Prezident İlham Əliyev “Vətən Müharibəsi Qəhrəmanlarına və ailə üzvlərinə verilmiş mənzillərin özəlləşdirilməsi haqqında” Fərmanı yüksək qayğının təzahürüdür
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial qayğıya ehtiyacı olan vətəndaşları hər zaman xüsusi nəzarətdə saxlayıb. Həm Birinci, həm də İkinci Qarabağ müharibələri zamanı şəhid olmuş qəhrəman zabit və əsgərlərin ailələrinin mənzil təminatının, həmçinin qazilərin sosial vəziyyətinin yaxşılaşdırılması, eyni zamanda, müharibədə qəhrəmanlıqla döyüşmüş və qazi adı qazanmış veteranların avtomobillərlə təmin olunması üçün ölkədə bir çox sosial layihələr həyata keçirilib. Bu gün də belə sosial layihələr dövlət tərəfindən uğurla davam etdirilir. Ümumilikdə 2021-2025-ci illərdə 10 minə yaxın mənzil şəhid ailələrinə təhvil veriləcək. Burada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətini xüsusilə qiymətləndirmək lazımdır. O, hər zaman Prezidentin yanındadır və Onun ən yaxın silahdaşı kimi məsuliyyətli vəzifəsinin öhdəsindən layiqincə gəlir.
Sosial təminatda Heydər Əliyev Fondunun uğurlu nəticəsi
Məhz sosial təminat işlərində Prezidentin siyasətinin uğurla həyata keçirilməsində Heydər Əliyev Fondu davamlı olaraq həm şəhid ailələri və qazilərə, həm də müxtəlif sosial qruplara mənsub səhhətlərində problem olan uşaqların və yaşlıların müalicəsi üçün lazımi dəstəyi verir. Və aprelin 8-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi haqqında imzaladığı Fərmana əsasən müəyyən edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamının 1.1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış mənzillər əvəzsiz olaraq həmin mənzilin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdiriləcək. Bu Fərmanda nəzərdə tutulan şəxslərin mənzillər üzərində mülkiyyət hüququnun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və mənzillər üzərində mülkiyyət hüququna dair çıxarışın və daşınmaz əmlaka dair texniki pasportun verilməsini təmin etməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamına uyğun olaraq mənzil ayrılmış şəxslərin siyahısını (hər bir şəxsə ayrılmış mənzilə dair məlumatlar dəqiq göstərilməklə) və mənzilin ayrılmasına dair müvafiq təsdiqedici sənədin surətini bir ay müddətində İqtisadiyyat Nazirliyinə təqdim etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Vətən Müharibəsi Qəhrəmanına verilən imtiyazlar
“Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüşmüş şəxslərə Azərbaycan qanunvericiliyində bir sıra imtiyazlar və güzəştlər nəzərdə tutulub. “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamənin 2.1-ci maddəsində göstərilib ki, “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.Vətən Müharibəsi Qəhrəmanı adını alan şəxs Vətən Müharibəsi medalı və adının verilməsi haqqında müvafiq icra hakimiyyıti oqranının müəyyən etdi orqan aktı ilə qəbul edilir. Bu ad eyni şəxsə bir dəfə verilir və həmin şəxslər müəyyən imtiyaz və güzətlərdən istifadə etmək hüququna malikdirlər. Vətən Müharibəsi Qəhrəmanlarına Prezident təqaüdü verilir.Bundan əlavə, Vətən Müharibəsi Qəhrənamlarına əlavə güzəştlərlə bağlı Əmək Məcəlləsinə və Vergi Məcəlləsinə dəyişiklik edilib. Əmək Məcəlləsinə dəyişikliyə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir. Vergi Məcəlləsinin 102.21-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Vətən Müharibəsi Qəhrəmanlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Başqa sözlə, onların aylıq gəlirlərinin 400 manatı vergidən azad edilib. Və bütün bu uğurlu işlər onu göstərir ki, dövlət Vətən Müharibəsi Qəhrəmanlarına və ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi yönündə bundan sonra da sosial məsələlərinin həllini xüsusi diqqət mərkəzində saxlayır və bundan sonra da saxlayacaq. Dövlət başçımızın dediyi kimi: “Qəhrəman döyüşçülərimiz gələcəkdə də daim mənim nəzarətim altında olacaqlar”.
RƏFİQƏ HÜSEYNOVA