Avropa İttifaqı Şurasının vasitəçiliyi ilə Azərbaycan prezidenti cənab İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla Brüsseldə baş tutan görüşü dünya ictimaiyyətinin diqqətindən yayınmayıb. Bu eləcə də Ermənistan tərəfinin diqqətini cəlb edib və müvafiq nəticələr çıxarmaları üçün kifayət edər. Şarl Mişelin yekun bəyanatı çoxsaylı erməni informasiya və analitik nəşrlər arasında ört-basdır edilməmiş Ermənistanda nəzərəçarpacaq dərəcədə qıcıq yaradıb, çünki, bu görüşün nəticələrində dırnaqarası “status” barədə bir kəlmə də yoxdur.
Bir sıra erməni ekspertləri iddia edirlər ki, nizamlanma üzrə müharibədən sonrakı danışıqlar təhdid tendensiyasının davamıdır və bu, əlbəttə ki, onların qorxu keçirmələrindən xəbər verir. Həm də bu ondan irəli gəlir ki, müharibədən sonrakı danışıqlar, ələlxüsus son görüşün nəticələri Rusiya sülhməramlılarının məsuliyyət zonasında separatçı rejimin saxlanılması maraqlarına cavab vermir. Yəni, separatçı rejim öz mövcudluğu üçün danışıqlarda heç bir əsas görə bilmir və bu onun məhvi, meydandan çıxarılması deməkdir. Heç bir yekun bəyanatın mətni Qarabağı “xüsusi statuslu” ərazi kimi qeyd etmir və bu onlar üçün sonun başlanğıcıdır.
Brüsseldə Aİ-nin qarşıda gözlənilən sülh planı ilə bağlı mövqeyi açıq-aşkar ortaya qoyuldu. Göründü ki, Avropa diplomatiyası ikitərəfli dialoqun bərpasını alqışlayır və Rusiyanın vasitəçiliyi ilə belə əldə edilmiş razılaşmalar fonunda gərginliyin azaldılmasının vacibliyi nəzərə alınır. 9-10 noyabr 2020-ci il tarixli bəyanat, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmalar, o cümlədən iqtisadi və nəqliyyat əlaqələri üzrə üçtərəfli işçi qrupunun fəaliyyəti Brüsseldə alqışlandı. Avropa əvvəllər olduğu kimi, Cənubi Qafqazda gözlənilməz xərclərlə özünü yükləməyə çalışmır, sülhün vacibliyi barədə nəticələrə gəldiyini bəyan edir. Eləcə də Bakı ilə İrəvan arasında dialoqun vacibliyi vurğulanır.
Aİ-nin regiondakı siyasətinin əsas, özü də son zamanların ən əlamətdar hadisəsi ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əhəmiyyətinin devalvasiyasıdır. Bilirik ki, rəsmi İrəvanın bu qrup çərçivəsində Azərbaycana məxsus olan Qarabağ ərazisində status məsələsini müzakirə etmək ümidi olub. Bunun üçün ermənilər hər zaman əldən-ayaqdan gediblər. Rusiyanın Minsk Qrupundan bu yaxınlarda “kənar edilməsi”, ümumiyyətlə bu qrupun mövcudluğu barədə marağın olmaması faktiki olaraq Avropa diplomatiyasının indi hansı istiqamətdə aparıldığını göstərir. Brüsseldə açıq-aşkar bildirildi ki, separatizmə dəstək, yol ola bilməz və bu baxımdan ermənilərin çirkin niyyətlərini həyata keçirmələri üçün qəbul etdirməyə çalışdıqları dırnaqarası “status” da, Ali Baş Komandanımızın dediyi kimi, cəhənnəmə getdi. Hətta o da göründü ki, Aİ ATƏT-in Minsk Qrupu timsalında perspektivsiz əməkdaşlığa son qoyub.
Heç şübhəsiz ki, bu gün Azərbaycanın təsir gücü artır, söz sahibi olduğu da göz önündədir, ona görə də Qərbin Bakıya təzyiq rıçaqları yox dərəcəsindədir. İndi Azərbaycan tərəfinin qütrətli, güclü, üstün olduğu bir vaxtda separatçı qurumun, rejimin “statusunu” müzakirə etmək ermənilərin özləri üçün də tamamilə qeyri-real görünür. Paşinyan hökuməti indi ağır vəziyyətdədir və heç bir müqavimət imkanlarına malik deyil. Hətta bu işğalçı ölkənin hakimiyyəti öz ölkəsinin müxalifəti ilə də ehtiyatla dolanır və bunun üçün baş nazir özünə yaxın adamlarının köməyi ilə sülh müqaviləsinin imzalanmasına erməni cəmiyyətinin razılaşdırılması məqsədilə müəyyən təbliğat kampaniyaları da təşkil edir. Paşinyan hakimiyyəti də, erməni cəmiyyəti də artıq yaxşı başa düşür ki, Avropanın enerji təhlükəsizliyinin aparıcı təminatçılarından biri kimi Azərbaycanın Avropada əhəmiyyəti kəskin şəkildə artıbdır. Bakının çoxvektorlu siyasəti Rusiya-Azərbaycan münasibətlərində spekulyasiyaya, Azərbaycan rəhbərliyinin praqmatik mövqeyi isə bu respublikanın geosiyasi qarşıdurma məkanına çəkilməsinə imkan vermir. Balanslaşdırılmış siyasət sayəsində Azərbaycanın öz qonşularından bir neçə addım öndə olduğunu nəinki dünya ictimaiyyəti, Ermənistan cəmiyyəti də bilir və etiraf edir.
Sirr deyil ki, bir zamanlar Qarabağda dırnaqarası “status” məsələsi barədə ermənilərin uydurduqlarına Avropa bugünkü, hazırki kimi yanaşmırdı. Avropa İttifadqı erməni diasporunun təsirini nəzərə aldığındanmı, yoxsa öz maraqlarındanmı bu məsələdə ermənilərin ağzından vurmurdu, amma indi belə deyil və ermənilər uydurduqları “status məsələsinin” yox olduğunu özləri də ürək ağrısı ilə qəbul etməkdədirlər. Onların bunu qəbul etmələri üçün Paşinyan və onun komandası var gücü ilə çalışır. Son günlər erməni baş nazirin səsləndirdiyi fikirlər, ələlxüsus sülh sazişi barədə dedikləri onu göstərir ki, Ermənistanın mövcud hakimiyyəti mövcud reallıqları, Azərbaycanın bölgədə yaratdığı reallıqları erməni cəmiyyətinə qəbul etdirmək üçün səy göstərir. Bu isə təbii ki, əbəs yerə deyil və həmçinin ona görədir ki, başda erməni baş naziri olmaqla, onun komandası da Aİ-nin siyasi gündəmindən “status” məsələsınin silindiyini yaxşı başa düşür və bundan sonra nəyə isə ümid yerlərinin də qalmadığını qəbul edirlər.