Dövlət başçısı İlham Əliyevin Sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə səsləndirilən rəqəmlər cari ili də uğurla başa vurcağımıza böyük əminlik yaradır
Azərbaycanın düşünülmüş və məqsədyönlü siyasəti qazanılan uğurlarda özünün aydın ifadəsini tapır. Baxmayaraq ki, ölkəmiz 30 ilə yaxın dövrdə müharibə şəraitində yaşadı, hər sahədə təcrübəsi dünyaya nümunə oldu. Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün bu illər ərzində həm münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdırdı, həm də bütün sahələrdə davamlı uğurlara imza atdı. Azərbaycan beynəlxalq aləmdə iqtisadi inkişaf baxımından möcüzələr ölkəsi kimi tanınır və nüfuz qazanır. 2003-cü ildən bu gündək həyata keçirilən iqtisadi islahatlara diqqət yetirsək qeyri-neft sektorunun inkişafının prioritetliyi özünü aydın şəkildə büruzə verir. Dövlət başçısı İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bu statistikanı diqqətə çatdırmışdır ki, ümumi daxili məhsulun 6,8 faiz artımı postpandemiya dövründə böyük nailiyyətdir. Qeyri-neft iqtisadiyyatı 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım 4 faizdir. Qeyri-neft sənaye istehsalında 18 faizdən çox artım var. Xarici ticarət dövriyyəsi 60 faizdən çox artıb. İxracda təxminən iki dəfə artım var. Qeyri-neft ixracında 45 faiz artım mövcuddur. Xarici dövlət borcu azalıb. Keçən ilin aprelində xarici dövlət borcu ÜDM-in 18 faizini təşkil edib, hazırda cəmi 12,5 faizdir. Azərbaycan bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox aşağı salıb. Xarici ticarət saldosu cəmi üç ayda 5,1 milyard dollar təşkil edir. Dünyanın əksər ölkələrində saldo mənfidir.
“ERMƏNİSTANIN QONŞU ÖLKƏLƏRƏ OLAN MÜNASİBƏTİNDƏN ASILI OLACAQ”
"Biz heç vaxt bu işğalı unutmamalıyıq, erməni vəhşiliyini unutmamalıyıq. Eyni zamanda, onu da unutmamalıyıq ki, bu gün Azərbaycan güclüdür, Ermənistan zəifdir. Ermənistan tərəfinin davranışı da məhz bu amillərə söykənir. Biz real həyatda yaşayırıq və 1990-cı illərin əvvəlində Ermənistan tərəfindən bizə qarşı aparılmış etnik təmizləmə siyasətini, Xocalı soyqırımını, işğalı heç vaxt unutmamalıyıq, azərbaycanlılar kimi həmişə bizim yaddaşımızda olmalıdır. Məsuliyyətli insanlar kimi həmişə biz hər şeyə hazır olmalıyıq".Bu sözləri Azərbaycan Respublikasının Prezidenti aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə giriş nitqində deyib."Əlbəttə, gələcəyə baxdıqda, mən tam əminəm ki, Azərbaycan daha da güclənəcək. Bu gün digər məsələləri müzakirə edərkən bir daha Azərbaycan ictimaiyyəti bunu görəcəkdir. Ermənistanın isə inkişafı onun özündən asılı olacaq, Ermənistanın qonşu ölkələrə olan münasibətindən asılı olacaq. Çünki indi hər kəsə aydındır ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi. Onlar real müstəqil ölkə olmaq şansını itirmişlər. Biz isə 30 il ərzində, - baxmayaraq ki, torpaqlarımız işğal altında idi, - tam siyasi və iqtisadi müstəqilliyə nail olmuşduq. Ona görə bu gün inamla və qürurla öz sözümüzü bütün kürsülərdə deyirik. Ona görə Ermənistan üçün bəlkə də bu, son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək. İnkişaf üçün də, bir daha demək istəyirəm ki, ilk növbədə, Azərbaycan və Türkiyə ilə əlaqələr beynəlxalq hüquq norma və prinsiplər əsasında normallaşmalıdır", - Prezident qeyd edib.
“BİZ BU ÜÇ AYIN YEKUNLARINI KEÇƏN İL ƏLDƏ EDİLMİŞ UĞURLARIN DAVAMI KİMİ QİYMƏTLƏNDİRMƏLİYİK”
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın malik olduğu imkanlar işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərinin miqyasından da aydın görünür. Cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə tarixi Zəfərimizdən ötən dövr ərzində görülən işlərin və qarşıdakı dövrün hədəflərinin təqdimatı kimi dəyərləndirilir. Qələbədən sonra işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa və quruculuq işlərinin miqyası ölçüyəgəlməzdir. İnfrastrukturun yenilənməsi, bu ərazilərin elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi, yeni avtomobil yollarının çəkilişi, beynəlxalq stanartdara cavab verən Füzuli aeroportunun açılışı və bu il üçün Zəngilan Beynəlxalq Hava Limanının istifadəsinin nəzərdə tutulması, bunlarla bərabər Laçın hava limanının tikintisi, bu torpaqların malik olduqları su ehtiyatından səmərəli istifadə etmək üçün mühüm addımların atılması, şəhərlərin baş planlarına uyğun olaraq yaşayış komplekslərinin təməlinin qoyulması, sosial infrastrukturun bərpası və sair kimi tədbirlər, onların uğurlu nəticələri qarşıdakı dövrün aydın mənzərəsini yaradır.Dövlət başçısı müşavirədə bu mühüm məqamı da qeyd etmişdir ki, şəhərlərlə paralel olaraq kəndlərin də baş planları hazırlanacaq və kompleks tədbirlər həyata keçiriləcək. İşğaldan azad edilmiş ərazilərimiz "ağıllı şəhər" və "ağıllı kənd" strategiyası əsasında bərpv edilərək müasir dövrün bütün yeniliklərini özündə əks etdirir. Bu il "ağıllı kənd" layihəsi çəçivəsində ilk pilot layihə kimi bərpa olunan Zəngilanın Ağalı kəndləri sakinlərini qarşılayacaq. Həmçinin Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır.
“KƏND TƏSƏRRÜFATI QARŞISINDA DURAN ƏSAS VƏZİFƏ BU SAHƏNİ YÜKSƏK TEXNOLOJİ SAHƏYƏ ÇEVİRMƏKDİR”
Son illərdə dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. “Kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir” söyləyən ölkə Prezidenti bildirib ki, ən müasir texnologiyalar tətbiq edilməlidir. Xarici mütəxəssislər cəlb edilməlidir. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir.Dövlət başçısı onu da vurğulayıb ki, biz bir neçə məqsədi güdürük: "Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq”.
“Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurumuruq” söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda, bildirib ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır.Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, bu siyasət davamlıdır, bunun üçün siyasi iradə və ölkənin kifayət qədər maliyyə imkanı var və ölkəmizdə sosial firavanlığın təminatı istiqamətində mühüm addımların gələcəkdə də davam edəcəyinə əminlik yaradır.
RƏFİQƏ KAMALQIZI