PDF Oxu

Siyasət

  • 2 766

Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı

Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı

Aprel ayının 22-də təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət beşiyi sayılan qədim Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayı keçirildi. Qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir.

Mədəniyyətimizin paytaxtı olan Şuşa öz doğmalarını günəşli hava ilə qarşılayır və bu onu göstərir ki, bu, bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir.

Tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.

65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaqların iştirak etdiyi qurultayın açılışında Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev söylədiyi geniş nitqində bu mötəbər tədbiri Zəfər qurultayı elan etdi. Azərbaycan Prezidentinin Qurultayda söylədiyi nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi. Azərbaycan xalqının əzmi, Vətən sevgisi, Azərbaycan əsgərinin gücü və bütün bu amillərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “dəmir yumruğa” çevrilməsi gələcəkdə Azərbaycana münasibətin istiqamətini müəyyən edir. Eyni zamanda, 30 illik həsrətə son qoyan 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında yeni yanaşmalar tələb olunur. Ona görə də Zəfər qurultayında əsas mövzular arasında postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili dayanır.
Dünya Azərbaycanlılarının ilk qurultayı məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilib. Həmin qurultayda etdiyi tarixi çıxışında Ulu Öndər Heydər Əliyev qeyd etmişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba yurduna qayıdacaq. Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ulu Öndərin bu sözlərini gerçəyə çevirdi.
44 günlük şanlı Vətən Müharibəsində Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün öz ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında birləşdi, birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdular.

Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşa şəhərində keçirilməsi eyni zamanda həm mənəvi, həm də siyasi baxımdan son dərəcə böyük əhəmiyyət kəsb edən bir hadisədir. Şuşa şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edilmiş, xalqımızın, dövlətimizin tarixi Zəfərinin ən möhtəşəm mücəssəməsi olmuşdur. Prezident İlham Əliyevin öz çıxışında dediyi kimi, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq.​

Böyük qürur hissi ilə deyə bilərik ki, Ermənistan cəmi 44 günə Azərbaycan qarşısında diz çökdü. 30 illik münaqişəyə Azərbaycan öz gücü, qüdrəti ilə son qoydu və Dağlıq Qarabağ problemini həll etdi. Prezident cənab İlham Əliyev Azərbaycan tarixinə xilaskar və Müzəffər Komandan kimi adını yazdırdı.

Məmmədova Nazilə,

Xəzər rayonu, 181 nömrəli tam orta məktəbin direktoru

Digər xəbərlər