Bu gün "SƏS" Media Qrupunun redaksiyasında Media İnkişafı Agentliyinin (MEDİA) tövsiyyələrinə uyğun olaraq “Redaksiya siyasəti və peşə etikası qaydaları” mövzusunda müzakirələr aparılıb. SİA xəbər verir ki, müzakirələrdə "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxış edərək əməkdaşların diqqətinə çatdırıb ki, Azərbaycan Respublikasının Medianın inkişafı Agentliyi, Azərbaycan Respublikası Audiovizual Şurası, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin mütəxəssisləri, jurnalist təşkilatları və digər ekspertlərin prosesə cəlb edilməsi ilə media subyektləri üçün “Redaksiya siyasəti və peşə etikası qaydaları” nümunəsi (şablonu) hazırlayıb təqdim ediblər. Müzakirə edilən sənədin Redaksiya heyəti tərəfindən müzakirə edilərək təsdiq edilməsi irəliyə doğru atılmış addımdır.B.Quliyev bildirib ki, dünyanın aparıcı media qurumları redaksiya siyasətini müəyyənləşdirən, etik norma, davranış/rəftar qaydalarını özündə ehtiva edən kodekslərə malikdir. Bu kodekslər media qurumunun missiyasını, ictimai məqsədlərini, fəaliyyətində söykəndiyi və rəhbər tutduğu dəyərləri, standartları, prinsipləri ictimaiyyət üçün aydınlaşdırır.Media Qrupunun rəhbəri əlavə edib ki, “Redaksiya siyasəti və peşə etikası qaydaları” nümunəsində ümumi prinsiplər, xəbər və şərh, xəbər mənbələri ilə iş, təkzib və düzəlişin necə verilməsi yer alıb.Sonra əməkdaşların "Qaydalar"la bağlı əlavə fikir və rəyləri öyrənilərək, qərara alınıb ki, sənədlə tam tanış olmaq və daha təkmil sənəd təsdiq edilməsi üçün müzakirələr növbəti iclasda davam etdirilsin. Beləliklə, sənəd 25 aprel 2022-ci ildə bir daha müzakirə olunacaq və redaksiya öz “Redaksiya siyasəti və peşə etikası qaydaları”nı təsdiq edərək, "SƏS" Media Qrupuna aid saytlarda xüsusi bölmə yaradaraq ora yerləşdirəcək.
sia.az