Prezident İlham Əliyevin aprelin 12-də cari ilin birinci rübünün yekunları ilə bağlı keçirilmiş müşavirədəki nitqi, haqlı olaraq mediamızın gündəmində baş mövzuya çevrilib. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev ölkə həyatının bütün istiqamətləri, əməli fəaliyyət sahələrinin hər biri üzrə mövcud durumu, qarşıda duran vəzifələri zərgər dəqiqliyi ilə ifadə etməklə, əslində, respublikamızın daxili və xarici siyasətdə, iqtisadi-ticari və s. münasibətlərdə yeni çağırışlara necə hazırlandığını, yeni dünya düzənindəki layiqli yerini, rolunu bildirmiş oldu. Burada ilk sırada, 44 günlük Vətən Müharibəsindəki tarixi Zəfərlə yaratdığımız yeni reallıqlar, müharibədən ötən ilk il və bu ilin ilk üç ayı içində görülmüş işlər əsas alınaraq, müharibəöncəsi və qarşı dönəmdəki fəaliyyətin mahiyyəti açılmış oldu. Prezident bir çox məqamlara toxunmuşdur. Belə məqamlardan biri beynəlxalq təşkilatlarla bağlı idi. Cənab Prezient qeyd etdi ki, “Minsk” qrupuna münaqişənin həlli üçün verilən mandat de-fakto olaraq etibarsız sayılır. Minsk qrupu 28 il fəaliyyətdə olmuş, Azərbaycana və Ermənistana yüzlərlə səfər etmişlər. Nəticədə isə Azərbaycanın ərazi bütövlüyünü tanıyan BMT 30 ildə ədalətli qərarlar çıxarsa da qərarlar qələbəyə qədər kağız üzərində qalmışdır.Avropa İttifaqı ilə təmaslar müharibədən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. İmzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir. Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 30 illiyi münasibətilə Şuşa şəhərində beynəlxalq tədbir keçirilmişdir. Bu tədbirin Şuşada keçirilməsi Ermənistanda növbəti panikaya səbəb olmuşdur. BMT-dən sonra ən böyük təsisatlardan biri Qoşulmama hərəkatına hazırda Azərbaycan rəhbərlik edir. Bu təşkilat birmənalı olaraq işğal dövründə, həm müharibə, həm də müharibədən sonra Azərbaycana həmrəy olmuşdur. Azərbaycanın dövlət müstəqilliyini elan edəndən sonra daxil olduğu ilk beynəlxalq təşkilat İslam Əməkdaşlıq Təşkilatı olmuşdur. İşğal dövründə tarixi-dini abidələrimizin dağıdılmasına etiraz olaraq dəfələrlə qətnamələr qəbul etmişlər. 6 aprel Brüssel görüşü göstərdi ki, ATƏT yeni reallıqları qəbul edir. Bu, çox əlamətdar hadisədir. ATƏT beynəlxalq təşkilat kimi Azərbaycan-Ermənistan əlaqələrinin normalaşmasına kömək edə bilər. 30 ilə yaxın müddətdə ilk dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon söhbətinin baş tutması da özünəməxsus müsbət hadisədir. Ermənistan üçüncü tərəfin iştirakı olmadan birbaşa danışıqlarda nə qədər konstruktivlik nümayiş etdirsə, bu, ilk növbədə, onun özü üçün və münasibətlərin normallaşdırılması üçün yaxşıdır. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Azərbaycan beynəlxalq təşkilatlarla yanaşı, qonşu ölkələrlə də sıx əlaqədədir. İndi hər kəsə aydındır ki, Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz. Sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır. Azərbaycan Prezidenti müşavirədə çox doğru vurğuladı ki, bölgədə sülhün bərqərar olması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində Ermənistanın 4-5 milyard dollar dəyərində hərbi texnikası Azərbaycan Ordusu tərəfindən məhv edilib. Əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, Azərbaycan bunu qeyri-dost kimi qiymətləndirəcək. İndiyə qədər əldə etdiyimiz nailiyyətlər daxili gücümüz hesabına əldə edilib. İndi dünyada proseslər mənfi istiqamətdə gedir. Toqquşmalar, müharibələr alovlanır. Əlbəttə, müharibədən əvvəl reallaşdırılan iqtisadi layihələrin Qələbəmiz üçün əhəmiyyəti çox böyükdür. Hər birimiz üçün qürurvericidir ki, müşavirədə ölkəmizin xarici ticarət dövriyyəsinin 60 faizdən çox artdığı bildirildi. Dövlət büdcəsi profisitlə icra olunur. Vergi orqanları bu ilin 3 ayında proqnozdan əlavə 500 milyon manatdan, gömrük orqanları isə 200 milyon manatdan çox vəsait toplayıblar. Bəli, bütün bu uğurlar ölkəmizin daxili imkanları, öz gücü hesabına qazanılıb. Sonda qeyd edildiyi kimi, bütün məqsədlər Cənubi Qafqazda sülhün əmin-amanlığın yaradılmasına, müharibə risklərinin azalmasına, insanların rahat yaşamasına xidmət etməlidir.
Fəxrəddin Vəliyev,
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri