21 aprel 2022-ci il tarixdə YAP Ucar rayon təşkilatının qərərgahında Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Bayram Aslanovla rayon təşkilatının gənclərinin bir qrupu ilə görüş keçirilib. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Bayram Aslanovu və gəncləri salamlayaraq qeyd etdi ki, Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmişdir. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür.
Cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə və nüfuzunun artmasına xidmət edir. Cənab Prezidentimiz İlham Əliyevin məqsədyönlü siyasi-diplomatik fəaliyyəti, Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsi istiqamətində həyata keçirdiyi mühüm tədbirlər, qəbul etdiyi strateji proqramlar, Ulu Öndər Heydər Əliyev siyasətinin və ideyalarının ardıcıl və dönməz şəkildə gerçəkləşdirilməsi xətti Azərbaycan xalqının xoşbəxt, firavan sabahına, müstəqilliyimizin əbədiliyinə inamı qat-qat artırmışdır. Bu fəaliyyət və siyasət xalq tərəfindən bəyənilir və dəstəklənir. Bütün bunların da ən bariz nümunəsi heç şübhəsiz 44 Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədir. Bu Qələbənin qazanılmasında Azərbaycan gəncləri böyük xidmətlər göstərdi.
YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva 44 il bundan əvvəl Ulu Öndər Heydər Əliyevin birinci hakimiyyət dövründə 1978-ci il 21 aprel tarixində Azərbaycan SSR-nin konstitusiyasının qəbulu zamanı dövlət dilinin Azərbaycan dili hesab olunması ilə bağlı maddənin əlavə olunması haqqında tədbir iştirakçılarına məlumat verdi. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Bayram Aslanov çıxışında bildirdi ki, Ümummilli lider Heydər Əliyev qeyd etmişdir ki, "Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq". Azərbaycan gənclərinin Yeni Azərbaycan Partiyasının sıralarında birləşərək Ulu Öndər Heydər Əliyev siyasətinin və ideyalarının ardıcıl və dönməz şəkildə təbliğatçısı olduğunu və əməli fəaliyyətlərində yaşatdıqlarını qeyd etdi. Müzakirə formatında davam edən görüşdə gənclər öz suallarını ünvanlamış və suallar cavablandırılmışdır.
Tədbirin sonunda gənclərlə xatirə şəkli çəkilib.