgər belə olmasaydı, həmin tədqiqatdan 20 il sonra Qarabağ at zavodunun təşkili məqsədilə cəmi bir neçə rayondan 60-dan artıq tipik Qarabağ atının tapılması mümkün olmazdı.

AĞDAM ATÇILIQ ZAVODU

Qarabağ atçılıq zavodu yaradıldığı zamandan etibarən uğurla fəaliyyətə başladı. 1952-ci ildə 6 baş tipik Qarabağ atı seçilərək Ümumittifaq kənd təsərrüfatı sərgisində iştirak etmək üçün Moskvaya göndərildi. Qarabağ atının Avropaya gəlişi tarixində 1956-cı il də mühüm yer tutur. O vaxt Böyük Britaniyaya səfər edən sovet rəhbəri Nikita Xruşşov kraliça II Elizabetə Ağdam Atçılıq Zavodundan olan "Zaman" adlı Qarabağ atı da bağışlayıb. 1960-1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam Atçılıq Zavodunun maddi-texniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaratmışdı. Zavod yaradıldıqdan sonra cins daxilində ailə və xətlərin formalaşması, bir sıra Ümumittifaq sərgilərində və yarışlarda Qarabağ atlarının fəal iştirak etməsi məhz həmin illərə təsadüf edir.

MİLLİ AT CİNSLƏRİNİN BEYNƏLXALQ MİQYASDA TANINMASI İSTİQAMƏTİNDƏ GÖRÜLƏN İŞLƏR

Məlum hadisələr zamanı 1993-cü ilin iyul ayında Ağdam rayonu erməni təcavüzkarları tərəfindən işğal olunsa da, fədakar atçılar Qarabağ atlarının döyüş bölgəsindən çıxarılmasını təmin etdilər. Döyüş bölgəsindən çıxarılan Qarabağ atları əvvəlcə bir müddət Yevlax rayonundakı "Aran" damazlıq qoyunçuluq təsərrüfatının ərazisində yerləşdirildi. Lakin həmin yerlərin təbii şəraiti Qarabağ atları üçün əlverişli olmadığına görə atlar zavodun Ağcabədi rayonu ərazisindəki Lənbəran qışlağına köçürüldü.
Milli at cinslərinin beynəlxalq miqyasda tanınması üçün ölkəmizdə zəruri addımlar atılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2014-cü il Sərəncamına əsasən, Qarabağ atı cinsinin inkişaf etdirilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə dövlət büdcəsindən 2,0 (iki) milyon manat ayrıldı. Ölkə başçısının 21 avqust 2015-ci il tarixli Sərəncamına əsasən isə Qarabağ atı cinsinin inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlərin yekunlaşdırılması üçün 1,5 milyon manat ayrıldı. Daha sonra Prezidentin 2017-ci il tarixli Sərəncamına əsasən, Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, bu sahədə seleksiya damazlıq işlərinin elmi əsaslarla aparılmasına şərait yaradılması istiqamətində həyata keçirilən tədbirlərin başa çatdırılması "Ağdam Atçılıq Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Atçılıq kompleksinin tikintisi üçün dövlət büdcəsindən 2,0 milyon manat ayrıldı. Bütün bunlarla yanaşı, "Azərbaycan atçılığın inkişafı üzrə dövlət proqramı" təsdiq olunmuşdur.
Xatırladaq ki, Qarabağ atı ilə oynanılan Çövkən oyunu 2013-ci ildə UNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edildi.
Bu gün Qarabağ atları da məğrurdur. 44 günlük Vətən müharibəsindən sonra Qarabağ atları da öz doğma, əzəli torpağına qayıdacaq. Məşhur, dünyaya səs salan Qarabağ atları Cıdır düzünə qalxacaq və tezliklə bu ərazilər at yarışlarının keçiriləcəyi ən möhtəşəm yarış meydanı olacaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər