Torpaqlarımızın işğaldan azad edilməsindən, tarixi ədalətin bərpasından sonra dünya azərbaycanlılarını bir araya gətirən ilk qurultay məhz Zəfər Qurultayı oldu, bu da bir tarixi hadisə olaraq yaddaşlara, eyni zamanda Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldı. Ona görə qızıl hərflərlə yazıdı ki, Zəfər Qurultayı sözün əsl mənasında əhəmiyyəti ilə diqqəti cəlb etdi və bütün dünya azərbaycanlılarının bir daha bir araya gəlməsinə, davamlı olaraq birgə fəaliyyət göstərərək milli maraqlardan çıxış edilməsinə, Azərbaycan həqiqətlərinin bütün dünyada çatdırılmasına, ölkəmizin mənafeyinin qorunmasına daha bir güclü təkan oldu.
Dünya Azərbaycanlılarının V Qurultayının Zəfər Qurultayı adlandırılması da, bu qurultayın Şuşada keçirilməsi də təsadüfi deyildi. Bütün bunlar sözsüz ki, özündə rəmzi mənalar daşıyırdı və bunu təkcə azərbaycanlılar deyil, ümumlikdə dünya ictimaiyyəti də yaxşı başa düşür. Başa düşür ki, bu qurultay iştirakçılarının məhz Zəfər Yolundan keçərək Şuşaya toplaşması özü də çox dərin məna, böyük rəmzi məna daşıyır və bu o deməkdir ki, zəfər, qələbə Azərbaycan xalqınındır və biz öz qələbəmizi hər zaman fəxrlə qeyd edirik.
Sözsüz ki, 65 ölkədən olan 400-dən çox diaspor nümayəndəsinin və qonağın iştirak etdiyi qurultayın əhəmiyyətindən danışdıqca bitən deyil. Bu qurultay bir çox istiqamətdə böyük əhəmiyyət kəsb edir və bunların bir neçəsi daha önəmlidir. Əvvəla, nəzərə almaq lazımdır ki, Qarabağ münaqişəsi artıq keçmişdə qalsa belə bu barədə infirmasiya müharibəsi davam edir və ermənilər çox hiyləgər addımlar atmaqdan heç çəkinən deyil. Bu baxımdan informasiya müharibəsində də qələbə qazanmağının olduqca önəmlidir. Elə bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, bu önəmli, vacib işi layiqincə yerinə yetirmək üçün Zəfər Qurultayı əvəzsiz bir tarixi hadisə oldu, çünki Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında dünya azərbaycanlılarının rolu olduqca həlledici ola bilər və bu mənada qurultayın rolu danılmazdır.
Erməni vandalizmi və onun Qarabağdakı əyani izləri, Azərbaycanın başladığı yenidənqurma və bərpa işi, eləcə də ölkəmizdəki investisiya mühiti, Qarabağ və Şərqi Zəngəzurun potensialı barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması olmaqla xüsusilə üç istiqamət üzrə informasiya dalğasına indiki halda böyük ehtiyac olduğu bir reallıqdır. Həm də çox əhəmiyyətlidir. Məhz bu baxımdan sözügedən qurultayın olduqca əhəmiyyətli olduğu zərrə qədər şübhə doğura bilməz. Çünki, dünya ictimaiyyətinin erməni vandalizmi ilə daha yaxından tanış olması da, işğaldan azad etdiyimiz ərazilərdə ölkəmizin yenidənqurma və bərpa işləri aparmasının çatdırılması da, Qarabağ və Şərqi Zəngəzurun potensialı barədə məlumatlandırılması da ən ümdə vəzifələrdəndir və məhz milli maraqlarımız hesab olunur. Təsəvvür edək ki, ən azı 65 ölkədə hakimiyyət, elm, media, biznes və digər mühüm dairələrlə təmasda olan həmvətənlərimiz bu məlumatları daha geniş auditoriyaya çatdırmış olduqları halda bu, ölkəmizin həqiqətlərinin, yaratdığı reallıqların necə sürətlə yayılmasına təkan verəcək. Əlbəttə ki, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvə hesab olunur və məhz azərbaycançılıq ideyasının daha da vüsət alması üçün onların rolu danılmazdır. Bu baxımdan da onların fəaliyyəti dövlətimizin daha da güclənməsi deməkdir və şübhəsiz ki, bu fəaliyyətə daha böyük hərəkətverici stimulun da Zəfər Qurultayı olduğu heç kimdə şübhə döğura bilməz.
Daha bir incə məqama diqqət etmək lazım gəlir və bu da ondan ibarətdir ki, qurultay işini postmüharibə dövründə Azərbaycan Diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı, yol xəritəsi, Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan Diasporunun tövhələri mövzusundan panel iclasları ilə davam etdirmiş oldu və bu məqam da məhz Zəfər Qurultayının milli maraqların daha da möhkəm qorunmasına, müdafiə edilməsinə töhvə verəcəyini təsdiqləyir. Xüsusilə qurultayın Şuşada keçirilməsi daha bir mesajdır və bu, Şuşanın Azərbaycana məxsus olması mesajıdır. Zəfər Qurultayının keçirilməsi üçün Azərbaycanın Mədəniyyət Mərkəzi olan Şuşanın seçilməsi həmçinin böyük bir addımdır və onu göstərir, onu bəyan edir ki, bu mədəniyyət Azərbaycana, Türk dünyasına məxsusdur. Xüsusilə bu mesaj həmin mədəniyyəti yox etmək, yaxud mənimsəməyə cəhd etmək istəyənlər üçün olduqca təsirli oldu və işğalçılığı dövlət siyasəti kimi qəbul edənlər bu həqiqətlər qarşısında çarəsiz olduqlarını yaxşı başa düşürlər.
Cəsarətlə deyə bilərik ki, Zəfər Qurultayı qarşıda duran milli hədəflərimizin təsbit edilməsi istiqamətində əvəzsiz bir hadisə oldu. Çünki, bu qurultay daha güclü bir Azərbaycan dövləti görmək istəyənlər üçün geniş imkanlar açdı. Regiaonda və dünyada sözü eşidilən bir ölkə kimi bundan sonra da uğurlara imza atmağımız üçün Zəfər Qurultayı əlamətdar hadisə kimi yadda qaldı. Ölkəmizin yaratdığı reallıqların bütün dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın, eləcə də regionun, xüsusilə işöaldan azad edilən ərazilərin potensialı barədə məlumatlandırma hər zaman öz aktuallığını qoruyur və bu baxımdan da sözügedın qurultay hər birimiz üçün xüsusi önəm kəsb edir.
Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, qloballaşmanın ciddi vüsət aldığı bir məqamda milli identifikasiyanın qorunması olduqca vacib şərtdir və bu mənada da Zəfər Qurultayı çox əhəmiyyətli oldu. Əvvəla, qurultayın Şuşada, Azərbaycanın Mədəniyyət Mərkəzində keçirilməsi mədəniyyətimizə bağlılığımızı təsdiq edir. Digər tərəfdən də bu məqam, bundan sonrakı nəsillərə də öz mədəniyyətinə bağlı olmasını tövsiyyə edir. Mədəniyyətimizin unudulmayacağına, qorunacağına əminliyimizi bəyan etməyimiz baxımından da bu qurultay xüsusən əhəmiyyətli sayılır və bizə aid olanı, bizim mədəniyyətimizi bundan sonra kimsənin oğurlamaq arzusunun ürəyində qalacağını təsdiqləyir.