Yeni cəbhə xətti - Yaponiyadan Finlandiya-İsveçə qədər
Üçüncü Dünya müharibəsi riskinin getdikcə artığı və hətta nüvə müharibəsinin olacağı barədə Rusiyanın xəbərdarlığı Yaponiya hökumətini qorxuya salıb. Gündoğar ölkə Rusiya ilə dəniz sərhədinə hərbi gəmilər toplamağa başlayıb. Ukraynada 15 min əsgərini və 500-dən çox tankını itirən Rusiya dünyanı Üçüncü Dünya Müharibəsi ilə təhdid edib və hətta president Vladimir Putin bu müharibənin dəqiq tarixini də açıqlayıb…
ABŞ-ın təşkilatçılığı ilə Avropanın ən güclü iqtisadiyyatına sahib Almaniyada çox kritik bir toplantı baş tutub. Ramstein aviabazasında ABŞ və 40-dan çox müttəfiqinin müdafiə nazirləri səviyyəsində keçirilən toplantıda Ukraynaya hərbi yardımı müzakirə ediblər. ABŞ-ın müdafiə naziri Lloyd Austin bazar günü Kiyevə etdiyi səfər barəsində açıqlama verərək bildirib ki, Rusiya o qədər zəifləyib ki, bir daha başqa ölkələri işğal edə bilməz.
Birləşmiş Ştatlar bazar ertəsi günü Ukraynaya yeni 713 milyon dollarlıq silah yardımı elan edib. Bununla da Vaşinqtonun fevralın 24-dən Rusiyanın başlatdığı müharibədə Ukraynaya göndərilən hərbi yardım təxminən 4 milyard dollar çatıb. Müharibədən əvvəl Ukraynaya silah göndərməkdən imtina edən Almaniya fevralın 24-dən etibarən siyasətində xeyli dəyişiklik edib və əlindəki silahları Ukraynaya göndərməyə başlayıb. Alman mediası rəsmi Berlinin Ramşteyn bazasındakı görüşdən əvvəl aldığı yeni qərarı yayıb.
“Sueddeutsche Zeitung” qəzetinin xəbərinə görə, Almaniya Rusiyaya qarşı istifadə edilmək üçün Ukraynaya “Gepard” tipli tanklar göndərəcək. Qəzet yazıb ki, Almaniyanın müdafiə naziri Kristin Lambrext müttəfiqlərə “Gepard”ları Ukraynaya göndərməyi təklif edib.

Almaniyanın “DPA” xəbər agentliyi rəsmi Berlinin Ukraynaya “Gepard” tipli tankların göndərilməsi üçün yaşıl işıq yandırdığını bildirib. Xəbərə görə, hökumət müdafiə sənayesi şirkəti “Krauss-Maffei Egmann”-a Almaniya ordusunun inventarında olan texniki cəhətdən yenilənmiş “Gepard” tanklarını satmağa icazə verəcək. “DPA” icazə qərarının prinsipcə alındığını yazıb.
Həmçinin bildirilir ki, Almaniya Ukrayna əsgərlərinə artilleriya sistemləri üzrə təlim keçməkdə Hollandiya və ABŞ-a dəstək verəcək. 1970-ci illərdə hazırlanmış və pulemyotlarla təchiz edilmiş “Gepard” tankları əvvəlcə hava hücumlarına qarşı hazırlansa da, həm də yer hədəflərini vura bilir.
Almaniya hökuməti dünən təsdiqləyib ki, Almaniyanın müdafiə sənayesi şirkəti "Rheinmetall" Ukraynaya 100 ədəd “Marder” tipli zirehli döyüş maşını ixrac etmək üçün hökumətə müraciət edib. Hökumət sözçüsü Steffen Hebestreit ixrac icazəsi ilə bağlı qərarın "tezliklə" veriləcəyini açıqlayıb.
Almaniya kansleri Olaf Şolz Rusiyanın hücumuna məruz qalmış Ukraynaya haubitsa və tank kimi ağır silahlar göndərməkdən çəkindiyi üçün həm ölkə daxilində, həm də xaricdə tənqid edilirdi.
Rusiyaya qarşı ən sərt siyasəti ilə tanınan İngiltərənin müdafiə naziri Ben Uolles Ramşteynə yola düşməzdən əvvəl Ukraynaya "Stormer" zirehli maşınlarını göndərəcəklərini açıqlayıb. Britaniyalı nazir Ukraynada 15 min rus əsgərinin öldürüldüyünü, 530-u tank olmaqla 2 mindən çox zirehli texnikanın məhv edildiyini bildirib. Britaniya kəşfiyyatının məlumatına görə, vurulan Rusiya döyüş təyyarələri və helikopterlərinin sayı 160-dır.
Bazar ertəsi Ukraynada 5 qatar stansiyasına havadan zərbələr endirən Rusiya törətdiyi bu aksiyaya açıqlama verib. Bildirib ki, sözügedən qatarlar Qərb ölkələrinin göndərdiyi silahların daşınması üçün istifadə edilirdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov nüvə müharibəsi təhlükəsinin real olduğunu deyərək dünyanı şoka salıb. Rusiya televiziyasına danışan Lavrov Üçüncü Dünya müharibəsi riskinin hazırda kifayət qədər yüksək olduğunu bildirib və ABŞ və müttəfiqlərindən Ukraynaya silah göndərilməsini dayandırmağı tələb edib.
Rusiyanın baş diplomatı NATO müttəfiqlərinin əsasən Rusiya ilə müharibə apardığını iddia edərək bildirib ki, təhlükə realdır, ciddidir və sakit qəbul edilməməlidir. Rusiya xarici işlər naziri həmçinin NATO üzvlərinin Ukraynaya göndərdiyi silahların Moskva üçün hədəf olacağını bir daha vurğulayıb və “müharibə müharibə deməkdir” ifadəsini işlədib: “Əgər NATO faktiki olaraq Rusiya ilə Ukrayna adlı vəkili vasitəsilə müharibəyə gedirsə, o zaman müharibədə nə etmək lazımdırsa, ediləcək”.
Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Heappi Lavrovun meydan oxuyan sözlərinə cavab verib və Ukraynada müharibənin tezliklə qızışacağını gözləmədiyini bildirib.
Lavrova daha bir cavab Ukraynanın xarici işlər naziri Dmitro Kulebadan gəlib. Rusiyanın Qərbi 3-cü Dünya müharibəsi təhlükəsi ilə Ukraynaya kömək etməmək üçün qorxutmağa çalışdığını vurğulayan Kuleba “Rusiyanın III Dünya müharibəsi təhlükəsindən danışmasının tək bir məqsədi var, Moskva Ukraynada məğlub olacağını hiss edir”, deyib.
Bu arada Rusiya Kuril adaları ilə bağlı mübahisə həddində olduğu Yaponiyaya xəbərdarlıq edən bəyanat yayıb. Moskva ABŞ və Yaponiyanın birlikdə keçirəcəyi dəniz manevrinin geniş vüsət alacağı təqdirdə buna sərt cavab verəcəyini bəyan edib.
Xarici işlər nazirinin müavini İqor Morqulov Rusiya sərhədləri yaxınlığında keçirilən sözügedən təlimin təhlükəsizlik problemi yaratdığını və gərginliyi artırdığını bildirib: "Biz Yaponiya tərəfində ölkəmizin təhlükəsizliyini təhdid edən bəzi fəaliyyətlər görürük. Biz diplomatik kanallarla Tokioya birbaşa xəbərdarlıq edirik".

Rusiyanın qərbində 1340 kilometr quru sərhədi olan Finlandiya ilə digər bitərəf qonşusu İsveç Rusiyanın Ukraynaya təcavüzündən sonra NATO-ya qoşulmaq üçün eyni vaxtda addım atmağa qərar veriblər. Yerli mətbuat yazır ki, iki Skandinaviya ölkəsi may ayında NATO-ya üzv olmaq istədiklərini birgə elan etmək istəyirlər.
Finlandiyanın “İltalehti” qəzeti yazıb ki, baş nazirlər Sanna Marin və Maqdalena Andersson mayın 16-da görüşəcək və alyansa üzvlük üçün müraciəti açıqlayacaqlar. Finlandiyanın xarici işlər naziri Pekka Haavisto “İltalehti”dəki xəbərləri şərh etməkdən imtina edib, lakin iki ölkənin oxşar seçimlər etməli olduğu fikrini təkrarlayıb.
İsveçin “Aftonbladet” qəzeti Stokholm və Helsinki administrasiyalarının NATO qərarını eyni vaxtda elan edəcəyini yazıb. “Aftonbladet”-ə danışan mənbələr bildiriblər ki, ABŞ və İngiltərə İsveçə Rusiya təhlükəsinə qarşı müraciət prosesi zamanı hərbi mövcudluğunu və güclü siyasi dəstəyi artıracaqlarına söz veriblər.
Rusiya İsveç və Finlandiyanın NATO-ya qoşulacağı təqdirdə Baltik regionunda nüvə silahı yerləşdirəcəklərini açıqlayıb. Moskva əvvəlki açıqlamalarında da “texniki hərbi” tədbirlərin görülməsindən danışıb və iki ölkənin NATO-ya üzvlüyünün ağır nəticələrinin olacağını qeyd edib.
Aprelin 13-də Rusiya ordusunun Finlandiya sərhədinə və Finlandiya körfəzinə raket sistemləri daşımasının videoları yayımlanıb. Video çəkilişdə Helsinki işarəsi də aydın görünüb.
Finlandiya yaxınlığında qeydə alınan raketlər “K-300P” və “Bastion-P” portativ müdafiə sistemləri olub. Qurudan gəmilərə və ya təyyarələrə atılan raketlərin məsafəsi 1000 kilometrə çatır. Raketin havadakı sürəti saatda 3 min kilometri keçir.
Həmin gün İsveçə səfər edən Finlandiyanın baş naziri Sanna Marin NATO-ya üzvlüklə bağlı qərarın bir neçə həftə ərzində veriləcəyini bildirib. Alyansa daxil olub-olmamağı ciddi şəkildə düşünəcəklərini bildirən Marin bildirib ki, əməliyyat kifayət qədər sürətli olacaq, bir neçə həftəyə reallaşacaq.
Finlandiya Rusiya ilə 1300 kilometrlik sərhədə malikdir. 1939-cu ildə Stalin ordularının işğalı zamanı Rusiyaya böyük itkilər verən tarixən neytral ölkə olan Finlandiya nəzəri cəhətdən təhlükəsiz ölkədir. Ölkənin NATO-ya üzvlüyü heç vaxt dəstək qazanmayıb. Lakin Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü işğalın ilk günlərində Finlandiya və İsveçin NATO-ya daxil olmasının ciddi hərbi nəticələri olacağını açıq şəkildə xəbərdar etməsi bu ölkələrdə şok dalğası yaradıb. O vaxtdan bəri Rusiya aid döyüş təyyarələri İsveçin hava məkanını dəfələrlə açıq şəkildə pozub.
Bu gün NATO-ya üzvlük məsələsi Finlandiyada əvvəlkindən daha yüksək dəstək qazanıb. İki finlandiyalının internetdə başlatdığı petisiya gün ərzində on minlərlə imzaya çatıb və təklif Finlandiya parlamentində müzakirə olunub.
Bəli, Rusiyanı dünyanın hər yerində gözləyirlər, həm Finlandiya və İsveç, həm də Yaponiya hədəf olmaqdan yayınmaq üçün müxtəlif addımlar atırlar. Amma bu, Ukraynadakı məğlubiyyətindən qəzəblənən Rusiyanı – “Şimal Ayısı”nı durdurmağa bəs edəcəkmi?
V.VƏLİYEV