PDF Oxu

Siyasət

  • 4 812

"Müşavirə postmüharibə dövrünün birillik hesabatı idi" - Məşhur Məmmədov

"Müşavirə postmüharibə dövrünün birillik hesabatı idi" - Məşhur Məmmədov

"Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə həm də postmüharibə dövrünün bir illik hesabatı idi. Müşavirə zamanı Prezident İlham Əliyev son üç ay da daxil olmaqla postmüharibə dövrünün reallıqları fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində güclənən mövqeyinə, ölkəmizin iqtisadi imkanlarının genişlənməsinə, işğaldan azad edilmiş ərazilərimizdə abadlıq-quruculuq işləri ilə bağlı görülən tədbirlərin miqyasına, eyni zamanda, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə bir daha işıq saldı: «Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib. Biz bu üç ayın yekunlarını keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirməliyik»,- deyən dövlət başçımız bildirib ki, bizim əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır. Postmünaqişə dövründə əsas vəzifələr beynəlxalq müstəvidə yeni reallıqların qəbul olunması, beynəlxalq təşkilatlar və qonşu ölkələrlə əlaqələrin qurulması, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin sürətləndirilməsi, Böyük Qayıdışa tezliklə nail olunmasıdır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Məşhur Məmmədov deyib.

M.Məmmədov vurğulayıb ki, postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşıda dayanan bütün vəzifələr icra edilib və Azərbaycanın cari ilin ötən dövründə sosial-iqtisadi inkişafı qənaətbəxşdir: "Dövlət başçısı iqtisadi göstəricilərimizin çox müsbət olduğunu bildirərək bildirib ki, ümumi daxili məhsulun 6,8 faiz artması iqtisadiyyatımızda böyük nailiyyətdir. Qeyri-neft iqtisadiyyatımız 10 faiz, sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir. Göründüyü kimi, bu rəqəmlər bir daha Azərbaycanın güclü iqtisadiyyata malik ölkə olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyev müşavirədəki çıxışında bir daha aydın şəkildə bəyan etdi ki, Azərbaycanın əldə etdiyi bütün nailiyyətlər ölkənin daxili imkanlarının hesabına əldə olunub. Azərbaycan heç kimdən bir manat da olsun dəstək almayıb. Azad edilmiş torpaqlar da tamamilə daxili imkanlar hesabına bərpa olunur. Xarici şirkətlər isə həmin ərazilərdə yalnız podratçı qismində çalışırlar. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin miqyası, onların müasir tələblər səviyyəsində həyata keçirilməsi bir daha sübut edir ki, Azərbaycan güclü iqtisadiyyata malik olan bir dövlətdir. Əsas məsələ görülən işlərin fonunda vətəndaşların məmnunluğunun artırılmasıdır".

Deputat onu da vurğulayıb ki, müşavirədə dövlət başçısının işğaldan azad olunmuş torpaqlarda görülən işlərdə Azərbaycan sahibkarlarının fəal iştirak etməsi ilə bağlı çağırışına böyük həvəslə qoşulduqlarını yüksək qiymətləndirərək deyib ki, "bunu onların necə deyərlər, vətəndaşlıq borcu kimi qəbul edirəm və şadam ki, onlar mənim çağırışıma cavab veriblər. Eyni zamanda, azad edilmiş bölgələrin potensialını, nəqliyyat yollarını nəzərə alaraq əminəm ki, bura qoyulan hər bir manat xeyir gətirəcək".

Azərbaycanın xarici siyasətinin müharibə dövründə olduğu kimi postmüharibə dövründə də strateji uğurlar qazandığını deyən millət vəkili aprelin 6-da keçirilən Brüssel görüşündə əldə olunan qələbəni Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin növbəti uğuru kimi dəyərləndirib: "Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında keçirilmiş üçtərəfli görüşlərin nəticəsi olaraq imzalanmış yekun bəyanatda “Dağlıq Qarabağ” ifadəsi də yer almayıb. Təbii ki, bu da Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin növbəti uğurudur. Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif verib. Ermənistan tərəfi də bu təklifə müsbət yanaşıb, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir".

Millət vəkili sonda onu da vurğulayıb ki, ümumiləşdirilmiş şəkildə qeyd etsək 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin və qarşıdakı dövrdə hədəflərin təqdimatıdır: "Bu inam ifadə edilir ki, qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olacağıq. Buna əsas verən Azərbaycanın daim yeni-yeni hədəflərə doğru inamla irəliləməsi və dövlətimizin uğurlu siyasəti nəticəsində onlara zamanında nail olunmasıdır".

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər