"Dünya Azərbaycanlılarının qurultayının Şuşada keçirilməsi özü özlüyündə böyük hadisədir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.Onun sözlərinə görə, bu tədbir 5 ildən bir keçirilən ən böyük diaspor tədbiridir: "Bu dəfəki əhəmiyyəti isə onun işğaldan azad olunmuş Şuşa şəhərində keçirilməsidir. Son illər diasporumuz yaxşı təşkilatlana bilib, xarici ölkələrdə Azərbaycan maraqlarını daha yaxşı müdafiə edir. Diaspora yeni nəsil gənclər gəlib. Düşünürəm ki, bu qurultay iştirakçılara qarşıda görüləcək işlər üçün böyük stimul olacaq. Xaricdə kifayət qədər soydaşlarımız yaşayır, onlar Qarabağımızın dirçəldilməsində fəal rol oynaya bilərlər. Hesab edirəm ki, dünya azərbaycanlılarının illərdir ən böyük arzusu işğaldan azad olunmuş torpaqlarımızda toplaşmaq olub və bu gün onlar bu arzularına çatıblar. Hər kəsi bu tarixi gün münasibəti ilə təbrik edirəm və qurultayın işinə uğurlar arzu edirəm".
Arzu Qurbanzadə