PDF Oxu

Siyasət

  • 3 907

Uğurlu və dinamik inkişaf ili: 2022-ci ildə ölkəmiz daha da inkişaf edəcək TƏHLİL

Uğurlu və dinamik inkişaf ili: 2022-ci ildə ölkəmiz daha da inkişaf edəcək TƏHLİL

Prezident İlham Əliyev: "Biz bu üç ayın yekunlarını keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirməliyik"

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlətimizin başçısı proqram xarakterli nitqində beynəlxalq aləmdəki vəziyyət, xarici siyasətimizin gündəliyində olan məsələlər, ötən il əldə edilən nailiyyətlər və görülən işlər barədə əhatəli danışaraq qarşıda duran vəzifələri müəyyən etdi.
"BU İLİN ÜÇ AYINDA ÖLKƏMİZ BÜTÜN SAHƏLƏRDƏ UĞURLA İNKİŞAF EDİB"
«Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib. Biz bu üç ayın yekunlarını keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirməliyik”.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə deyib. Keçən ilin ölkəmizin həyatında çox əlamətdar bir il olduğunu deyən dövlət başçısı vurğulayıb ki, müharibədən sonra birinci il olmuşdur: «Əlbəttə ki, müharibədən sonrakı dövr üçün keçən ilin çox böyük əhəmiyyəti olmuşdur. Bizim əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır».
"BİZ BÜTÜN BU NAİLİYYƏTLƏRİ ÖZ ZƏHMƏTİMİZ HESABINA QAZANMIŞIQ"
Prezident İlham Əliyev müşavirədə əldə olunan bütün nailiyyətləri heç kimdən bir manat belə dəstək almadan öz zəhmətimiz hesabına həll edildiyini vurğulayıb: «Biz bütün bu nailiyyətləri öz zəhmətimiz hesabına qazanmışıq. Heç kimdən bir manat dəstək almamışıq. Azad edilmiş torpaqları da yüz faiz öz gücümüzə bərpa edirik. Bəli, xarici şirkətləri dəvət etmişik. Onlar orada podratçı kimi işləyir. Amma bu günə qədər heç kimdən bir manat almamışıq. Ancaq öz gücümüzə, öz istedadımıza güvənirik».Dövlət başçısı bu inkişafa ən inkişaf etmiş ölkələrin belə nail ola bilmədiyini vurğulayıb: “Bunu mən xüsusilə qeyd etmək istəyirəm. Çünki adətən belə qanlı müharibələrdən, belə dağıntılardan sonra, - Qarabağ və Zəngəzurda dağıntıların dünyada bənzəri yoxdur, heç İkinci Dünya müharibəsində bu qədər dağıntılar olmamışdı, - donor konfransları, beynəlxalq təşkilatlar yığışır və bərpa planı icra edilir. İndi yenə də İkinci Dünya müharibəsinin tarixçəsinə nəzər salmaq kifayətdir. O vaxt Marşal planı tətbiq edilmişdir. Əgər Amerika Avropanı bərpa etmək üçün bu planı tətbiq etməsəydi, Avropa öz gücünə öz potensialını bəlkə də 50 ilə bərpa edə bilərdi”.“Digər münaqişələrlə bağlı beynəlxalq fondlar maliyyə yardımı göstərirlər. Bizə isə heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra»,-deyən dövlət başçısı bildirib ki, hətta ölkələrin əksəriyyəti işğalı işğal kimi adlandırmaq istəmirdilər: «Mənim yadımdadır, işğal dövründə beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, eyni zamanda, ikitərəfli formatda apardığımız danışıqlar əsnasında biz güc-bəla ilə, zorla ölkəmizin ərazi bütövlüyü prinsipini o bəyannamələrə saldırırdıq. Bir çoxları imtina edirdi. Halbuki bu, gün kimi aydın idi, kim işğalçıdır, kim işğala məruz qalan ölkədir. İkili standartlar, ədalətsizlik, bax, budur. Biz bunu bu gün də görürük, Rusiya-Ukrayna müharibəsində görürük. Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə və məşhur “Bayraktar” dronlardan istifadə edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar. Fərq budur, ikili standartlar budur, bizə qarşı ədalətsizlik budur. Bu, reallıqdır. Biz isə öz gücümüzlə yeni reallıq yaratmışıq və yaradırıq. Ona görə bir daha demək istəyirəm ki, mən hələ də ümid edirəm, beynəlxalq təşkilatlar, böyük fondlar, xeyriyyəçiliklə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatları bir nəzər yetirəcəklər", - Azərbaycan Prezidenti deyib.
"AĞDAM VƏ FÜZULİ ŞƏHƏRLƏRİNİN BAŞ PLANLARI ƏSASINDA İŞLƏRƏ START VERİLİB"
"Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və Baş planlar əsasında işlərə start verilib. Artıq mən işlərin gedişatı ilə tanış olmuşam",-deyən Azərbaycan Prezidenti bildirib ki, digər şəhərlərin Baş planlarının təsdiqlənməsi bu yaxınlarda öz həllini tapmalıdır: «Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planları hazırlanmalıdır, bu il təsdiq edilməlidir və ondan sonra bizim Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramında əlavələr edilməlidir. Çünki burada da qeyd olundu, 2,2 milyard manat vəsait nəzərdə tutulur. Amma birinci rübdə cəmi 300 milyon manatdan bir qədər çox vəsait istifadə olundu. Əlbəttə ki, Baş planlar təsdiq olunandan sonra biz ancaq praktiki işlərlə məşğul olacağıq. Mən, ilk növbədə, yaşayış binalarının inşasını nəzərdə tuturam. Çünki digər infrastrukturla bağlı layihələr icra edilir. Minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub və bu, bizim üçün prioritet məsələdir. Çünki bu məsələ həll olunmadan biz vətəndaşları o bölgələrə yerləşdirə bilmərik. Ancaq tam əmin olandan sonra ki, o ərazilər minalardan təmizlənib, biz vətəndaşları o ərazilərə yerləşdirə bilərik”.
“İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ BU İL BEŞ STANSİYA “AZƏRENERJİ” TƏRƏFİNDƏN BƏRPA EDİLƏCƏK”
Prezidenit İlham Əliyev keçirilən müşavirədə azad edilmiş ərazilərdə görülən işlərdən danışaraq bildirib ki, bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək: «Azad edilmiş torpaqlarda keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilmişdir. İkisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda Lev çayı üzərində. Mənfur düşmən torpaqlarımızı tərk edərkən 30-dan çox elektrik stansiyasını dağıdıb, yandırıb, o stansiyaların qalıqları orada qalıbdır. Xüsusilə Kəlbəcər, Laçın rayonlarında olarkən bunu hər kəs görə bilər».«Biz keçən il bu stansiyaların bərpasına başlamışıq. Bu il beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq»,-deyən dövlət başçısı sahibkarların bu işdə köməklik etmələrini bildirdi: «Qalan stansiyaların bərpası və ondan sonra işlənməsi sahibkarlar tərəfindən olsa, daha yaxşı olar. Çünki əlbəttə, dövlət də bu işi öz üzərinə götürə bilər, ancaq dövlətin digər başqa xərcləri çoxdur – bu, birincisi. İkincisi, bu, sahibkarlar üçün də əlverişli investisiya ola bilər. Nəzərə alsaq ki, azad edilmiş bütün bölgələr bu gün Azərbaycanın digər bölgələri ilə elektrik xətləri ilə birləşdirilib, ona görə orada istehsal olunacaq enerji ümumi sistemə daxil ediləcək. Mən hesab edirəm ki, sahibkarlar üçün bu, çox cəlbedici ola bilər".İqtisadiyyat Nazirliyi və Prezident Administrasiyasının bu işlə məşğul olduğunu və təkliflər də verildiyini bildirən Prezident bildirdi ki, bu məsələyə diqqət yetirmək lazımdır: «Hesab edirəm ki, hər bir stansiya üzrə təkliflər verilsin və bəlkə bu müşavirədən sonra sahibkarlar da bu məlumatı məndən eşidib daha da həvəsli olacaqlar. Yaxşı olar ki, bu məsələ ilə maraqlanan sahibkarlar üçün qalan stansiyaların yerləri ilə bağlı xüsusi bir təqdimat keçirilsin, təkcə ermənilər tərəfindən dağıdılmış stansiyalardan söhbət getmir. Hazırda xüsusilə, Kəlbəcər, Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlər bizə müraciət edirlər. Əgər xarici şirkətlər üçün bu, maraqlıdırsa, deməli, burada mənfəət olacaq. Yerli şirkətləri də cəlb etməliyik, ya xarici şirkətlərlə birlikdə, ya da ki, ayrı-ayrılıqda. Cəbrayıl, Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının potensialı həddindən artıq böyükdür. Yəni, bütün bunlardan biz səmərəli şəkildə istifadə etməliyik. Həm bərpaolunan enerji növlərinin ümumi enerji balansımızdakı payını 30 faizə artırmalıyıq, - mən bu göstərişi vermişdim, bəlkə də gələcəkdə daha çox olacaq, - həm də ki, təbii qaza qənaət edib onu indiki yüksək qiymətlərlə ixrac edə biləcəyik".
“XUDAFƏRİN” VƏ “QIZ QALASI” SU ELEKTRİK STANSİYALARININ TİKİNTİSİ İLƏ BAĞLI İŞLƏR SÜRƏTLƏNDİRİLMƏLİDİR”
Dövlət başçısı müşavirədə keçən il azad edilmiş torpaqlarda elektrik yarımstansiyasının inşa edilməsi ilə də bağlı məlumat verdi: «Keçən il azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilmişdir. Bu, çox böyük göstəricidir. Eyni zamanda, ən çətin relyefə malik olan Daşkəsəndən, Kəlbəcər dağlarından da elektrik xətləri çəkildi - Daşkəsəndən Kəlbəcərə. Orada dağların hündürlüyü 3500 metrdir, ağır, çətin şəraitdə, qış aylarında biz bunu bacardıq. “Azərenerji”nin mütəxəssisləri yüksək qiymətə layiqdirlər».Dövlətimizin başçısı deyib: “Bu il “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı işlər sürətləndirilməlidir. İran İslam Respublikası ilə danışıqlar aparılır və hesab edirəm ki, daha da sürətlə aparılmalıdır ki, biz tezliklə burada da razılığa gələk. Çünki bu stansiyaların potensialı çox böyükdür - 240 meqavat gücündədir və bu stansiyalar inşa ediləndən sonra bunun yarısı bizə çatacaq. Beləliklə, biz bu imkanlardan da istifadə edə bilərik. “bp” şirkəti ilə Cəbrayılda Günəş Elektrik Stansiyasının tikintisi üzrə danışıqlar gedir. Ümid edirəm ki, yaxın gələcəkdə bir nəticə də olacaq. Hesab edirəm ki, bu stansiyanın çox böyük potensialı olacaq”.
"ZƏNGƏZUR DƏHLİZİ AÇILMALIDIR"
"Zəngəzur dəhlizi açılmalıdır",- deyən Prezident İlham Əliyev bildirib ki, Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır: «İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır. Ümid edirəm ki, yaxın gələcəkdə təməlqoyma mərasimi də keçirilə bilər və beləliklə, yeni beynəlxalq nəqliyyat dəhlizi açılacaqdır. Ümumiyyətlə, bizim nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planlarımız vaxtlı-vaxtında yerinə yetirildi. Əgər bu gün həm limana, həm dəmir yollarına, həm hava limanlarına, avtomobil yollarına və digər infrastruktura bu böyük investisiyalar qoyulmasaydı, Azərbaycan, əlbəttə ki, yeni yaranan bu imkanlardan məhrum ola bilərdi. Ancaq, əksinə, biz bu gün öz nəqliyyat infrastrukturumuzu maksimum işə sala bilərik. Gəmiqayırma zavodunda yeni yük gəmiləri, tankerlər inşa edilir. Yəni, bütün bunlar vaxtında atılmış addımlardır. Əgər biz gəmiqayırma zavodunu inşa etməsəydik, bu gün bu imkanlardan istifadə edə bilməzdik. İndi isə biz heç kimdən asılı deyilik. Nə qədər istəsək, o qədər də bərə, tanker, yük gəmisi inşa edə bilərik və Xəzər üzərindən yükdaşımaların həcmini bu il artıracağıq və gələn il daha da artıracağıq". Dövlət başçısı, həm də onu da bildirib ki, 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmir yolunun 60 kilometri artıq hazırdır: "Yəni, biz sürətlə gedirik. Dörd və altı zolaqlı avtomobil yolu da çəkilir".Prezident İlham Əliyev onu da bildirib ki, görülən işldəri Ermənistan da görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz: "Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar. Onsuz da biz istədiyimizə gec-tez nail olacağıq. Daha yaxşı olar ki, onlar özləri də bir az cəld tərpənsinlər. Yoxsa yenə də dalan kimi qalacaqlar".
“BİZ QARABAĞI DA, ZƏNGƏZURU DA NÜMUNƏVİ BİR BÖLGƏ KİMİ QURACAĞIQ”
"Biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcəyik. Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq. Ancaq mənim sözüm beynəlxalq təşkilatlaradır. İnsan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutanlar heç olmasa, Azərbaycana da diqqət yetirsinlər və ikili standartlardan kənar olsunlar”,-deyən Prezident İlham Əliyev bildirib ki, investisiya proqramımızı tərtib edərkən yerlərdən gələn təkliflərə üstünlük verilir: “Ölkə üzrə bütövlükdə investisiya proqramının icrası nəticəsində işlər plan üzrə gedir və hər bir bölgədə vətəndaşlar bunu görürlər. Bir çox layihələr vətəndaşların məktubları əsasında icra edilir. Vətəndaşları narahat edən məsələlərlə bağlı onlar müraciət edirlər, həm mənə, həm də Prezident Administrasiyasına, hökumətə, aidiyyəti qurumlara və hər bir müraciət diqqətlə əhatə olunur. Ona görə investisiya proqramımızı tərtib edərkən, əlbəttə ki, yerlərdən gələn təkliflərə üstünlük verilir».Qarabağ və Şərqi Zəngəzurda hələ ki, heç kimin yaşamadığını bildirən Prezident deyib: “Ona görə biz orada görüləcək işləri mərkəzləşdirilmiş qaydada etməliyik və edirik. Keçən il genişmiqyaslı abadlıq-quruculuq işlərinə start verildi, böyük infrastruktur layihələri icra edildi. Mən bu gün onların hamısını sadalasam, yenə də çox vaxt gedəcək”.
“AZƏRBAYCANIN BÖYÜK DAĞI OLAN FƏRRUX DAĞI BU GÜN BİZİM NƏZARƏTİMİZDƏDİR”
“Xaçınçay su anbarı düz Fərrux dağının altındadır, Fərrux kəndinin düz böyüründədir və ermənilərin hərbi mövqeləri bu su anbarının istismarını təhlükəyə salmışdı, yəni, böyük bir təhlükə mənbəyi idi. Dəfələrlə oradan və digər kəndlərdən Ağdam istiqamətinə atəş açılırdı. Fərrux dağını məncə, indi dünyada tanımayan yoxdur və Azərbaycanın böyük dağı olan Fərrux dağı bu gün bizim nəzarətimizdədir, Azərbaycan bayrağı orada dalğalanır”.Bu barədə Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Xaçınçayın təhlükəsizliyi və bu sudan istifadə etmək üçün Fərrux dağının böyük əhəmiyyəti var.
“MİNALARDAN TƏMİZLƏNMƏ PROSESİNİ SÜRƏTLƏNDİRMƏK ÜÇÜN BU İL 100 MİLYON MANATA YAXIN VƏSAİT NƏZƏRDƏ TUTULUB”
Dövlət başçısı işğaldan azad olunmuş torpaqlarda minaların təmizlənmə prosesinə də toxunaraq bildirib ki, bu məsələ həll olunmadan biz vətəndaşları o bölgələrə yerləşdirə bilmərik: «Minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub və bu, bizim üçün prioritet məsələdir. Çünki bu məsələ həll olunmadan biz vətəndaşları o bölgələrə yerləşdirə bilmərik. Ancaq tam əmin olandan sonra ki, o ərazilər minalardan təmizlənib, biz vətəndaşları o ərazilərə yerləşdirə bilərik".Yeni texnikanın alınmasının təmin edildiyini, o cümlədən ən müasir texnika, dronlar və digər müasir cihazlar alındığını qeyd edən dövlətimizin başçısı beynəlxalq mütəxəssislərin dəstəyinə böyük ehtiyac olduğunu söyləyib: «Bizim indi üç qurumumuz - ANAMA, Müdafiə Nazirliyinin bölmələri və Fövqəladə Hallar Nazirliyi minatəmizləmə işləri ilə məşğuldurlar. Əlbəttə ki, bir müddət bundan əvvəl yerli şirkətlərin buraya cəlb olunması məsələsi müzakirə edilmişdir və bildiyimə görə, yerli şirkətlər də bu işlərə qoşulur. Çünki bu təşəbbüs həm sahibkarlığın inkişafına təkan verəcək, - əfsuslar olsun ki, ölkəmizdə minatəmizləmə prosesi uzunmüddətli olacaq, - eyni zamanda, yerli şirkətlər burada təcrübə toplayıb öz xidmətlərini təqdim edə bilərlər. Xarici şirkətlərə gəldikdə, onların təklifi, əlbəttə ki, bu günə qədər qiymət baxımından bizim üçün o qədər də məqbul olmayıb. Çünki yerli şirkətlərin verdikləri qiymətlə xarici şirkətlərin verdikləri qiymətlər arasında dəfələrlə fərq var. Ona görə mən hesab edirəm ki, üç dövlət qurumu ilə bərabər, yerli şirkətlər nə qədər çox yaransa, o qədər yaxşıdır. Bir də ki, dövlət xətti ilə ən müasir maşın və mexanizmlərin alınması da təmin edilməlidir».
"BUNDAN SONRA ORDU QURUCULUĞUNA NƏ QƏDƏR PUL LAZIMDIRSA, O QƏDƏR DƏ AYIRACAĞIQ"
Ordu quruculuğuna diqqətin həmişə olduğunu deyərək bildirib ki, biz öz hesabımıza yaşayan ölkə kimi bundan sonra ordu quruculuğuna nə qədər pul lazımdırsa, o qədər də ayıracağıq: «Müharibədən dərhal sonra bütün başqa bərpa işləri ilə bərabər, biz həmişə olduğu kimi hərbi sahəyə də fikir vermişik. Bildirməliyəm ki, müharibədən sonra Türkiyə və İsrail şirkətləri ilə yeni, böyük kontraktlar imzalandı. Bəzi kontraktların icrası başlanmışdır, bəzi kontraktların icrası başa çatmışdır, bəzilərinin isə icrası davam edir. Müharibənin 44 gününün hər günü dərindən təhlil edildi və əlbəttə, bu təhlil bizə imkan verdi ki, biz gələcək ordu quruculuğumuzu real vəziyyətə əsaslanaraq quraq. Bunu nəzərə alaraq yeni silahların, texnikaların alınması da təşkil edilir. Bununla bərabər, müharibədən sonra Müdafiə Nazirliyində struktur islahatları aparılmışdır, struktur dəyişikliyi edilmişdir və bu, ordumuzu daha da gücləndirəcək, daha da müasirləşdirəcək. Müharibədən sonra yeni qoşun növü – Komando növü yaradılmışdır və Hadrutda birinci Komando hərbi bazasının açılışında mən şəxsən iştirak etmişəm. Bu, çox güclü bir qoşun növüdür. Əminəm ki, hazırda artıq bu qoşun növü istənilən vəzifəni icra edə bilər. Biz isə sadəcə olaraq, komandoların sayını ildən-ilə artıracağıq. Hesab edirəm ki, onların sayı ilə bağlı məlumat vermək yersizdir, ancaq hər kəs bilməlidir ki, minlərlə tam hazırlıqlı döyüşçü artıq hazırlanıb və hazırlanacaq».«Bununla paralel olaraq, İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırıldı və artırılacaq. Hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa, o qədər də vəsait ayrılacaq və ayrılır»,-deyən Ali Baş Komandan Ermənistanda isə tam bu, fərqli olduğunu deyib: «Ermənistanda xaricdən nə qədər maliyyə yardımı, yaxud da qaytarılmayan kreditlər ayrılarsa, onlar o qədər də xərcləyə bilərlər. Bu məsələyə də mən aydınlıq gətirmək istəyirəm. Hesab edirəm ki, bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində biz Ermənistanın haradasa 4-5 milyard dollarlıq dəyərində hərbi texnikasını məhv etmişik. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb, biz ondan istifadə edirik. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Sual olunur: Kasıb ölkədə bu qədər pul haradandır? Bu kreditlər haradandır? Bu kreditlərin sonra pulu qaytarılıbmı, qaytarılmayıbmı? Yoxsa silinib? Əgər o kreditlər verilməsəydi, mən tam əminəm ki, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Ermənistan özü gəlib boynunu büküb razılığa gələrdi, necə ki, kapitulyasiya aktını imzaladı, bütün şərtlərimizi qəbul etdi və müharibədən sonra da necə deyərlər, tam başqa mövqe sərgiləyir».
Dövlət başçısı onu da vurğulayıb ki, əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq: “Biz isə əlbəttə, öz hesabımıza yaşayan ölkə kimi bundan sonra ordu quruculuğuna, bir daha demək istəyirəm, nə qədər pul lazımdırsa, o qədər də ayıracağıq”.
"BİZ HEÇ VAXT ERMƏNİ VƏHŞİLİYİNİ UNUTMAMALIYIQ"
"Biz heç vaxt bu işğalı unutmamalıyıq, erməni vəhşiliyini unutmamalıyıq. Eyni zamanda, onu da unutmamalıyıq ki, bu gün Azərbaycan güclüdür, Ermənistan zəifdir. Ermənistan tərəfinin davranışı da məhz bu amillərə söykənir". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə giriş nitqində deyib. "Biz real həyatda yaşayırıq və 1990-cı illərin əvvəlində Ermənistan tərəfindən bizə qarşı aparılmış etnik təmizləmə siyasətini, Xocalı soyqırımını, işğalı heç vaxt unutmamalıyıq, azərbaycanlılar kimi həmişə bizim yaddaşımızda olmalıdır. Məsuliyyətli insanlar kimi həmişə biz hər şeyə hazır olmalıyıq»,- deyən dövlət başçısı bildirib ki, əlbəttə, gələcəyə baxdıqda, mən tam əminəm ki, Azərbaycan daha da güclənəcək: «Bu gün digər məsələləri müzakirə edərkən bir daha Azərbaycan ictimaiyyəti bunu görəcəkdir. Ermənistanın isə inkişafı onun özündən asılı olacaq, Ermənistanın qonşu ölkələrə olan münasibətindən asılı olacaq. Çünki indi hər kəsə aydındır ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi. Onlar real müstəqil ölkə olmaq şansını itirmişlər. Biz isə 30 il ərzində, - baxmayaraq ki, torpaqlarımız işğal altında idi, - tam siyasi və iqtisadi müstəqilliyə nail olmuşduq. Ona görə bu gün inamla və qürurla öz sözümüzü bütün kürsülərdə deyirik. Ona görə Ermənistan üçün bəlkə də bu, son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək. İnkişaf üçün də, bir daha demək istəyirəm ki, ilk növbədə, Azərbaycan və Türkiyə ilə əlaqələr beynəlxalq hüquq norma və prinsiplər əsasında normallaşmalıdır».
"İKİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏKİ QƏLƏBƏMİZ NƏTİCƏSİNDƏ AZƏRBAYCANA ÇOX BÖYÜK MARAQ VAR"
Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, İkinci Qarabağ müharibəsindəki Qələbəmiz nəticəsində Azərbaycana çox böyük maraq var: «Postmünaqişə dövründə, əlbəttə, biz bütün bizim iqtisadiyyatla bağlı, ərazilərin bərpası ilə bağlı addımlarımızı ölçüb-biçilmiş şəkildə atmışıq və nəticələr də göz qabağındadır. Azərbaycanda postmünaqişə dövrü ilə bağlı bütün planlar yerinə yetirilir. Qeyd etdiyim kimi, beynəlxalq ictimaiyyət həm siyasi nöqteyi-nəzərdən bu reallıqları qəbul edib, eyni zamanda, bizə olan maraq daha da artıb - həm hörmət, həm maraq. Bu marağı biz böyük investisiya layihələrində görürük. Təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verildi – bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməli qoyuldu. 470 meqavat gücündə olan stansiyalar xarici investorlar tərəfindən inşa edilir və gələn il istismara veriləcək».Dövlət başçısı aparılan islahatların şəffaflıq nəticəsində, eyni zamanda, İkinci Qarabağ müharibəsindəki Qələbəmiz nəticəsində Azərbaycana çox böyük marağın olduğunu söyləyib: «İş görmək, biznes əlaqələri qurmaq müraciətləri kifayət qədər çoxdur. Bu gün dünya miqyasında Azərbaycan nadir ölkələrdəndir ki, bu qədər marağı özünə cəlb edə bilib».
"DÜNYANIN APARICI BEYNƏLXALQ TƏŞKİLATLARI YENİ REALLIQLARI QƏBUL EDİBLƏR"
"Postmünaqişə dövrünün nəticələri, birinci ilin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir",-deyən dövlət başçısı bildirib ki, biz, ilk növbədə, beynəlxalq təşkilatlarla öz təmaslarımızı, fəal əməkdaşlığımızı davam etdirmişik və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər: «İlk növbədə, BMT xətti ilə Şuşa şəhərində bu yaxınlarda beynəlxalq tədbir keçirilmişdir - Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur. Əlbəttə ki, biz BMT-yə üzv olandan sonra işğalla üzləşdiyimiz dövrdə gördük ki, BMT, onun Təhlükəsizlik Şurası ədalətli qərarlar qəbul etmişlər. Əfsuslar olsun ki, bu qərarlar 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmışdır. Ancaq Qarabağ münaqişəsinin həlli, Azərbaycan tərəfindən birtərəfli həlli, eyni zamanda, BMT-nin üzərindən bu yükü götürmüş oldu. Şuşa şəhərində bu tədbirin, bir daha demək istəyirəm ki, xüsusi əhəmiyyəti var idi və təsadüfi deyil ki, Ermənistanda bu, növbəti panikaya, isterikaya səbəb olmuşdur».
"AVROPA İTTİFAQI POSTMÜNAQİŞƏ DÖVRÜNÜN REALLIQLARINI QƏBUL EDİB"
Prezident İlham Əliyev onu bildirib ki, Avropa İttifaqı ilə bizim təmaslarımız müharibədən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir: «Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilmişdir. Görüşlər haqqında məlumat verilmişdir, bu məsələ ilə əlaqədar çox da danışmaq istəmirəm. Ancaq, əlbəttə ki, həm ekspertlər, həm Azərbaycan ictimaiyyəti gördülər ki, yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz etmişdir və “münaqişə” sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir».«Bildiyiniz kimi, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir»,- deyən Prezident İlham Əliyev onu da vurğulayıb ki, Ermənistan 5 prinsipi qəbul etməli idi: «Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Yəni, əgər bu 5 prinsipi qəbul edirsə, - bu, aprel görüşündə təsdiqləndi, - bu məsələlər bu 5 prinsipin tərkib hissəsidir. Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir. Razılaşdırıldı ki, həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupları yaradılsın. Bildiyiniz kimi, bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında hesab edirəm ki, yaxın tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə telefon söhbəti də olmuşdur. Biz bunu da müsbət qiymətləndiririk. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Buna köməklik göstərmək istəyənlər kömək göstərməlidirlər. Mən bunu belə görürəm, bizim mövqeyimiz bundan ibarətdir. Hesab edirəm ki, sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır. Bu prosesə biz çox böyük ümidlərlə baxırıq və vaxt itirmək lazım deyil. Hər halda, biz bunun tərəfdarıyıq ki, vaxt itirmədən məsələnin həllinə başlayaq”.
“GƏLƏCƏYƏ BAXDIQDA, MƏN TAM ƏMİNƏM Kİ, AZƏRBAYCAN DAHA DA GÜCLƏNƏCƏK”
Bəli, bugünkü uğurlar bunu bir daha təsdiqləyir. Dövlət başçısı keçirilən müşavirədə də bir daha bildirib ki, Azərbaycan bundan sonra daha da güclənəcək və xalqımız bunun şahidi olacaqlar: “Əlbəttə, gələcəyə baxdıqda, mən tam əminəm ki, Azərbaycan daha da güclənəcək. Bu gün digər məsələləri müzakirə edərkən bir daha Azərbaycan ictimaiyyəti bunu görəcəkdir. Ermənistanın isə inkişafı onun özündən asılı olacaq, Ermənistanın qonşu ölkələrə olan münasibətindən asılı olacaq. Çünki indi hər kəsə aydındır ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi. Onlar real müstəqil ölkə olmaq şansını itirmişlər. Biz isə 30 il ərzində, - baxmayaraq ki, torpaqlarımız işğal altında idi, - tam siyasi və iqtisadi müstəqilliyə nail olmuşduq. Ona görə bu gün inamla və qürurla öz sözümüzü bütün kürsülərdə deyirik. Ona görə Ermənistan üçün bəlkə də bu, son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək”.
RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər