Prezident İlham Əliyev: "Dövlət dindarlara daim dəstək, dayaq olur"
Bu gün Zəfər qazanmış Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlət kimi böyük imicə, nüfuza sahibdir. Demokratik, hüquqi dövlətimiz milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılmasına da öz töhfəsini verir. Sözsüz ki, bu qloballaşma şəraitində dünya dövlətləri tərəfindən maraqla qarşılanır. Ölkəmizdəki multikultural dəyərlər, tolerant mühit dünyaya bir mesaj olaraq çatdırılır. Bütün dinlərə hörmətlə yanaşan Azərbaycanın islami dəyərlərə də olan münasibəti əməli fəaliyyətdə aydın görünür. Müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət, o cümlədən, dini ocaqlarımıza, məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Müasir dövrümüzdə ölkəmizdə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən dövlət siyasətinin məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyevin siyasi irsini və əsasını qoyduğu ənənələri inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev yürütdüyü siyasət dini konfessiyaların dinc yanaşı yaşamasını, qarşılıqlı əlaqəsini, müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə səy göstərmələrini təşviq edir.
MÜXTƏLİF ETNOSLARIN VƏ MİLLƏTLƏRİN TARİXƏN DOSTLUQ VƏ QARDAŞLIQ ŞƏRAİTİNDƏ YAŞADIĞI TOLERANT ÖLKƏ
Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, Azərbaycan "tolerant ölkədən tolerant dünyaya doğru" şüarının reallaşdırılmasını özünün hədəfi kimi müəyyənləşdirib.
Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. Son 19 ildə İslam, xristian və digər səmavi dinlərin mədəniyyət nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş, inanc yerlərinin təmiri və bərpası ilə bağlı görülən işlər deyilənləri bir daha təsdiqləyir. Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkəyə çevrilib. Bu gün ölkəmizdə 2200-dən artıq məscid mövcuddur, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bununla yanaşı, ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir.
DİNİ-MƏNƏVİ MÜHİTİN QORUNUB SAXLANILMASI VƏ İNKİŞAF ETDİRİLMƏSİ SAHƏSİNDƏ YÜKSƏK İXTİSASLI KADRLAR HAZIRLANIR
Dövlət başçısının mütəmadi olaraq din xadimləri ilə görüşü, dini konfessiyalara maddi yardımlar edilməsi, dini ibadət yerlərinin təmir-bərpa olunması, ölkədə həyata keçirilən din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Bu gün ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Azərbaycan Prezidentinin məlum Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Azərbaycan Prezidentinin məlum Sərəncamı ilə Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradıldı. Bu Sərəncam Azərbaycanın xarici dini təhsildən asılılığını azaltmaq, yerli ilahiyyatçı kadr ehtiyacını təmin etmək baxımından əhəmiyyətlidir. Cari ilin aprelin 11-də Cənab İlham Əliyevin iştirakı ilə Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışı isə ölkəmizdə dini təhsilin inkişafına xüsusi diqqət və qayğının mövcudluğunu, bunun milli təhlükəsizliyin vacib elementi kimi nəzərdən keçirildiyini göstərir. Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışı bir daha dini-mənəvi mühitin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə ayrılan diqqətin təzahürüdür. Ölkəmizdə vətəndaşların dini etiqad, vicdan və təhsil hüquqlarının səmərəli realizəsinin ölkə rəhbərliyinin diqqət mərkəzində olmasının bariz göstəricisidir. İnstitutda İlahiyyat fakültəsi, Dinşünaslıq, İslamşünaslıq, Dillər və ictimai fənlər kafedraları fəaliyyət göstərir. İnstitutda ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Hər üç səviyyədə təhsil dövlət sifarişinə əsasən həyata keçirilir. İnstitutda dinşünaslıq və islamşünaslıq istiqamətlərinin müxtəlif fənləri ilə yanaşı, sosial və humanitar fənlər, həmçinin, ingilis və ərəb dilləri tədris olunur.
Gənclərin müxtəlif radikal dini məzhəblərin təsiri altına düşmələri müasir dünyanın qorxulu tendensiyalarından birinə çevrilib. Təəssüflə vurğulamaq lazımdır ki, Azərbaycan vətəndaşlarının da bu cür mənfi təsirləri altında müxtəlif ölkələrdə, o cümlədən Suriyada qanunsuz hərbi birləşmələrə qoşulması hallarına rast gəlinib. Bütün bunların fonunda bir çox ölkələrdə dövlətin nəzarətində olan, elmi əsasda fəaliyyət göstərən dini ali təhsil müəssisələrinin yaradılması vacibliyi geniş müzakirə olunur. Yüksək səviyyəli dini-mənəvi təhsilin aparılması üçün ixtisaslaşmış kadrların hazırlanması Azərbaycanın dövlətinin də qarşısında duran mühüm vəzifələrdən biri olduğundan buna xüsusi önəm verilib. Əlbəttə ki, gənclərin milli-mənəvi dünyagörüşünün formalaşmasında, onların ailədə və cəmiyyətdə əxlaqlı insan kimi yetişməsində dinin özünəməxsus rolu var. Bu baxımdan, dini dəyərlərin, İslamın düzgün tədrisi və təbliği, dini maarifləndirmə tədbirləri gənclərimizin müxtəlif zərərli vərdişlərdən qorunmasına xidmət edir. Dini ali təhsilin inkişafı Azərbaycanda tolerant və muktikultural dəyərlərin inkişafına ciddi təkan verir, sağlam mənəvi mühit formalaşdıraraq dözümsüzlük, fanatizm, ksenofobiya və ekstremizm kimi neqativ meyillərin qarşısını alır. Dini biliklər və maarifləndirmə gənclərin mənəvi təhlükəsizliyini gücləndirir, onlarda zərərli vərdişlərə qarşı mübarizlik yaradır, məzhəbçiliyi və dini radikallığı aradan qaldırır.
"AZƏRBAYCANDA DİN DÖVLƏTDƏN AYRIDIR"
Müasir dövrün tələblərinə uyğun istifadəyə verilən Azərbaycan İlahiyyat İnstitutunda 277 tələbə təhsil alır, 43 müəllim çalışır. İnstitutun müəllimləri tədris prosesi ilə yanaşı, dinşünaslıq və islamşünaslıq sahələrində elmi tədqiqatlar aparır, dərslik və monoqrafiyalar yazır, ölkədaxili və beynəlxalq elmi tədbirlərdə iştirak edirlər. Əlbəttə ki, görülən işlər deməyə əsas verir ki, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir. Azərbaycanda dövlət dini məsələlərə qarışmır, əksinə, çalışır ki, kömək göstərsin. Dövlət başçısının çıxışlarının birində vvurğuladığı kimi: "Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq dövlət dindarlara daim dəstək, dayaq olur".
Müasir dünyada müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında yaşadığı Azərbaycan uğurlu bir inkişaf yolundadır. Bəzi dünya dövlətlərində terrorizm, islama qarşı hücumlar artıb, islamafobiya güclənib. Avropa dövlətlərində milli mövcudluğu qoruyub saxlamaq cəhdlərinə qarşı aqressivlik, milli, dini və ayrı-seçkilik, mühacir və qaçqınların sıxışdırılması fonunda Azərbaycanda tolerantlıq, dözümlülük, multikulturalizm mühiti diqqətdən kənarda qalmır. Ölkəmizin mədəniyyətlərarası, dinlərarası və sivilizasiyaların təmas mərkəzinə çevrilib. Azərbaycan isə ekstremizm və dözümsüzlük əleyhinə çıxış edir, kənar qüvvələrin, xaricdən gələn təhlükələrin qarşısını almaqda güclü və qətiyyətlidir. "İndiki şəraitdə biz görürük ki, dünyanın müxtəlif yerlərində dini məzhəb zəminində qan tökülür, müharibələr alovlanır, böyük faciələr yaşanır" – deyən Azərbaycan Prezidenti bildirib ki, elə etməliyik ki, həm Azərbaycanda, həm yaşadığımız bölgədə vəziyyət müsbət istiqamətdə inkişaf etsin: "Biz adada yaşamırıq, biz bu bölgədə yaşayırıq və yaşayacağıq. Ona görə biz həm ölkə daxilində bu məsələləri daim diqqət mərkəzində saxlayırıq və hesab edirəm ki, beynəlxalq təşəbbüslərlə bölgədə və dünyada dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi işinə öz töhfəmizi veririk".
Həqiqətən də, Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.
Nəzakət ƏLƏDDİNQIZI