“Kapitulyasiya aktı imzalandıqdan sonrakı mərhələlərdə keçirilən üçtərəfli görüşlər zamanı da sərhədlərin müəyyənləşdirilməsi, Zəngəzur dəhlizinin açılması kimi istiqamətlərdə, eyni zamanda Qarabağda olan Ermənistan silahlı qüvvələrinin oradan birdəfəlik Ermənistana aparılması və s. məsələlərin həlli nəzərdə tutulmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aqil Məmmədov bildirib.Onun sözlərinə görə, nəzərdə tutulmuş məsələlərin həlli ilə əlaqədar qarşı tərəf heç bir iş görmür: “Son zamanlar Brüssel görüşündə, eyni zamanda Paşinyanın Moskva səfərindən sonra bir çox məsələlərə münasibət bildirilsə də sərhədlərin müəyyənləşdirilməsi, sülh sazişinin bağlanması istiqamətində addımların atılması ilə bağlı konkret mövqe bildirilməyib. Bu müddət ərzində bir çox ərazilərdə Ermənistanla Azərbaycan sərhədləri arasında qeyri-qanuni ermənilərin silahlı birləşmələri tərəfindən Azərbaycan tərəfə qanunsuz silahlı basqınlar olmuşdur. Azərbaycan ordusu təbii ki, bunların qarşısının alınması ilə bağlı tədbirlər həyata keçirib.Son zamanlar Zəngilan istiqamətində sərhədləri ermənilərin təxribat-diversiya qruplarının keçməsi, onların yenə də öz niyyətlərindən, çirkin əməllərindən əl çəkmədiklərini göstərir. İl yarım öncə ağ bayraq qaldırmaları, diz çökmələri və kapitulyasiya sənədinə imza atmaları onların nə qədər çıxılmaz vəziyyətdə olduqlarını göstərsə belə, yenə də ermənilər öz xislətlərindən əl çəkmirlər. Belə hesab edirəm ki, onlara yetərincə humanistlik göstərilib.İndi isə sərhədlərlə bağlı sülh sazişinin imzalanması vacibdir. Amma Ermənistan rəhbərliyi bununla əlaqədar məsələlərə baxmaqdan qaçır. Burada bir neçə səbəb ola bilər. Birincisi hərbi nazirlik hökümət rəhbərliyinə tabe olmur. Əgər tabe olmursa, niyə heç bir açıqlama verilmir və yaxud da tədbir görülmür. Belə görünür ki, onlar hələ də sülh sazişinin imzalanmasını müxtəlif yollarla uzatmağa çalışırlar. Düşünürəm ki, artıq Ermənistan tərəfi öz mövqeyini qəti şəkildə göstərməli və sülh sazişi imzalanmalıdır. Əgər heç bir addım atmasa, Azərbaycan özü bununla bağlı konkret addım atacaq və bu məsələlərin həllini öz gücü hesabına təmin edəcək”.
Müəllif: Səbinə Hüseynli