PDF Oxu

Siyasət

  • 5 092

Dünya Azərbaycanlılarının Zəfər qurultayı - TƏHLİL

Dünya Azərbaycanlılarının Zəfər qurultayı - TƏHLİL

Prezident İlham Əliyev: “Vətəndən kənarda yaşayan soydaşlarımız həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”

Ölkəmiz çox mühim tədbirin astanasındadır. Bu həftə Dünya Azərbaycanlılarının Zəfər Qurultayı Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşada, tariximizin Qələbə təntənəsi olan «Şuşa İli»ndə keçiriləcək. Tədbirin baş təşkilatçısı Diasporla iş üzrə Dövlət Komitəsidir.Vətəndən kənarda yaşayan soydaşlarımıza diqqətin göstərilməsi dövlət üçün hər zaman prioritetdir. Məhz bu qurultayın keçirilməsində də əsas məqsəd xaricdəki soydaşlarımızın Vətənlə əlaqələrinin daima qırılmaz tellərlə bağlanmasıdır. Və Dünya Azərbaycanlıların V qurultayının Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi böyük tarixi və qürurverici hadisədir. Hazırda qurultaya hazırlıq işləri yekunlaşmaq üzrədir. Qurultay iştirakçıları ilk olaraq Bakı şəhərində Fəxri xiyabanını, Birinci və İkinci Şəhidlər xiyabanını ziyarət edəcək, daha sonra Şuşa şəhərinə yola düşəcəklər. Möhtəşəmliyi ilə yaddaşlara həkk olunacaq qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır. Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad edilməsindən sonra ilk böyük görüşü olacaq.
DÜNYANIN MÜXTƏLİF ÖLKƏLƏRİNDƏ YAŞAYAN AZƏRBAYCANLILAR QARABAĞDA BİR ARAYA GƏLƏRƏK, DİASPOR TARİXİNDƏ İLKƏ İMZA ATACAQLAR
Bəli, Qurultayın Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi tarixi əhəmiyyətə malikdir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Qarabağda bir araya gələrək, diaspor tarixində ilkə imza atacaqlar. Və hansı ölkədə yaşamasından asılı olmayaraq bu qurultaya təşrif buyuracaq hər bir azərbaycanlı qədim yurd yerimiz, Qarabağın tacı olan Şuşanı 30 ildən sonra görmək xoşbəxtliyini yaşayacaq.
“ŞUŞA AYAQDADIR, ŞUŞA SINMAYIB, ŞUŞA ƏYİLMƏYİB!”
Bəli, dünyanın hansı ölkədə yaşamasından asılı olmayaraq bu qurultaya təşrif buyuracaq hər bir azərbaycanlı 30 il arzusunda olduğu Qarabağ yanğısını, Şuşaya gəlməklə bu həsrəti soyutmuş olacaqlar. 8 noyabr, 2020-ci il Şuşanın azad olunduğu və onun ardınca 10 noyabrda son qoyulduğu tarixi günləri xalqımıza yaşadan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Şanlı Azərbaycan Ordusu, rəşadətli əsgər və zabitlərimiz bəxş etdi. Tarixi sənəd imzalandı: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı! Ali Baş Komandanımız yenə də tarixdə ən böyük Qələbəni - Vətən Müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdığı müjdəsini xalqımıza, bütün dünyaya çatdırdı. Bildirdi: "İndi bizim gördüyümüz münaqişənin hərbi-siyasi nizamlanması əminəm ki, regionumuzda uzunmüddətli sülhə, həmrəyliyə gətirib çıxaracaq, qarşıdurmaya və qan tökülməsinə son qoyacaq. Bəli, Bəli, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! VƏSSALAM, NİDA! BAŞQA YOL YOXDUR!!! Bu yol Qələbələr yoludur! Bu yol Haqq yoludur! Bu yol Azərbaycanımızın ərazi bütövlüyü yoludur, ədalət yoludur, həmrəylik yoludur, azadlıq yoludur!".Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyətli addımları, xalqa müraciətləri cəmiyyətimizdə, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsdə ruh yüksəkliyi yaratmasıdır. Və dövlət başçımız İlham Əliyev 19 illik Prezidentlik fəaliyyətində ancaq və ancaq düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi ilə bağlı yüksək tribunalarda, verdiyi müsahibələrində qətiyyətlə çıxışları, söylədiyi hər söz, hər kəlməsi, Güclü Ordumuzun, rəşadətli əsgərlərimizin və nəhayət, dövlət başçımızla xalqımızın bir, həmrəy olmağımızın nəticəsi idi ki, 8 noyabr-10 noyabr tarixi günün sabahı da əvvəlki sabahlardan fərqli oldu. 30 illik həsrətimizə son qoyuldu! Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan siyasi rəhbərliyinə, erməni xalqına müraciət edərək, onları münaqişənin sülh yolu ilə həll olunmasına çağıraraq bildirirdi ki, qan tökülmədən torpaqlarımızdan çıxın. Bizim başqasının torpağında gözümüz yoxdur. Ancaq işğalçı, rəzil, mənəviyyatsız və terrorçu düşmən dövlət Ermənistan bunu anlamadı. Dövlət başçımız dəfələrlə "düz yola gəl" dedi, yenə də qanmadı. Belə olan halda, Ali Baş Komandanımızın dediyi kimi "Çünki düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!".
“BİZ ŞUŞAYA QAYITDIQ, BİZ ŞUŞANI QAYTARDIQ, BİZ ŞUŞADA YAŞAYACAĞIQ VƏ İŞĞALDAN AZAD EDİLMİŞ DİGƏR BÜTÜN TORPAQLARDA HƏYAT QAYNAYACAQ”
8 noyabrda Prezident, Ali Baş Komandanımız İlham Əliyev Şuşanın azad olunma müjdəsini və üçrəngli Dövlət Bayrağımızın dalğalandığını dedi. Ayağı sayalı oldu Şuşanın - 9 noyabr qürurumuz, məsləyimiz, mənliyimiz olan "Bayraq Günü» zamanı 71 kəndlərin, 1 qəsəbə və 8 yüksəkliyin azad oluması, 10 noyabrda isə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında görüşdə yenə də Ermənistanın baş nazirinin iştirak etməməsi bir daha terrorçu dövlətin xislətinin sübut etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində söylədiyi kimi: "Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq". "Artıq "Qarabağ Azərbaycandır və nida" şüarı qələbəmizin rəmzinə çevrildi",- xalqa müraciətində Azərbaycan Prezidenti deyib və vurğulayıb ki, bir il bundan əvvəl mən bunu demişəm: "Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir! Ağdam bizimdir! Laçın bizimdir! Kəlbəcər bizimdir! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!".
“BU GÜN DÜNYA AZƏRBAYCANLILARI YAŞADIQLARI BÜTÜN ÖLKƏLƏRDƏ BAŞI DİK, ALNIAÇIQ, ÜZÜAĞ GƏZİRLƏR VƏ ÖZ TARİXİ VƏTƏNİ OLAN AZƏRBAYCANLA HAQLI OLARAQ FƏXR EDİRLƏR”
Çünki Vətən müharibəsi müddətində xalqımız hər gün öz rəhbərinin yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Məhz Prezident, Qalib Sərkərdə İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində bununla bağlı deyib: “Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir”. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Və bu gün Dünya Azərbaycanlılarının V Zəfər qurultayının mədəniyyətimizin beşiyi Şuşada keçirilməsi bir daha mili birlik, həmrəyliyin göstəricisidir. Həmçinin Dünya Azərbaycanlılarının V qurultayının “Şuşa İli”ndə keçirilməsi də Zəfərimizin tarixi təntənəsidir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində qeyd etmişdir ki, artıq ikinci ildir ki, xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ili ruh yüksəkliyi ilə qeyd edirlər: "Çünki mən bilirəm ki, bu işğal dövrü və işğalla bağlı olan məsələlər xaricdə yaşayan azərbaycanlılara da böyük əzab-əziyyət verirdi. Çünki ermənilərlə müxtəlif ölkələrdə ünsiyyətdə olarkən onların təkəbbürlü baxışları əminəm ki, dünya azərbaycanlılarını incidirdi. İndi isə vəziyyət tam fərqlidir. Biz heç vaxt təkəbbürlü olmamışıq, amma hər zaman öz gücümüzü hiss etmişik".
ŞUŞANIN AZAD OLUNMASI TARİXİ ƏDALƏTİN ZƏFƏRİ, HAQQIN NAHAQ ÜZƏRİNDƏ QƏLƏBƏSİNİN, İŞIĞIN ZÜLMƏT ÜZƏRİNDƏ TƏNTƏNƏSİDİR
Şuşa təkcə coğrafi mənada deyil, həm də mənəviyyatımızın, qürurumuzun ucalığıdır. Bu, bir həqiqətdir ki, Şuşanın azad olunması tarixi ədalətin zəfəri, haqqın nahaq üzərində qələbəsinin, işığın zülmət üzərində təntənəsidir. Prezident İlham Əliyevin 2022-ci ili "Şuşa İli" elan etməsi onun tarixi və mədəni sahədə də Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirdiyinin əyani sübutdur. Bir sözlə, 2022-ci il Şuşada Böyük Qayıdışın təntənəsidir. Bu gün Şuşa artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoyub. 2021-ci il 14 yanvar tarixindən - Prezidentin Şuşa səfərindən etibarən Şuşanın bərpası başlandı və qısa müddət ərzində böyük işlər görüldü və görülməkdədir. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsi bərpa olundu. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpasına başlanıldı, Bülbülün ev muzeyinin açılışı baş tutdu, Natəvan bulağı bərpa edildi. Prezident İlham Əliyevin göstərişi ilə ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Üç məsciddə təmir-bərpa işləri başlandı. Məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. "Qarabağ" və “Xarıbülbül” otelləri istifadəyə verildi. Şuşanın baş planı təsdiq edildi, yeni yaşayış kompleksinin təməli qoyuldu. Bütün bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar öz doğma yurdlarına qayıdırlar. Bu il Şuşada Böyük Qayıdışın təntənəsi baş tutacaq, uzun müddətlik həsrətdən sonra şuşalılar doğma yurdlarında "Şuşa İli"ndən irəli gələn əhəmiyyətli tədbirləri izləyəcək, fərəhlənəcək və qürurlanacaqlar.Bu gün Dünya Azərbaycanlılarının V Zəfər qurultayı "Şuşa İli"ndə mədəniyyətimizin beşiyi olan Şuşada keçirilməsi bir daha harada yaşamasından asılı olmayaraq dövlət başçımızın dediyi kimi: "Çünki müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – Azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər".Bir sözlə, Dünya Azərbaycanlılarının Şuşada bir araya gəlməsinin böyük tarixi, siyasi və mənəvi əhəmiyyəti olacaq. Çünki Azərbaycan qalib ölkədir və diaspor fəaliyyəti Qələbəmizin daha da möhkəmlənməsi istiqamətində dövlətimizin başçısının apardığı siyasi kursuna uyğun formalaşdırılıb.Sonda Dünya Azərbaycanlılarının «Şuşa İli»ndə mədəniyyət paytaxtımız Şuşada keçirilən V Zəfər qurultayının işinə uğurlar arzulayır, dövlət və millətimiz üçün yeni qələbələrə yol açmasını diləyirik.
RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər