PDF Oxu

Siyasət

  • 2 242

Nur və şəfqətlə dolu ziyalı ömrü – ZƏRİFƏ XANIM ƏLİYEVA - TƏHLİL

image

Qadın Tanrının cəmiyyətə bəxş etdiyi müqəddəs varlıqdır. Qadın ana, bacı, həyat yoldaşı, dost, məqam yetişəndə silahdaşdır. Deyirlər, qadın əsrarəngiz bir yaradılış nümunəsidir. Əbəs yerə deyilmir ki. "Cənnət anaların ayaqları altındadır". Bəli, o anaların ki, öz nuru, işığı ilə ətrafı zinətləndirir, dünyaya yeni bir dünya bəxş edir. Qəlbi, əməlləri ilə bu dünyanın əbədi sakininə çevrilir. Cismani yoxluq belə nurlu, istedadlı insanları aramızdan yox edə bilmir. Gözəl niyyət, gözəl əməl, əqidə sahibinə malik insanlar bizim əbədi yol yoldşımıza, müasirimizə çevilirlər. Zaman ötdükcə onların bu əmək və istedadı, vətənpərvərlik duyğuları, elə-obayaya bağlılığı daha aydın görünür.

Haqlı olaraq Azərbaycan ziyalıları, alimləri ilə öyünür və dünyaya inteqrasiya prosesində mükəmməl nümunələr təqdim olunur. Bu gün qeyri-adi peşəkarlığı ilə şöhrətlənən, dünya oftamologiya elminə töhfələrini verən, böyük qəlbli insan, nəcib qadın Zərifə xanım Əliyevanın doğum günündə həyat və elmi fəaliyyətini bir daha nəzərdən keçirərkən öz əməli fəaliyyəti ilə minlərlə insanın gözünə nur verərək, onlara bu dünyanın gözəlliyini görmək kimi böyük xoşbəxlik bəxş etmiş gözəl və nurlu bir insan obrazı canlanır. Həyat yolu Zərifə xanımın ömrünə elə naxışlar, izlər salmışdır ki, onların hər biri böyük zəhmət və istedadın təcəssümüdür. Hər insan əməli fəaliyyətində bu səadətə – insanlara nur bəxş etmək səadətinə qovuşa bilmir. Təbii ki, böyük istedad, zəhmət və geniş qəlb insanı bu yüksəkliyə ucalda bilir. Gərgin əməyi ilə uzun illər elmi nailiyyətlərə imza atan Zərifə xanım elm aləmində nadir istedadlı şəxsiyyət kimi tanınır. O, elmə gətirdiyi yenilik və çəkdiyi zəhməti ilə dünya oftamologiya elmində öz möhrünü vurub. Elm aləmində nadir istedadlı elə şəxsiyyətlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmətin tam həcmi zaman və elmi təfəkkür inkişaf edib zənginləşdikcə aydın dərk edilir. Xeyirxahlıq, Ziyalılıq, Analıq simvoluna çevrilən akademik Zərifə xanım Əliyevanın həyat yolu, fəaliyyəti də belə aydın və işıqlı görünür.

ÇOXCƏHƏTLİ VƏ ZƏNGİN HƏYAT FƏLSƏFƏSİ

Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan böyük oftalmoloq, Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümüdür. Alimləri sabaha inamla, gələcəyə ümidlə yaşamağa ruhlandıran mənəviyyatca pak və nəcib insan, görkəmli şəxsiyyət olan Zərifə xanımın müqəddəs xatirəsi, ülvi insani kefiyyətləri, elmi fəaliyyəti təkrarsız bir insan olaraq hər zaman xatırlanır. Təsadüfi deyildir ki, Onun seçdiyi sənət də, mənalı ömür yolundakı yorulmaz fəaliyyəti də insanlara nur bəxş etmək olub. O, elm sahəsində elə bir yüksək zirvədədir ki, zaman-zaman öyrəniləcək və tədqiq olunacaq məktəbdir. Özü də yaşadığı illərdə araşdırmalar aparmış, elmi zəkası ilə gəldiyi qənaətlər və nəticələr böyük uğurlara yol açmışdır. Bu uğur bir şəxsin olmuş olsa da, bundan minlərlə, milyonlarla insan bəhrələnmişdir. Beynəlxalq aləmdə cəm olunaraq, bir araya gələn alimlərin müzakirə obyektinə çevrilən elmi nailiyyətləri Azərbaycan səhiyyəsinin dünyaya nüfuz etməsinə gətirib çıxardı. Azərbaycan və Rusiya alimləri arasında əməkdaşlığın təməlini qoyan, oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan və bütövlükdə, elmin bu sahəsinin inkişafına qiymətli töhfələr verən Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi çoxcəhətli və zəngindir.
Şərəfli bir ömür yaşayan Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan MR-in Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açıb. Uşaqlığı bu kənddə keçsə də, sonradan onlar ailəliklə Bakıya köçüblər. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və institutu əla qiymətlərlə bitirir. Bu elə bir zaman idi ki, Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Bu xəstəliyə qarşı təsirli müalicə üsulları yox idi. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Lakin işin çətinliyinə və məsuliyyətinə baxmayaraq, o, tezliklə böyük uğurlar əldə edir. Zərifə xanım Əliyevanın bu istiqamətdə apardığı tədqiqatlar 1960-cı ildə uğurla müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil edir. Traxoma xəstəliyinin müayinəsi və müalicəsi işləri ilə yanaşı, Zərifə xanım oftalmologiya elminin bir sıra aktual məsələlərinə də böyük əhəmiyyət verirdi.

"ALİM KİMİ ZƏRİFƏ XANIM ÇOX BÖYÜK ZİRVƏLƏRƏ ÇATA BİLMİŞDİR"

Zərifə xanım "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində, H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Onun dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Öz həyatını tibb elminə bağlayan Zərifə xanım mərhələ-mərhələ buna nail olub. Elmi tədqiqatarın nəticəsi olaraq Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən "Şin istehsalında gözün peşə patologiyası", "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" monoqrafiyalarını çap etdirməyə nail olur. "Xroniki yod intoksikasiyasında oftalmologiya" mövzusunda yazdığı növbəti monoqrafiya 1981-ci ildə işıq üzü gördü. Elə həmin il oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Qeyd olunmalıdır ki, professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində Zərifə xanım haqqında deyirdi: "Zərifə xanım, sözün əsl mənasında, böyük həkim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Eyni zamanda, insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsalatlarda onun laboratoriyaları fəaliyyət göstərmişdir. Bu laboratoriyalarda bir tərəfdən insanların sağlamlığına zərərli istehsalların təsiri öyrənilmiş, eyni zamanda, xəstələrin müalicəsi də təşkil edilmişdir. Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir."

ZƏNGİN ELMİ İRSİ AZƏRBAYCAN TİBB ELMİNİN PARLAQ SƏHİFƏSİDİR

Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi. Onun daktriologiyadan bəhs edən - "Göz sulanmasının fiziologiyası", "Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi" monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edir. Onu da xüsusi olaraq vurğulayaq ki, Zərifə xanım xəstəliyin diaqnostikasının yeni istiqamətdə inkişafını ilk dəfə tədqiq edən alimlərdəndir və bu mövzuya bir sıra elmi məqalələr həsr etmişdir. "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərin müəlliflərindən biridir.
Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilən Zərifə xanım ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi. Elmi və ictimai fəaliyyəti diqqətdən kənarda qalmamış və dünya oftalmologiya elminin tanınmış simaları Onun haqqında tarixi sözlər demişlər. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun direktoru, professor Nazim Əfəndiyevin, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, dövlət mükafatı laureatı A.Nesterovun, tibb elmləri doktoru, professor Z.Skripinçenkonun, Sankt-Peterburq Gigiyena İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri, professsor A.N. Dobromislovun və başqalarının yazılarında alimin şərəfli, zəngin elmi fəaliyyətinin nailiyyətərindən danışılır. Zərifə Əliyevanın zəngin pedaqoji, elmi və əməli təcrübəsi "Oftalmologiyanın aktual məsələləri" monoqrafiyasında (professor N.B.Şulpina və L.F.Moşetova ilə birlikdə) öz əksini tapıb.
Bəli, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Zərifə xanım Əliyeva tibb elminə və praktikasına, yüksək ixtisaslı tibbi kadrların hazırlanmasına da əvəzsiz töhfələr vermişdir. Onun çoxcəhətli elmi fəaliyyətinin nəticələri 130-dan artıq əsərdə, o cümlədən 5 monoqrafiyada, həkimlər üçün bir sıra dərs vəsaitlərində, sənayenin müxtəlif sahələrində göz zədələrinin profilaktikasına dair metodik tövsiyələrdə öz əksini tapmışdır.
Zərifə Əliyeva həkimlik etikası ilə bir nümunə idi. Zərifə xanım öz həmkarlarına da həmişə tövsiyə edirdi ki, insana tibbi yardım göstərmək, sağlamlığı uğrunda mübarizə aparmaq onu özünə qaytaran əsl humanist xidmətdir. Bu, Zərifə xanımın təbabət fəlsəfəsinin başlıca qayəsi olub. Həkimin başlıca peşəsi müalicə kursunu müəyyənləşdirməklə yanaşı, xəstəyə insani dəyərlər prizmasından yanaşmaq, onun şəxsiyyətinə dərin ehtiram göstərməkdir ki, bu da Zərifə xanım Əliyevada özünü açıq-aydın biruzə verirdi.

"HƏRTƏRƏFLİ İSTEDADLI BİR İNSAN İDİ VƏ BƏZİLƏRİ ÜÇÜN O, NECƏ DEYƏRLƏR, SON ÜMİD YERİ, ÜMİD ÜNVANI İDİ"

Zərifə xanım işinin gərginliyinə baxmayaraq həmişə bir qadın olaraq mülayimliyi ilə, həssalığı, insanlara mehriban və qayğı ilə yanaşması ilə seçilib. Özünün insani təravəti, səmimiliyi, başqalarının kədərinə yanması və köməyinə çatması, ən ağır anlarda insana dayaq durması məxsusi dəyərləri sırasında hallanır. Cənab Prezidentin bildirdiyi kimi, heç vaxt heç bir sözü, addımı ilə göstərmirdi ki, onun cəmiyyətdə hansısa xüsusi statusu vardır və bu da təbiidir, əslində belə də olmalıdır: "Ancaq biz bilirik ki, bir çox hallarda belə deyil və müəyyən statusa malik olan insanlar, yaxud da ki, onların yaxınları özləri üçün xüsusi imtiyazlar tələb edirlər. Zərifə xanımın bu sahədəki hərəkətləri, davranışı da nümunə olmalıdır. Zərifə xanım çox yüksək mədəniyyətə malik olan, çox istedadlı, bilikli insan idi. Nəinki öz peşəsində, eyni zamanda, hərtərəfli istedadlı bir insan idi və bəziləri üçün o, necə deyərlər, son ümid yeri, ümid ünvanı idi". Bəli, bu keyfiyyətləri, peşəkarlığı, ictimai fəallığı ilə Zərifə xanım Əliyeva yüksəkdə dayanır və zaman-zaman xatırlanaraq, fəaliyyətinə nəzər yetirilir. Bu həyat yoluna nəzər saldıqda bitib-tükənməyən arzulara doğru yol açan ömrün gözəlliyi diqqəti cəlb edir. Bir ana, tədqiqatçı, həkim, alim kimi yüksəkliklərdə dayanır. Zərifə xanımın zərif duyğuların vəhdətində Azərbaycan xanımına məxsus olan çalarlı ömür və fəaliyyəti yazılı salnamələrdə əks olunur. Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım elmi fəaliyyəti ilə yanaşı, valideynlərinə layiqli bir övlad, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Zərifə xanım Əliyeva Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin Memarı və Qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş Dahi Şəxsiyyət Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və etibarlı silahdaşı olmuşdur.
Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi Ana adıdır. Qeyri-adi bir ana olan Zərifə xanımın övladlarına münasibəti də xüsusi olub. Övladlarını Ulu Tanrı tərəfindən bəxş olunan nur payı tək qəbul edib. Zərifə xanım Əliyeva cəmiyyət üçün böyük dəyərlərə malik övladlar tərbiyə edib. Bu, Onun fədakar ana olmasından irəli gəlirdi.

Əziz anam, şirin sözlü anam,
Qəlbin kövrək, eşqin solmaz bahar.
Gülər üzlü, qara gözlü anam,
hara getsəm gözün mənə baxar,
Ana qəlbin layla olar gəzər,
Doğma səsin ömrü-günü bəzər

Zərifə xanım qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olaraq cəmiyyətimizə layiqli övladlar böyüdüb. Ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan övladlar. Göründüyü kimi, Zərifə xanım şərəfli bir ömür yalukeçib. Bu ömür yolunda uğurlar və yüksəkliklər diqqətdən kənarda qalmır. Vətən keşiyində duran elmli, zəkalı ziyalı. Elm, ədalət, səxavət, səbr, həya, ismət kimi keyfiyətlər Onun həyat simvoluna çevirilib. Bu dəyərlər içərisində güclü, fədakar oldu. Azərbaycan tarixinə məxsusi dəyələri ilə iz saldı. Yaşanılan ömür yolunun sərlövhələri onu zamanımızın seçilən xanımı etməklə yanaşı, gələcək nəsillər üçün örnək olacaq bir simaya çevirdi. Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur.
Zərifə xanım Əliyeva yazıb-yaratdığı monumental əsərləri ilə, pedaqoqluq səriştəsi, təvazökarlığı, yüksək peşəkarlığı və milyonların qəlbində əbədi yaşayır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər