“Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında bir çox ölkələrdən yüzlərlə soydaşlarımız iştirak etdi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib.Onun sözlərinə görə, dünyada diaspor üzvlərinin Azərbaycan üçün gördüyü işlər diqqətə çatdırıldı və 44 günlük müharibə zamanı Azərbaycanın haqq səsini dünyaya yaydı: “Dünya Azərbaycanlılarının qurultaylarının təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Hələ 1-ci qurultayda Ulu Öndər çıxışı zamanı bildirmişdir ki, biz Qarabağa qayıdacağıq. Ölkə başçısı İlham Əliyevin V Qurultayı məhz Şuşada təşkil etməsi qürurverici bir haldır. Çünki bütün dünyanın gözü Qarabağdadır. Dünyanın gözü Qarabağda görülən işlərdə, Qarabağda keçirilən tədbirlərdədir. Azərbaycanın yanında olan dövlətlər, qardaş ölkələr və təşkilatlar artıq bilirlər ki, Azərbaycan doğrudan da güclü dövlətdir. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində, ordumuzun gücü nəticəsində artıq Qarabağ problemimiz həll olundu. “Dağlıq Qarabağ” sözü lüğətdən yığışdırıldı. Cənab Prezidentin çıxışlarında və gələcək planlarında dünyaya bir sıra mesajlar verilmişdir. Ölkə başçısı bir sıra mühüm məqamlara toxunmuşdur.Əlbəttə, belə tədbirlərin keçirilməsi Azərbaycan üçün, onun gələcəyi üçün olduqca əhəmiyyətlidir. Bu qurultayın keçirilməsi Azərbyacanın böyük nüfuzunun olması və bölgədə böyük bir gücə sahib olmasının göstəricisidir. 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistan da anlayır ki, Azərbaycan güclü bir dövlətdir. Ermənilər həmin bölgələri darmadağın etmiş, viran qoymuşdular. Amma Azərbaycan qısa bir müddətə həmin ərazilərdə quruculuq işləri həyata keçirdilər. Ermənilər anladılar ki, sülh müqaviləsini imzalasalar onların da iqtisadiyyatı inkişaf edəcək. Paşinyan da öz çıxışında bildirib ki, Qarabağ Azərbaycanındır”.
Müəllif: Abutel İlhamqızı