“Ermənistanın Azərbaycanla sülh danışıqlarına getməsi ehtimalı əlbəttə var, amma bu məsələdə Paşinyan iqtidarının mövqelərinə hələ də təsir imkanları qalan sosial, iqtisadi və geosiyasi faktorlar qalmaqdadır”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.Onun sözlərinə görə, Brüsseldə tərəflər arasında AB-nın vasitəçiliyi ilə baş tutmuş məlum görüşdə Ermənistanın baş naziri Azərbaycanın irəli sürdüyü 5 şərti qəbul etdiklərini bildirdi: “Buna baxmayaraq ölkəyə qayıtdıqdan sonra hökumətin sonuncu iclasında Azərbaycanla perspektiv danışıqların, həm də paralel olaraq Qarabağdakı erməni separatçılarının statusu ilə bağlı müzakirələrin gedişatından asılı ola biləcəyi ilə bağlı verdiyi açıqlama göstərir ki, Paşinyan tərəddüd edir. O, danışıqları uzatmaqla Qarabağ ətrafında vəziyyətin qismən də olsa dəyişəcəyinə ümid edir. Ermənistan parlamentində keçirilən müzakirələrdə, istərsə də müxalifətin təşkilatçılığı ilə baş tutan məlum mitinqlərdə. Paşinyana qarşı çıxış edən erməni müxalifətinin Rusiya ilə bağlılığı faktoru nəzərə alınarsa, müxalifətin məlum mitinqlərdə iki mühüm vəzifəni qarşısında qoyduğu bəllidir. İlk olaraq Paşinyanı suçlayaraq siyasi dividentlərini və elektoral bazasını artırmaq, digər tərəfdən geosiyasi sifarişi yerinə yetirərək Paşinyana bölgədə əsas söz sahibinin kim olduğunu xatırlatmaq. Lakin Paşinyanın tərəddüdü və ehtiyatlı gedişləri ona həm də Qərbdən olan məlum mesajlarla da bağlıdır. Belə ki, Fransanın, ardınca ABŞ-ın Ermənistanda olan səfirləri tərəflər arasındakı danışıqlarda ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpa olunması təklifləri ilə çıxış ediblər”.E.Manafov onu da bildirib ki, hazırda Ukraynada Rusiya və Qərb koalisiyası arasında getdikcə artmaqda olan gərginliyin fonunda, Rusiya prezidenti Putinin Qərbi qeyri-dost ölkələr kateqoriyasına aid etməsi kontekstində Qərbin belə bir açıqlaması suallar doğurmaya bilmir: “Ukraynada Rusiya ilə hətta hərbi qarşıdurmaya gedən ABŞ belə çıxır ki, Qarabağ probleminin həlli ilə bağlı məsələlərdə Rusiya ilə əməkdaşlığı mümkün sayır. Məhz bu kimi açıqlamalar Paşinyanı münasib vaxtı gözləməyə sövq edə bilər. Lakin bir şey də məlumdur ki, Rusiya Qərbin Qarabağda əməkdaşlıqla bağlı təkliflərinin arxasında gerçəkdən hansı niyyətlərin olduğunun mahiyyətinə varır, bəllidir ki, Qərb burada Rusiyanın daha fərqli təsir imkanlarına malik olması amilini nəzərə alır, burada Azərbaycan ordusunun qələbəsi nəticəsində dəyişmiş geosiyasi reallıqları qısa zamanda, həm də Ukraynadakı qarşıdurmanın müqəddəratına aydınlıq gətirmədən dəyişmək mümkün deyil, Qərbdəki məlum qlobal maliyyə mərkəzi buna görə bölgədə onun maraqlarına cavab verə biləcək şəraitin dəyişməsini gözləyir, bu maliyyə mərkəzinin satelliti olan Paşinyan da həmçinin. Lakin bölgə real gücə və çəkiyə malik olan tərəfin Azərbaycan olması da şübhəsizdir. Elə buna görədir ki, əvvəlki dövrlərdən fərqli olaraq Rusiya sülhməramlıları Qarabağa keçmək istəyən Ermənistan parlamentinin üzvlərinin qarşısını almış, Azərbaycanın bu məsələdə iradı olmadan bu məsələnin hüquqi həllinin olmadığını bildirmişlər. Digər tərəfdən, Ermənistan tərəfinin bütün səylərinə baxmayaraq, Fərrux yüksəkliyi ətrafında da vəziyyəti deeskalasiya etmək, burada Azərbaycan və Rusiya sülhməramlıları arasında insident yaratmaq da mümkün olmamışdır. Zira bu ilin fevral ayında Azərbaycanın Rusiya ilə münasibətləri müttəfiqlik səviyyəsinə gətirilməsi Rusiya tərəfindən də yüksək qiymətləndirilir, nəhayət, bölgədəki yeni geosiyasi reallıqlar Qərbdən fərqli olaraq Rusiyanı qane etdiyindən ATƏT-in Minsk qrupunun əvvəlki fəaliyyətinin bərpası üçün canfəşanlıq etməyəcək. Qərbə gəlincə, qoca qitənin enerji təhlükəsizliyi ilə bağlı amillər onu da Azərbaycanla münasibətləri əməkdaşlıq müstəvisi üzərində saxlamağa məcbur edəcək, bu mənada Paşinyanın vaxt qazanmaq üçün fərqli qütblərə boylanması perspektivdə ona heç nə vəd etmir və deməli, sülh danışıqlarına başlamaq onun üzərinə düşən əsas missiya olaraq qalmaqdadır”.
Müəllif: Gülyana