Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin birinci rübünün yekunlarına dair müşavirədə çıxışı ölkənin iqtisadi inkişafına qiymət vermək, beynəlxalq aləmdə əldə olunan nailiyyətləri dəyərləndirmək, eləcə də ölkə vətəndaşlarının rifahına göstərilən qayğı və diqqəti nəzərdən keçirmək baxımından çox dəyərlidir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədrinin sözlərinə görə, əlbəttə ki, cənab Prezident çox ciddi məqamlara diqqəti cəlb etdi, Azərbaycanın beybəlxalq aləmdə nüfuzunun gündən-günə artması və beynəlxalq təşkilatların Azərbaycanla əlaqələrinin yaxşılaşdırılmasını gündəmə gətirməklə bildirdi ki, bu münasibətlər bndan sonra da davam etdirilməlidir və biz Beynəlxalq Millətlər Təşkilatı ilə, Qoşulmama Hərəkatı ilə, Avropa İttifaqı ilə, ATƏT-lə və digər beynəlxalq təşkilatlarla münasibətləri inkişaf etdirmişik, bundan sonra da bu uğurlar davam etdirilməlidir, çünki bu bizim gələcəyimiz üçün, Azərbaycanın səsinin dünyada eşidilməsi üçün çox vacibdir.
“Sözsüz ki, bu sahədə beynəlxalq təşkilatların Qarabağ məsələsinin həllində tutduğu mövqe də nəzərə çatdırıldı və cənab Prezident göstərdi ki, müəyyən beynəlxalq təşkilatlar sözsüz ki, bu məsələdə lazımi mövqe tutmadılar, ancaq biz öz qüvvəmizlə, öz gücümüzlə torpaqlarımızı azğın düşməndən azad etdik və mühüm qələbə qazandıq. Cənab Prezident iqtisadi sahədə qazanılan nailiyyətlərə diqqəti cəlb elədi və birinci rübün yekunlarının çox uğurlu olduğunu bildirdi. İstər ümimi daxili məhsul, istər qeyri-neft iqtisadiyyatı, istər qeyri-neft sənaye istehsalı, istər ixrac olunan məhsulların miqdarı və əhəmiyyəti haqqında özünün dəyərli fikirlərini söylədi. Burada işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılmasına və görülən işlərə çox böyük qiymət verildi və yaxın günlərdə, bu ildə Ağalı kəndinin sakinlərinin öz ata-baba yurdlarına qayıdacağı barədə cənab Prezidentin verdiyi mesaj və həmin kəndin açılışının olacağı barədə söylədiyi fikirlər əlbəttə ki, hər birimizdə böyük qürur hissi doğurdu.
Cənab Prezident aqrar sahədə qazanılan, əldə olunan və qarşıda duran vəzifələrə də diqqəti cəlb elədi, göstərdi ki, ərzaq təhlükəsizliyinin təmin olunması üçün biz imkanları, qüvvələri birləşdirməliyik, ərzaq məhsullarının qiymətlərinin artırılması hər birimizi düşündürməlidir. Ukrayna və Rusiya arasında gedən münaqişə sözsüz müəyyən problemlər yaradır və bu problemlərin aradan qaldırılması üçün təsirli tədbirlər görülməlidir. Əlbəttə ki, burada taxil idxalı əsas məsələ kimi qarşıya qoyulur. Məlumdur ki, bizim taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir. Biz ancaq ərzaqlıq buğda ilə 25 faiz təmin olunuruq. Cənab Prezident bildirdi ki, biz mütləq ərzaqlıq buğda ilə təminatı 70-75 faizə çatdırmalıyıq. Bunun üçün müvafiq tədbirlər görülməlidir və əlaqədar təşkilatlara bu barədə ciddi tapşırıqlar verildi və qarşıya qoyulan əsas məqsədlərdən biri də azad olunmuş ərazilərdə əkin işlərinin daha da genişləndirilməsi, əlavə olaraq 50 min hektarda əkinin aparılmasının zəruriliyi qeyd edildi. Bunun üçün mütləq suvarma sistemlərinin yenidən qurulması, gübrələrin alınması, yeni texnologiyanın tətbiq olunması vacibdir və ölkə Prezidentinin çıxışında da bu öz əksini tapdı.
Cənab Prezident gələcək vəzifələri diqqətə çatdırmaqla, qayıdışın uğurlu alınması üçün görülən işlərə diqqəti cəlb etməklə hər birimizdə belə bir inam yaratdı ki, Azərbaycan vətəndaşlarının rifahı, sosial vəziyyətinin yaxşılaşdırılması üçün əlində olan bütün imkanlardan istifadə edib və bundan sonra da bu imkanlardan hərtəfli istifadə ediləcəkdir. Pensiyaların artırılması, şəhid ailələrinə, qazilərə göstərilən diqqət, aztəminatlı ailələrə qayğının artırılması cənab Prezidentin çıxışında öz əksini tapdı və əlbəttə ki, bu sahədə son işlər, son illər görülən mühüm işlər, həyata keçirilən tədbirlər bunun bir nümunəsidir. Ümuniyyətlə, bu çıxış ölkənin həm iqtisadi inkişafını, həm də Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurları qiymətləndirmək baxımından çox dəyərlidir və Azərbaycan xalqında, hər birimizdə qürur doğurur”, deyə Tahir Rzayev bildirib.