Müstəqillik və dövlətçilik mənafelərini qorumaq, bu sahədə qarşıya çıxan problemləri beynəlxalq aləmin dəstəyi ilə həll etmək üçün Azərbaycan diplomatiyası beynəlxalq təşkilatlarla sıx əlaqələr yaratmaq, beynəlxalq hüquq normaları və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri ilə tənzimlənən böyük dünya siyasətinə qatılmaq sahəsində mühüm işlər görmüşdür.
Azərbaycan dövləti özünün bütün inkişafı boyu türk dünyasının böyük, nüfuzlu və regionda xüsusi təsir gücü olan dövlətlərlə sıx qarşılıqlı münasibətlərdə olmuşdur. Azərbaycan hökuməti Türk dövlətləri ilə münasibətlərini normal, sivil, qarşılıqlı faydalı iqtisadi - siyasi əməkdaşlıq və tərəfdaşlıq müstəvisi üzərinə keçirmək üçün çox ciddi və məqsədyönlü iş apararaq tezliklə müsbət nəticələrə nail oldu. Bildiyimiz kimi Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri baş tutmuşdur. Prezident cənab İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə bəyanatla çıxış etdilər. Səfər çərçivəsində on sənəd imzalandı. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunacaqdır.
Qeyd etmək lazımdır ki, Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə həmişə bir-birini dəstəkləyir. Çünki xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix var. Humanitar sahə dövlətlərarası münasibətlərdə həmişə mühüm yer tutub. Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan dəstəkləmişdir. Hər iki ölkə arasında iqtisadi münasibətlər mühüm əhəmiyyət kəsb edir. Kənd təsərrüfatı sahəsi perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək. Həmçinin, Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Mövcud istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac var. Təbii ki, nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir. Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır.
Yuxarıda sadalanan müxtəlif sahələrdəki əməkdaşlıq gələcəkdə Türk dünyasının qlobal siyasi və iqtisadi proseslərdə rolunun güclənməsinə mühüm töhfələr verəcəkdir. Bu isə regional və beynəlxalq sabitlik, təhlükəsizlik və əməkdaşlıq kontekstində müstəsna əhəmiyyət kəsb edir. Hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi, mədəni hadisə və proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Respublikamızda həyata keçirilən demokratik islahatlar və iqtisadi dəyişikliklər, fəal xarici siyasət bu gün dünyanın ən qüdrətli dövlətlərinin, nüfuzlu təşkilat və qurumlarının diqqətini Azərbaycana yönəltmiş, beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və inkişafına əlverişli zəmin yaratmışdır.
Şövqi Həsənov
YAP Şəmkir rayon təşkilatının əməkdaşı