“Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən ilk Dünya Azərbaycanlılarının I Qurultayından 21 il ötür. Ötən dörd Qurultay dünyada yaşayan Azərbaycanlıların həmrəyliyinin, birliyinin möhkəmlənməsi istiqamətində çox əhəmiyyətli bir missiyanı yerinə yetirdi”. Bunu “Səs” qəzetinə açıqlamasında Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi yanında ictimai Şuranın sədri Anar Xəlilov deyib.Onun sözlərinə görə, ötən qurultayların əsas hədəfləri dünyada erməni təcavüzünün ifşa edilməsi istiqamətində xaricdə yaşayan azərbaycanlıların birgə təbliğatının qurulması istiqamətində fəaliyyətin qurulmasına yönəldildi və bu fəaliyyət uğurla həyata keçirildi: “V Qurultay isə artıq torpaqlarımızın düşməndən azad edilməsindən sonrakı dövrə təsadüf edir. Bu Qurultayı daha möhtəşəm edən isə onun azad edilmiş Şuşa şəhərində keçirilməsidir. Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək uzun illər erməni işğalına qarşı birgə mübarizə aparan dünya azərbaycanlıları qələbəmizin simvoluna çevrilən Şuşada V Qurultaya yığışmaqla qələbəmizin möhtəşəmliyini bir daha bütün dünyaya bəyan edəcəklər. Bu Qurultay dünyada yaşayan azərbaycanlıların birliyinin bir daha möhkəmlənməsi istiqamətində misilsiz bir xidməti həyata keçirəcək. Eyni zamanda, bundan sonra dünya azərbaycanlılarının mənfur düşmənə qarşı birgə mübarizəsinin daha da uğurla həyata keçirilməsində əhəmiyyətli bir rol oynayacaq”.A.Xəlilov onu da bildirdi ki, dünyada fəaliyyət göstərən diaspora təşkilatlarının fəaliyyətində uğurlu səhifələrin açılmasında bu Qurultayın məhz Şuşada keçirilməsi böyük əhəmiyyət kəsb edəcəkdir: “Dünyanın 65 ölkəsindən dəvət edilən 400-ə yaxın nümayəndələr Şuşada V Qurultayın iştirakçıları olaraq tarixi bir hadisənin şahidlərinə çevriləcəklər. Cənab Prezident Ali Baş Komandan İlham Əliyevin apardığı misilsiz siyasətin nəticəsi olaraq azad olunan Şuşa öz tarixində açılan yeni səhifənin daha bir möhtəşəm tədbirinin ev sahibi olacaq. Əminliklə demək olar ki, bütün dünya azərbaycanlıları bu gün Şuşanı azad edən Müzəffər Ali Baş Komandana, qəhrəman qazilərİmizə öz dərin minnətdarlığını bildirir, şəhidlərimizin ruhunu ehtiramla yad edirlər. Məhz Qurultaydan öncə bütün nümayəndələrin Şəhidlər xiyabanını ziyarət edərək sonra Şuşaya yola düşməsi bunun bariz nümunəsi olacaq. Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspora təşkilatlarının uğurlu fəaliyyət göstərməsində Diasporla iş üzrə Dövlət Komitəsinin də fəaliyyətini vurğulamaq lazımdır. Bu fəaliyyətdə Komitəyə uğurlar arzulayıram. Şuşa bu gün qələbimizin simvolu olmaqla yanaşı bütün dünyada yaşayan azərbaycanlıların birlik simvoluna da çevriləcəkdir”.
Müəllif: Gülyana