“Bu günlərdə dünya azərbaycanlılarının növbəti qurultayı keçiriləcək. Bu qurultayın mədəniyyətimizin beşiyi, göz bəbəyimiz olan Şuşamızda keçirilməsi nəzərdə tutulur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.Onun sözlərinə görə, bu özü böyük bir tarixi hadisədir: “Böyük bir tarixi, starteji və siyasi əhəmiyyət daşıyır. Diaspor təşkilatlarının keçdiyi inkişaf yolu, əldə olunmuş nailiyyətlər qurultayda bir daha nəzərdən keçiriləcək. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycanın diaspor əlaqələrinin yaradılması dünya azərbaycanlılarının Vətənlə həmrəy olması prosesi məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən, 1993-cü ildən sonra Azərbaycanda bütün sahələrdə keçirilən tədbirlərin tərkib hissəsi idi. Məhz Heydər Əliyev siyasətinin uzagörənliyi sayəsində Dünya Azərbaycanlıları bir mərkəzdə toplana bildilər.Bu gün Ulu Öndərin adını daşıyan sarayda Dünya Azərbaycnlılarının birinci qurultayı keçirildi. Bu qurultaydan keçən müddət ərzində əlbəttə ki, dünyanın harasında olmasından asılı olmayaraq Azərbaycanlı öz arxasında, yanında Vətənini, dövlətini hiss etmiş kimi olacaq. Azərbaycanlılarımız da hər bir zaman öz fəaliyyətləri ilə Vətənin yanında olduqlarını sübut ediblər. Ədalətimizin bərpa edilməsində, Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında əlbəttə dünya azərbaycanlılarının rolu olmuşdur. Bu istiqamətlərin hər biri Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biri olacaq. Bilirik ki, bütün dünyada erməni lobbisi, diasporu bu günə qədər "fəaliyyət" göstərib. Bu fəaliyyətin də dırnaqrası acı nəticələrini sadəcə Azərbaycan deyil, bütün dünya görüb. Bu nəticələr həqiqətlərin təkzib və təhrif edilmiş, yanlış bir şəkildə dünyaya çatdırılmasıdır. Azərbaycan diasporu isə aldığı güc və qüvvə ilə Azərbaycanda həyata keçirdiyi siyasətlə hər bir həqiqətin gözünə düz baxmağı bacarmış və beynəlxalq təşkilatlara Azərbaycan həqiqətlərini, bu torpaqlarda işğal altında qalan abidələrin mənəviyyatının məhv edilməsini ictimaiyyətə çatdırıblar.Düşünürəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi eyni zamanda dünya Azərbaycanlıları bu vəzifənin öhdəsindən layiqincə gəliblər. Dünyanın harasında olmasından asılı olmayaraq, hər bir zaman Vətənlə birlikdə, Vətənin yanında olmağı hər bir azərbaycanlı özünə borc bilir”.
Səbinə Hüseynli