"Dünya azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi tarixi bir hadisə olacaq. Şuşa 30 il bundan əvvəl may ayında düşmən qüvvələri tərəfindən işğal olunmuşdu. Nəhayət, 2020-ci ilin noyabrın 8-də Şuşa işğaldan azad edildi". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.Onun sözlərinə görə, Şuşanın azad olunması dünya hərb tarixinə düşdü: "Dünyanın ən qəhrəman ordusuna malik olan Azərbaycan Ali Baş Komandanın rəhbərliyi altında Şuşanı heç kimin ağlına gəlməyən şəkildə geri qaytardı. Azərbaycan əsgəri Şuşa şəhəri uğrunda qan tökdü, amma yenə də düşməni darmadağın etdi. Bu qələbədən sonra düşmən heç vaxt Azərbaycan torpağına yaxın dura bilməyəcək. Düşməni müdafiə edən ədalətsiz dövlətlər də bu qələbədən sonra Azərbaycana qalib gəlməyəcəyini dərk etdi. Çünki haqq Azərbaycanın tərəfindədir. Ona görə də dünya azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi həm siyasi, həm hərbi, həm də mənəvi əhəmiyyətə malikdir".Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, düşmən birmənalı olaraq artıq başa düşür ki, Azərbaycanın şərtlərini qəbul edərək müqaviləni imzalamalıdır: "Dağlıq Qarabağ deyilən qondarma qurum yoxdur. Artıq Azərbaycan bütün xarici qonaqlarını Bakıda deyil, Şuşada qəbul etmək, bu şəhərin bizim torpağımız olduğunu bəyan etmək istəyir. Şuşa Azərbaycana görkəmli şairlər, yazıçılar, bəstəkarlar bəxş edib. Hələ o zaman Ümummilli liderimiz Heydər Əliyev Şuşanın Azərbaycan şəhəri kimi təsdiq olunması üçün əlindən gələni etdi. Amma 90-cı illərin əvvəlində düşmən öz havadarlarının köməyi ilə bu şəhəri işğal edə bildi. Azərbaycan ordusu 2020-ci ildə bu işğalı sona yetirdi. V Qurultayın Şuşada keçirilməsi ilə bir daha bütün dünyaya Azərbaycan torpaqlarına heç kimin göz dikə bilməyəcəyini bəyan edəcəyik".
Müəllif: Ləman Əlizadə
sia.az