"ATƏT-in Minsk Qrupu lap əvvəldən yanlış yanaşma ilə fəaliyyətə başlayıb. 1992-ci ildə ATƏT-in Minsk Qrupunun yaradılmasının əsas məqsədi Azərbaycan-Ermənistan münaqişəsinin dinc yolla həll edilməsi idi. ATƏT-in Minsk Qrupu yaradıldıqdan sonra da Ermənistan Azərbaycan torpaqlarını intensiv şəkildə işğal etməyə davam edirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.Onun sözlərinə görə, lap başlanğıcdan ATƏT-in Minsk Qrupunun təsir imkanlarına malik olmadığını, münaqişənin dinc vasitələrlə tənzimlənməsi istiqamətində səmərəli fəaliyyət göstərə bilməyəcəyini nümayiş etdirdi: "Digər bir məqam isə ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupu münaqişə vəziyyəti ilə bağlı heç vaxt obyektiv mövqe sərgiləməyib. Bu amilin özü də onun vasitəçiliyinin səmərəsizliyini şərtləndirdi. Çünki vasitəçi bu və ya digər münaqişənin həll edərkən mütləq şəkildə onun baş verməsi səbəbini özü üçün müəyyənləşdirməli və bununla bağlı aydın mövqe sərgiləməlidir. Əgər, münaqişənin baş verməsi səbəbi haqqında aydın təsəvvürlər sərgiləmirsə, bu zaman təbii ki, həmin münaqişənin tənzimlənməsi üçün də təsirli alətlər tətbiq edə bilməzdi. Yəni Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürürdü, Azərbaycan torpaqlarını işğal edirdi. Münaqişəni tənzimləyən zaman da məhz bu faktlardan istifadə edərək addımlar atmaq lazım idi. Lakin ATƏT-in Minsk Qrupu heç vaxt Ermənistanın işğalçı dövlət olduğunu etiraf etmədi. Bu baxımdan da bu səmərəli fəaliyyət göstərə bilməzdi. ATƏT-in Minsk Qrupunun həmsədrləri həm Azərbaycana, həm Ermənistana çoxsaylı səfərlər etdilər.2022-ci ilin birinci rübün yekunlarına dair keçirilən müşavirədə cənab Prezident də qeyd etdi ki, ATƏT-in Minsk Qrupunun 28 illik fəaliyyəti heç bir nəticə vermədi. Azərbaycan bu münaqişəni öz gücü hesabına həll etdi. Torpaqlarımızı işğaldan azad etdi. ATƏT-in Minsk Qrupunun mandatı faktiki olaraq fəaliyyətsizdir. Lakin de-yure hüquqi olaraq ATƏT-in Minsk Qrupunun mandatı qalmaqdadır. Hesab edirəm ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra ATƏT-in Minsk Qrupunun mandatı hüquqi olaraq da qüvvədən düşəcək".
Arzu Qurbanzadə